post-title

Hermann Hesse - Dil haqqında

Yazıçı dilin kasıb və mükəmməl olmamasından daha çox əziyyət çəkir, nəinki başqa şeylərdən. Bəzən onun dildən zəhləsi gedir, onu günahlandırır və lənətləyir, ən çoxu da özünü ki, belə yazıq vasitə ilə işləmyək üçün doğulub.

 

 
O, dili şimal qütbündən Afrikaya qədər bütün insanlara aydın olan, rənglərlə işləyən rəssam haqqında, və yaxud da qulaq asdıqda hər dəfə monoton melodiyadan tutmuş çox səsli orkestrə qədər, trubadan klarnetə qədər, skripkadan arfaya qədər çoxlu yeni, nadir, bir-birindən incə fərqlərə malik dillər aşılayan, bütün insan dillərində danışanların səs tonlarından istifadə edən musiqiçi haqqında həsədlə düşünür.  O, musiqiçiyə daha dərin və daimi, əsasən də ona görə həsəd aparır ki, musiqiçi öz dilinin yeganə sahibdir və o bundan musiqi bəstələmək üçün istifadə edir. Yazıçı isə həm məktəbdə tədris olunan, həm ticarətdə istfadə olunan, həm teleqram yazılan, həm də məhkəmədə işlədilən dildən istfadə etməlidir. Yazıçı necə də kasıbdır, öz sənəti üçün  şəxsi vasitəyə, şəxsi evə, şəxsi bağa, aya baxmaq üçün şəxsi pəncərəyə malik deyil, o hər şeyi gündəlik həyatla bölüşməlidir!    
 
"Ürək" deyəndə və insanda titrək canlı mövhumu, onun daxili varlığını və zəifliklərini nəzərdə tutmaqla, bu söz eyni zamanda  həm də bədəndəki əzələyə dəlalət edir. "Qüvvə" deyəndə yaqzıçı onun mühəndislikdə və elektrikdə işlədilən mənası ilə mübarizə aparmalıdır. "Xoşbəxtlik" dedikdə isə bu ifadədə nə isə teoloji bir mənanın gizləndiyi hiss olunur.   
 
Yazıçı elə bir sözdən istifadə edə bilməz ki, o eyni zamanda başqa bir mənaya ehtyam vurmasın, eyni nəfəsdə yad, maneəçilik törədən, arzuolunmayan təsəvvürlər yaratmasın, özlüyündə  əngəlləmələr və yüngül məna daşımasın və nazik divarlar arasında olduğu kimi,  sönmüş və boğulmuş səs buraxaraq öz-özünə məhv olmasın.
 
Əgər hiyləgər birisi malik olduğundan çox şey verə bilirsə, yazıçı heç vaxt belə hiyləgərliklər edə bilməz. O, malik olduğunun onda birini, heç yüzdə birini verə bilmir; oxucu onu səthi, uzaqdan-uzağa, belə təxmini anladıqda o çox şad olur,  ən azından əsas şeylərə münasibətdə kobud anlaşılmamazlıq olmasın. Bundan artığına o çox nadir hallarda çatır. Və hər yerdə, haradakı onu təriflərə və qınaqlara layiq görürlər, harada kı, onu sevirlər və ya inkar edirlər, söhbət onun düşüncələrindən və arzularından getmir, bu yalnız onun yüzdə birinin ensiz dil kanalı vasitəsilə oxucu qəlbinə daxil olan hissəsidir. Buna görə də, insanlar, sənətçilərin və ya yaradıcı gənclər qrupunun əzabverici qandalları sındıraraq yeni  ifadə və dil üslubundan istifadə etməsinə qarşı ölüm-dirim mübarizəsi qalxırlar. 
  
Adi vətəndaşlar üçün dil (onların zəhmətlə öyrəndikləri istənilən dil, yalnız söz toplumu yox) toxunulmazdır. İnsanlar üçün bütün ümumi və kollektiv əldə olunan, onun çoxları ilə imkan daxilində bölüşdüyü, ona heç zaman yalqızlıq, doğum və ölüm, həmçinin daxili “Mən” haqqında düşünməyə imkan verməyən hər şey toxunulmazdır. Vətəndaşlar da yazıçılar kimi dünya dili idealına malikdirlər. Amma vətəndaşların dünya dili heç də yazıçıların azuladığı kimi deyil; bu var-dövlət cəngəllliyi, sonsuz orkestr deyil; o zəhmətə, sözə və kağıza qənaət etməyə imkan verən və pul qazanmağa maneəçilik yaratmayan, sadələşdirilmiş teleqraf işarələri toplumundan ibarətdir. Axı yazıçılıq, musiqi bəstələmək və bu kimi peşələr pul qazanmağa mane olur! 
 
