Tatar çölündə qalan ümidlər

Dilqəm Əhməd

 

Hər halda intihar edən həmin hərbçilər məhbəsdə keçəcək ağrılı günlərə görə özlərini öldürmədilər. Hərbi həyatın hər cür zülmünü, çətinliyini görən bu insanlar üçün məhbəs həyatı elə də çətin olmayacaqdı. Sadəcə şərəflərinə sığışdıra bilmədikləri bu duruma görə əsl zabit kimi ölməyi seçdilər.

Əski bir gələnəkdir ki, zabitlər edam olunaraq öldürülmələrini istəməzlər. Hətta hərbçilər intihar edərkən hərbi formalarını da geyinib adətən masa başında tapança ilə həyatlarına qəsd edirlər.

Zabit üçün yalnız bir həyati əhəmiyyətli olay var: düşməni yenmək.

Ya düşmən yoxsa? O zaman nə edilməlidir?

Bunun cavabı italyan yazıçısı Dino Bussatinin “Tatar çölü” romanındadır.

Roman “Qanun” nəşriyyatı tərəfindən ilk dəfə olaraq Aslan Quliyevin tərcüməsində Azərbaycan dilinə tərcümə edildi. Roman sərhəd zonasında yerləşən Bastiani qalasındakı zabitlərin həyatından bəhs edir. Qalanın şimala baxan hissəsində sonsuz tatar çölü yerləşir. Bir zamanlar Qızıl Ordalılar bu çöldə qanlı savaşlar aparıblar. Baş qərargahın da diqqət eləmədiyi bu qalanın təkcə özü deyil, orada xidmət edən insanlar da cəmiyyət tərəfindən unudulublar. Hətta orada bir il xidmət iki il kimi hesablanır. Gənc leytenant Covanni Droqo bu qalaya zabit kimi gedərkən anında oradan qayıtmaq istəyir, lakin ona cəmi dörd ay qalandan sonra bunun mümkün olacağını bildirirlər. Lakin bu dörd ay onun sonunda mayor rütbəsi aldığı onillərlə davam edən dönəmlə əvəz edilir. Çünki o bir dəfə şimaldakı çöllüyə baxmışdı.

Şimaldakı çöllük hər bir zabitin yeganə ümid yeri idi. Çünki onlar da anlayırdılar ki, bu qaladan xilas yolu yoxdur. Onun üçün müəyyən bir ehtiras gərəkdir. Necə ki, zabitlərdən biri bir nəfəslik olmasa, burada yaşamağın mümkünsüz olacağını bildirir. Həmin nəfəs isə gözlənilən düşmən hücumu idi.

Orada yaşayan hər bir zabitin ürəyindəki gizli arzu bir gün boşu-boşuna keçən günlərin əvəzini çıxacaqlarıdır. Çünki onlar hərbçidirlər, uzun illərdən sonra mülki həyatın gözəlliklərinə, ən yaxın insanlarına belə yadlaşıblar. Yeganə özlərini ifadə edə biləcəkləri an isə məhz qəfil düşmən hücumudur. Aylarla hərbçilər sonsuz çöllüyü izləyir, görünən hər bir qaraltı yeni ümidlər doğurur, lakin bu ümidlər onillərlə suya düşürdü.

İllər keçir. Leytenant Droqo yaşlaşaraq, zəifləyərək mayor rütbəsi yaşına çatır. Bu müddətdə onlarla zabit həmin nəfəslikdən boylana-boylana qalaraq tərxis olunur, onların əvəzinə gənc leytenantlar qalaya təyin olunur və həmin gənclər də eyni aqibəti yaşayır. Buradan çıxış yolu yoxdur.

Və illər ötür. Covanni Droqo xəstə yatağa düşdüyündə tatar çölündə bir canlanma yaranır. Bu dəfə düşmənin gələcəyi dəqiq görsənirdi. Droqonun bütün cəhdlərinə rəğmən onu xəstə hesab etdiklərindən karetaya mindirib qaladan müalicə olunmağa göndərirlər. Kimsəsiz bir karvansarada o ölümlə mübarizə aparır. İllərlə öz hərbi şərəfini yerinə yetirmək ümidi beləcə alınmır.

Bastiani qalası elə bir yerdir ki, sevdiklərindən, gözəl qızlardan, təntənəli mərasimlərdən uzaq qalınsa da, artıq orada yaşayan insan kənara çıxan kimi qalaya doğru can atır, yalnız xoşbəxtliyi orada tapır. Çünki o qalanın nəfəsliyindən boylananda sonsuz ümidlərin olduğu bir çöllük və oradan gələn düşmən ordusu və həmin düşməni yenəcək əsgər şərəfi var. Bu əsgər şərəfi illərlə orada qalıb xidmət eləməyə insanı məcbur edir. Təbii ki, təkcə hərbidə deyil, məhkum olunduğumuz bu həyatda illərlə sevmədiyimiz, məcbur qaldığımız yaşam tərzinə rəğmən bağlandığımız bir ümid olur. Gənclikdə bu ümid daha işartılı görünsə də, zaman keçdikcə közərtisi qalır, lakin itmir. O ümid olmasa, insan məhv olar.

Bussatinin əzazilliyi isə odur ki, həmin ümidi məhv olan zabitin yaşantısını acımasızcasına təqdim edir.

Bizim də hərbçilərin bir Qarabağ ümidi varmı?

Dilqəm Əhməd

“Gündəlik teleqraf”

Kultura.az | Developed by Samir Yahyazade