Metamorfoza

Эльмир МИРЗОЕВ

 

Dəhşətli 92-ci ilin tutqun baharı idi. Aprel ayı olsa da çox soyuqdu, bəlkə də o ilin fevral-martında mənən keçirdiyimiz dəhşətlərdən sonra təsəvvürümüzdə ümumiyyətlə baharın bir də gələcəyinə inam azalmışdı… pafoslu səslənsə də o ümidsizlik atmosferinin total səciyyə aldığı bu zamanı başqa cür ifadə edə bilmirəm.

O günlərdə Konservatoriyada təhsil alan dostların bir qrupunu Daşkəndə, konsertə göndərməli idilər. İçərisində qardaşım, pianoçu Samir, dostlar violinçi Rüfət Əmirəliyev və pianoçu Yuri Sayutkin də daxil olduğu bu tələbə qrupu orada mədəniyyətimiz təbliğ edəcəkdi – hələ tam dağılmamış sovet qurumları arasında çoxdandan qurulmuş mübadilə ətalətlə davam etməkdə idi. Sonradan konservatoriyada bu səfərin söhbəti uzun müddət gəzəcəkdi. (Maraqlananlar lütfən bura baxsın)

Nəsə, hər addımın problem olduğu o zamanda Aeroporta getmək də müşkül məsələ idi, o üzdən atamdan (o bizdən ayrı yaşayırdı) xahiş etdik ki, bizi oraya aparsın. Əvvəl hamımız bizdə (başqa bir dostumuz Aydın da uşaqları ötürmək üçün gəlmişdi) yığılıb sonra yollandıq Aeroporta. Yuri Sayutkinlə o zaman yenicə tanış olmuşduq – bu eynəkli, daima qoltuğunda portfel və çətir olan rus balası gündə 10 saatadək piano arxasında məşq edirdi O zaman 1 kursda təhsil alan və təbiət etibarilə introvert olan bu istedadlı gənci öz sənəti və bədii ədəbiyyatdan başqa heç nə ilgiləndirmirdi. Ətrafdakı hadisələr, ictimai kolliziyalar, konsertvatoriyadakı intriqalar, qızlar onu əsla maraqlandırmazdı. Qısası adam klassik pianoçu obrazının ideal prototipi idi…

Dostları təyyarəyə ötürəndən sonra atamın maşınında geri dönürdük. Gecənin sakitliyində şütüyən maşında hamı fikirli, xüsusən atam çox tutqun idi. Bu ağır sükutu pozmaq qərarına gəldim, amma işıqlı bir mövzu tapmaq çox çətindi. Yura haqda danışmaq qərarına gəldim:
-  Ata, bilirsən, bu Yura yeni dostumuzdur, çox istedadlı uşaqdır.
Aydın da söhbətə qoşuldu:
- Deyəsən yaxşı pianoçudur, hə? Heç eşitməmişəm onun ifasını…
- Çox yaxşıdır. 1 kursda oxuyur, artıq qastrollara gedir e! Bilirsən gündə 5-8, hətta 10 saat məşğul olduğu vaxtlar olub. Fikri-zikri ancaq musiqi, bir də kitablardır. Elə hey kitab oxuyur.

Bu sözlərdən sonra əyri-əyri mənə baxan atam:
- Həəə bala… bizim vaxtımızda da biri vardı… O da elə hey kitab oxuyardı… lap uşaqlığından oxuyardı, məktəbdə də yaxşı oxudu, oxudu, sonra instituta girdi, orada da yaxşı-yaxşı oxudu, oxudu. Ondan sonra aspiranturaya girdi, orada da lap yaxşı oxudu. Oxudu-oxudu, oxudu-oxudu, oldu gicdıllaq!

Qəfildən hamı susdu. Doğrusu hansısa möhtəşəm simfoniyanın final akkordu kimi partlamış bu ifadədən sonra nəsə demək mümkünsüz idi. Amma xəyalən həyatı boyu “oxuyub-oxuyub” sonda birdən-birə metamorfoza edərək gicd..lağa çevrilmiş o obrazı çox canlı təsəvvür etdim.

Elmir Mirzəyev

Kultura.az

Kultura.az | Developed by Samir Yahyazade