Adi vətəndaşlar incəsənət dili sayılan bir dili öyrəndikdə bununla kifayətlənirlər və incəsənəti anladıqlarını və əlçatan olduğunu düşünürlər, amma biləndə ki, onların zəhmətlə öyrəndikləri bu dil incəsənətin yalnız çox kiçik bir sahəsi üçün yararlıdır, onda özlərindən çıxırlar.
 
Bizim babalarımızın dövründə iddialı və savadlı insanlar olublar, onlar musiqidə Haydn və Mozart`la bərabər Beethoven`i də anlamağa qadir idilər. Düşünürdülər ki, zamanla ayaqlaşırlar. Ancaq Chopin, Wagner və Liszt gəldiyi zaman onlara daha bir yeni dil öyrənmək, yeniliyi iniqlabçı və gənclik ruhunda, çevik və sevinclə qəbul etmək  təklif etdikdə onlar  qaşqabaqlarını salladılar, incəsənətin tənəzzülündən və onların yaşamağa məcbur olduqları zamanın çətinliyindən danışdılar. Hal-hazırda minlərlə insanlar bu yazıqların günündədirlər. İncəsənət yeni simalar, yeni dillər yaradır, yenidən danışmağı və özünü ifadəni öyrənir, o dünənki və sırağagünkü dillərlə boğaza qədər doludur, o dildən başqa həm də rəqs etmək istəyir, bütün səddləri aşmaq istəyir, papağını bir dəfə də olsun tərsinə asmaq və ziqzaq yerimək istəyir. Və vətəndaşlar buna görə çox qəzəblidirlər, özlərini təhqir olunmuş hesab edirlər, öz dəyərlərinin köklərinə bağlılığına şübhəlidirlər, hər tərəfə söyüşlər yağdırır və şəxsi təhsil örtüyünün altında gizlənilər. Həmin bu nifrət və mənasız həyacan vətəndaşları azad etmir, onların daxilini təmizləmir, onların daxili narahatçılıqlarını və narazılıqlarını heç cür aradan qaldırmır. Vətəndaşlar haqqında şikayətlənməyə əsasları digərlərindən az olmayan sənət adamları isə əskinə olaraq öz qəzəbini, nifrətini, acısını yeni dilin axtarılması, yaradılması və öyrənilməsi yolu ilə ifadə edir. O, hiss edir ki, söymək heç nəyə yaramır və görür ki, söyən həmişə yanılır.   
 
Bizim dövrdə incəsənət adamı öz şəxsiyyətindən başqa digər ideala malik olmadığından, o özü olmaqdan başqa və yalnız ona təbiətin verdiyini demək və etməkdən başqa heçnə istəmədiyindən və arzulamadığından, o vətəndaşlara qarşı olan düşmənçiliyini imkan daxilində şəxsi, imkan daxilində gözəl, imkan daxilində dolğun ifadəyə çevirir, o öz qəzəbini ağzı köpüklü şəkildə demir, onun üçün yeni bir ifadə, yeni ironiya, yeni karikatura, yeni bir yol seçir, qurur və yoğurur ki, könül bulandıran və qıcıqlandırıcı hissləri könülaçana və gözəl bir şeyə çevisin.
  
Təbiətin necə də rəngarəng dilləri var, və insan nə qədər sonsuz sayda dillər yaratmışdır! “Sanskrit” və “Volapük” arasında xalqların yaratdıqları bir neçə min sadə qrammatikaya malik dillər haqqında danışmağa dəyməz. Sadədir, ona görə ki, bu qrammatikalar yalnız vacib olanlarla kifayətlənirlər, və vətəndaşlar öz aralarında  pul qazanmaq, çörək bişirmək və bu kimi şeyləri vacib sayırlar. Bu isə dilin inkişafına heç cür təkan vermir.
 
İnsan dili (mən qrammatikanı nəzərdə tuturam)  indiyə kimi bir pişiyin quyruğunun burulmasında, yaxud da cənnət quşunun öz toy paltarının gümüş tozu ilə yaratdığı çevikliyi və canlılığı, şövqü və lütfü əldə edə bilməyib. Buna baxmayaraq insan özünü qarışqa və ya arıya oxşatmayaraq, və özü-özlüyündə qalaraq cənnət quşunu da, pişiyi də və bütün digər heyvanları və ya bitkiləri də arxada qoyub. O, fikirləri və hissləri alman, yunan və ya italyan dilindən də  sonsuz dərəcədə daha yaxşı ötürə bilən dillər yaratmışdır. O, din, axitektura, rəssamlıq, fəlsəfə yaratmış, ifasındakı genişlik və rənglərindəki dolğunluq olan musiqi bütün cənnət quşları və kəpənəkləri arxada qoyur.
 
