Almaniyada uşaq orqanları alveri

Др. Резо АЛИЕВ

 

Çox axtarışdan sonra ATV kanalında ilişdim, elə bu anda xəbər proqramı başladı. Xəbərin maraqlı yerində nədənsə birdən aparıcının falı döndü. Keçdi Almaniyaya, nədən, anlamadım. Axı Eurovizion qurtarıb, digər “sirli” məsələlər artıq hamıya məlum olub, bu almanlar nə qələt eləmişdilər? Yadıma sala bilmədim. “Parni iz baku” tamaşalarında jurnalist rolunu oynayan qızın stilində danışmağa başlayan aparıcı xanımın həyasızlığı elə onun intonasiyasından hiss olunurdu.

Söhbət belə başladı ki, guya vaxtı ilə Almaniyaya gözəl həyat üçün “qaçıb” gedən bir azəri qadının başına olunmazın oyunları açılıb, qadının alman dilini bilməməsindən istifadə edən məmurlar onun “insan haqqları”nı bacardıqları qədər pozublar. Xanımın Azərbaycandan gətirdiyi “demokratik düşüncə”ləri əlindən alınıb. Ekranda göstərilən gözlü yaşlı milli bir qadının səsi eşidilməsə də, onun əvəzinə danışan aparıcı xanım şərh elədi ki, bu xanım aldanıb, bəzi kağızlara qol çəkib və uşaqlarını əlindən alıblar.  Və indi xanım qorxur ki, onun uşaqları da Almaniyada uşaq orqanları alveri ilə məşğul olan dəstənin əlinə düşə bilər. İddia olunan hadisənin yeganə olmamasını göstərən aparıcı xanım bəs Almaniyanın başqalarına demokratiya dərsi oxumasını, amma öz ölkələrində uşaqları oğurlayıb daxili və xarici orqanlarını  satanlara göz yummasını qınadı. Sonda hələ bir qarğış da edəcəkdi, özü yarıda kəsdi.  ATV-nin çox bilmiş aparıcısı bəs nədən, bütün TV kanallarının lənətləndiyi, amma xəstələnəndə “balaca”dan tutumuş “böyü”yə kimi heç düşünmədən müalicəyə  getdikləri Amaniyaya, həmin bu bədbəxt qadının öz analoqu olmayan həyatını qoyub niyə qaçdığını  açıqlamadı.
 
Əlbəttə bu xəbəri eşidənlərin heç də hamısı ona inamır, onun cəfəngiyyat olmasını bilirlər. Məndə belə düşünürdüm, amma heçdə elə deyilmiş. Keçən il Bakıda olanda  ali məktəb müəllimləri məni əhatəyə alıb, AZTv-dən aldıqları məlumatların üstünə beşini də qoyaraq alman ölkəsinin elçisi kimi mənim sifətimə çırpdılar. Adam düşünərdi ki, ən azından ali təhsillilər buna inanmazlar. Amma Azərbaycan təhsil sisteminin formalaşdırdığı İQ ilə  insanlar belə şeylərə inanmağa qadirdirlər. Ümid edək ki, yeni təhsil naziri “adam balası” yetişdirən təhsil sisteminin təməlini qoymağa çalışacaq.    
 
Yazını yazmaqda məqsədim odur ki, gələcəkdə ATV və digər milli kanalların bu mövzuda “Pis padşahın nağılı”nı uydursalar, ən azından camaat Almaniyada uşaqların ailələrdən alınması şərtləri haqqında ümumi məlumata malik olsunlar. Mənə elə gəlir ki, uşağa baxa bilməyən ailələrdən uşaqların alınması bir çox ölkələrdə var. Çətin  hallarda 18 yaşına çatmamış uşaqlar Almaniya “Vətəndaş qanunu kitabı”nın  1666§-ına əsasən ailə məhkəməsinin qərarı ilə ailələrindən alınıb “Adoptiv ailələ”rə verilir. Burada aşağıdakı hallara daha tez-tez rast gəlinir: 
 
- Ailədə uşağın rifahına xələl gəldikdə, uşağa fiziki, psixoloji və seksuel təzyiqlər mövcud olduqda,
- Valideynlərin sağlamlığı  uşağın böyüyüb başa çatmağına imkan vermədiyi halda,
- Valideynlər alkoqol və ya narkotikdən asılı olduğu halda.
 
