Frans Kafka - Qanun qarşısında

Литература

 

- Bu mümkündür,-deyir qapıçı, - amma indi yox. 
 
Qapının həmişəki kimi açıq olduğunu  və qapıçının yana çəkildiyini görən kişi əyilir və qapıdan içəriyə boylanmağa çalışır. Bunu görən qapıçı gülümsəyir və deyir:
 
-  Bu səni çox cəlb edirsə, mənim qadağama baxmayaraq içəri keçməyə cəhd elə. Amma yadında saxla:  Mən çox güclüyəm. Və mən ancaq aşağıdakı qapıçıyam. Zaldan zala keçdikdə bir-birindən güclü olan qapıçılar dayanıblar. Üçüncünün zəhmli baxışına heç mən də tab gətirə bilmərəm. 
 
Kəndli belə çətinlikləri gözləmirdi, axı Qanun hamı üçün əlçatan olmalıdır, deyə o düşünürdü. Amma o dəri kürkdəki qapıçının böyük biz burnunu, uzun və nazik qara tatar bığlarını diqqətlə seyr edəndən sonra, içəri keçmək üçün icazə verilənə qədər gözləməyə üstünlük verir. Qapıçı ona bir kətil verir  və qapının kənarında oturmaq üçün yer göstərir. Orada kəndli günlər və aylarla oturur. O, içəriyə keçmək üçün çoxlu cəhdlər edir və qapıçını öz xahişləri ilə yorur. Amma qapıçı ona qulaq asmır, çox vaxt onun vətəni və bir çox başqa şeylər haqqında suallar verir. Amma bunlar böyük cənabların soruşduqları kimi, aidiyyatı olmayan suallar idi,  sonda o kəndliyə həmişə olduğu kimi deyir ki, onu içəriyə buraxa bilməz. Bu səyahətə hər çüc hazırlıq görmüş kəndli bütün imkanlardan istifadə edir və hətta qapıçıya rüşvət verməyə qədər gedib çıxır. Qapıçı hər şeyi qəbul etsə də, deyir:
 
-Mən bunları ona görə götürürəm ki, sən nəyisə düz etmədiyini düşünməyəsən. 
 
İllər boyu kəndli kişi qapıçını fasiləsiz müşahidə edir. O, digər qapıçıları unudur və bu birinci qapıçının onun Qanuna daxil olması yolunda yeganə maneə olduğunu düşünür. O, ilk illərdə heç nəyə baxmadan uğursuz təsadüfləri hündürdən lənətləyir, sonralar,  artıq qocaldıqda isə yalnız öz-özünə deyinir. O, uşaq kimi olur. Uzun illər qapıçını müşahidə edən zaman onun dəri kürkünün boynundakı biti gördüyündən, o bitdən qapıçının fikirini dəyişməkdə kömək etməyi xahiş edir. Getdikcə gözlərinin işığı zəifləyir və ayırd edə bilmir ki, doğrudan da hava qaralır, yoxsa gözləri onu aldadır. Amma qaranlıqdakı bir parıltını o aydın görür, bu Qanunun qapısından ətrafa yayılan, sönməyən işıqdır. Onun ömrünə az qalıb. Ölümdən qabaq beynindəki bütün yaddaşı onun qapıçıya vermədyi bir sual ətrafında cəmləşir. O, qapıçıya əl edir, artıq daşlaşmış bədənini düzləndirə bilmir. Qapıçı ona tərəfə əyilir, çünki boy fərqi kəndli kişinin xeyrinə olmayaraq dəyişmişdir. 
 
- Sən yenə nəyi bilmək istəyirsən?-soruşur qapıçı.-Sən gözün hələ də doymayıb.
 
- Hamı Qanun üçün ölür, elə deyilmi?- soruşur kişi, - Bəs necə olur ki, bu keçən illərdə məndən başqa heç kim Qanuna daxil olmağa icazə istəmədi?   
 
Qapıçı görür ki, kişinin artıq sonu çatıb və onun zəifləmiş qulağına sözünü çatdırmaq üçün  kişinin üstünə qışqırır:
 
-   Bu qapıdan keçməyə başqa heç kim icazə ala bilməzdi, ona görə ki, bu qapı yalnız sənin üçün nəzərdə tutulmuşdu. İndi mən onu bağlayıb gedirəm.
 
Tərcümə edən: Dr. Rezo Əliyev (Almaniya)
Kultura.az | Developed by Samir Yahyazade