Mən "italyan rəssamlığı" haqqında düşünürəm və minlərlə zəngin xəyallar baş qaldırır, xorun oxuması və şirniyyatlar, müxtəlif çalğı alətlərinin lütfkar səslənməsi, sərin mərmər kilsələrin iyi gəlir, rahiblərin qızğın ibadətə əyildiklərini görürəm, və gözəl qadınların yumşaq təbiətin qoynunda şahanə hökmranlığını görürəm. Və yaxud da düşünürəm: "Şopen"-və gecə qısa və melanxolik mirvari səslərə qərq olunur, simin titrəməsində qərbçilikdə vətən iztirabları səslənir: əziyyət çəkən birisinin halının bütün elmi sözlərlə, rəqəmlərlə, əyrilərlə və düsturlarla ifadəsi ilə müqayisədə, burada şəxsi əzablar harmoniya və dissonanslarda daha ürəkdən, daha düzgün və dəqiq ifadə olunur.
 
Kim ciddi inanır ki, "Verter" və "Willhelm Meister" eyni dildə yazılıb? Jan Pol bizim məktəb müəllimlərimizin dilində danışırdı? Və bunlar hələ yazıçıdırlar! Onlar kasad və kövrək dil ilə, tamam başqa şey üçün nəzərdə tutulmuş alətlə işləmək məcburiyyətində idilər.  
 
"Misir" sözünü de, və sən daimi həyatı tam dərk edən və sonuncdan qorxaraq, güclü və şərəfli akkordlarla allahı tərifləyən dili eşidirisən: daşlaşmış baxışlarla faraonlar miliyon qulların üzərindən uzaqlara baxırlar və heç nəyə nəzər salmadan hey uzaqlara baxırlar, sanki yalnız ölümün qara gözlərinin içinə zilləniblər; elə bil yerdən çıxmış müqəddəs heyvanlar donublar; yalnız rəqqasların əlindəki lotus gülündən zərif iy gəlir. Bir kainat, sonsuz sayda dünyalarla dolu ulduzlu səma - yalnız bir "Misir" sözünün qüdrətini göstərir. Sən  arxan üstə uzanıb bütün bir ay boyu yalnız bu xəyalardan ayrıla bilməzsən.
 
Amma birdən sənin ağlına başqa şey gəlir. Sən "Renuar" adını eşidirsən və bütün dünyanın çəhrayı, işıqlı və sevincli dairəvi fırça izlərindən tərtib olunmasını görərək gülümsəyirsən. Deyirsən "Schopenhauer" və həmin dünya sonsuz gecələrdə iztirabları  ilahiləşdirən və ciddi sifətlə, cənnətə aparan sonsuz sakit, sonsuz sadə, qəmgin və çətin yolla irəliləyən, əzab çəkən insanın cizgilərinə çevrilir.  
 
Adi vətəndaş fantastla dəlini qarşı-qarşıya qoyur. Adi vətəndaş düz başa düşür: əgər o sənətçi, ilahiyyatçı, filosof kimi öz daxili varlığının dibinə çöksə, onun özü o saat dəli olar. Bizim bu daxili varlığın dibini qəlb və ya şüursuz adlandırsaq da, o bizim həyatımızdakı bütün hərkətlərin mənbəyidir. Normal vətəndaşların qəlbi və özü arasında bir gözətçi var- şüur, mənəviyyat, təhlükəsizlik idarəsi; və o qəlbinin dərinliyindən gələnləri qoruyucu idarələrin icazəsi olmadan qəbul etmir. Yazıçı isə öz qəlibinə yox, sərhəd idarələrinə etibar etmir, və gizli olaraq onun yanından keçərək "o tərəf" və "bu tərəfə" meyillənir, şüurlu və şüursuzluq arasında, sanki o hər iki evdədir. O, adi vətəndaşların yaşadıqları, məlum işıqlı tərəfə meyil edəndə, bütün dillərin kasıbçılığı onu sıxır, və onda yazıçı həyatı ona tikanlı gəlir. Əgər o digər tərəfə, qəlb dünyasına  qədəm qoyarsa, onda istənilən meh əsrarəngiz halda sözə çevrilir, ulduzarın musiqisi eşidilir və dağlar gülümsəyirlər, və dünya mükəmməldir, və burada ilahi dil mövcuddur, onun tərkibində bütün sözlər və hərflər var, burada hər şey ifadə oluna bilər, burada hər şeyin ahəngi var, burada hər şey azaddır.      
   
Almancadan tərcümə edən: Dr. Rezo Əliyev (Almaniya)
Kultura.Az
 
Yuxarı