Onu da qeyd edim ki, uşaqların alınması prosedurası uzun çəkən prosesdir. Çox vaxt uşaqlar ailədə vəziyyət düzələnə qədər götürülür, sonra isə geri qaytarılır. Əslində bu Almaniyada uşağa olan qayğının göstəricisidir. Almaniyada hər bələdiyyənin tərkibində, işləri Sosial qanunla (SGB VIII) tənzim  olunan “Gənclər idarəsi” (alm. Jugendamt) fəaliyyət göstərir. Bu idarə gənclərlə sosial işlər, uşaqların və gənclərin tərbiyəsinə nəzarət, uşaqların tərbiyəsində ailələrə kömək, sağlamlığında çatışmamazlıq olan uşaqlara yardım, uşaqlara himayəçilik və s. kimi işləri icra edir. Yuxarıda qeyd olunan uşaqların ailədən alınması halında da vəziyyətin qiymətləndirilməsi və prosesin həyata keçirilməsi bu idarənin öhdəsindədir. Uşaqlar anadan olandan etibarən bu idarədə qeydiyyata götürülürlər, məktəbə qədər onlar uşaqların sağlamlıq chek`lərinin keçirilməsinə sığorta idarəsi üzərindən nəzarət edirlər.
 
Məktəb dövründə isə uşaqların sağlamlığında, sosial davranışında olan çatışmamazlıqlar haqqında məlumatlar məktəb müdiriyyəti tərəfindən dərhal gənclər idarəsinə verilməlidir. Əgər burada normal haldan yayınmalar olarsa, onda həmin idarənin işçiləri problemi ailə üzvləri ilə birlikdə həll etməyə çalışırlar. Uşağın ailədə normal rifahı təmin olunmadıqda o ailədən alınıb başqa ailəyə verilir.
 
Göründüyü kimi heç kim ailəyə gəlib öz yanından uşağı götürmür, və ya ailə birliyini pozmağa cəhd etmir. Əksinə, Almaniya konstitusiyasının 6-cı bəndinə əsasən ailə toxunulmazdır, heç kim ailə üzvlərini bu və ya digər səbəbdən ayıra bilməz. Təəsüf ki, bu qanundan çoxlu əcnəbi kişilər yararlanırlar.  Alman qadınından bir uşağa sahib olan “kişi” Almaniyada ömürlük yaşamaq hüququ qazanır, hələ bunun sosial təminatını demirəm. 
 
Bu qədər dostlar. Məsələni uzatmaq istəmirəm. Azərbaycanda uşaqlar qayğı necədir, bunu dəyərləndirmək qalsın sizin ixtiyarınıza. Azərbaycanda uşaq “acından öldü, toxundan öldü” məncə heç kimi maraqlandırmır. ATV bu haqqda danışsaydı daha gözəl olardı.
 
Birdə onu demək yerinə düşərdi ki, alman qanunları Almaniyadakı reallıqlar nəzərə alınmaqla almanlar üçün yazılıb. Uşağın alınıb adoptiv ailəyə verilməsində “ailə” satusuna malik olan istənilən cütlük nəzərə alına bilər. Almaniyada homoseksual şəxslər evlənib qanuni ailə qura bilmirlər, bu yalnız bəzi Avropa ölkələrində mövcuddur. O ölkələrdə homo ailələrin uşaq adoptasiya etməsi mümkündür. Əgər buraya gələn azəri ailələri uşaqlarına baxa bilmirlərsə onda almanlar bəs nə etməlidirlər. Əlbəttə uşaqlar o halda alınıb alman ailələrinə verilir.
 
Bu yazıq azərbaycanlı uşaqların tərbiyəsi ilə məşğul olduqları üçün almanlara sağ ol əvəzinə qara yaxmalar, böhtanlar yersizdir. Yoxsa alman ailələri Azərbaycanın milli adət-ənənələrini mənimsəməlidirlər. Bu baxımdan qeyrətli azərbaycanlıların hiddətlənməsi əsassızdır. Əgər uşaqlarınızın alınıb, Azərbaycanı tanımayan, homosekual ailələrə verilməsini istəmirsinizsə onda qalın analaoqu olmayan vətəninizdə. Axı sizin burada nə itiniz azıb.  
 
ATV-də xəbərlərdən sonra “Porsche” avtomobilinin azərbaycan dilində reklamı getdi.
 
Dr. Rezo Əliyev (Almaniya)
Kultura.Az
Kultura.az | Developed by Samir Yahyazade