Özünü keçmişdə hiss etmək

Шахвелед ЧОБАНОГЛУ

 

“Can”ı danışmaq, təqdim etmək, bu yolla başqalarını onunla tanış etmək çox çətindir. Amma əsərin məğzini ifadə edən bir xətti onu oxumayanlarla bölüşə bilərəm. Dəhşətli dramatizmdən başını itirən və öz xalqının necə ağır dərdlərə tuş gəldiyindən sarsılan Nəzər hey düşünür ki, onun gördüyü bu dərdlər indiki dövrdə olmalı deyildi. Bu dərdlər keçmişdə qalmalı idi. Indi o zaman deyil axı!

Platonovun qəhrəmanı yaşadığı dərdlərin keçmişdə qalmalı olduğunu düşünürdü, amma şəxsən mən isə tez-tez özümü keçmişdə hiss edirəm. Eynən mən də öz ölkəmdə baş verənləri gördükdə. Elə indicə oxudum ki, Azərbaycanın istiqlalçı deputatlarından olmuş Ibrahim Ibrahimlini Naxçıvanda oğurlayıb və döyüblər. Təsəvvür edin, adam öz yurduna doğma bacısı oğlunun yasına gedib, çəkinmədən onu burada oğurlayıb döyüblər. Ibrahim bəyin bu ölkənin müstəqillik aktına səs verməsi, yüksək əxlaqı, yaşı, ömür yolu bir yana qalsın, bir Azərbaycan vətəndaşını yoldan oğurlayıb döyür və ondan ərazini tərk etməyi tələb edirlər. Bunlar keçmişdə baş verirdi. Bir insanı haranınsa qoçaqları oğurlayıb, döyüb, sonra da ona bir də buralara ayaq basmamağı keçmişdə söyləmirdilərmi? Amma bizdə bu hacətlər indi baş verir.

Ən gözəl ölkələrdə də dərd var. Ən yüksək inkişafa çatmış ölkələrdə də problemlər var. Biz bunu başa düşürük. Yaxşı anlayırıq. Onu da qəbul edirik ki, insan istənilən halda və hansı ölkədə yaşamasından asılı olmayaraq, üzülə bilir, şəxsi uğursuzluğu yarana bilər, onu talesizlik izləyə bilər, xəstələnər, sevgilisindən ayrılar, doğmasını itirə bilir və s. Bunlar hər zaman var, hər yerdə var, olacaq da. Ən demokratik ölkələrdə də bir insanın gənc doğması rəhmətə gedə bilir, amma onun yasına gedən adamı döyüb ərazidən qovmurlar. Həm də bunu dövlətin etməsi ayrı bir dərddir axı!

Elə dərdlər var, bunlar müasir toplumun problemi ola bilməz. Bunlar ağıla sığışmamalıdır. Elə problemlər var onlar çoxdan keçmişdə qalmalı idi. Normal ölkədə desən ki, pul verib övladını əsgərlikdən saxladasan, sənin nə dediyini anlamazlar. Bir dostum danışır: yaşadığı xarici ölkədə kimdənsə soruşub ki, haradan saxta olmayan bal tapa bilər. Onu anlamayıblar. Nə qədər izah edib, yenə heç nə başa düşməyiblər. Çünki orada saxta bal yoxdur. Bu, insanların ağlından keçmir.
Eynən bu cür, dövlətin vətəndaşa hücum etməsi heç bir normal ölkədə ağıla sığa bilməz. Dövlət insanı hücumdan qorumalıdır, dövlət insana hücum edə bilməz.

Axı bu necə ola bilər? Saxta dərman satanlar dərman inhisarçılarıdır bu ölkədə... Saxta diplomla müəllim və həkim işləyirlər. Saxta yazıçı var bu ölkədə - pulla əsər yazdırır. Saxta seçki keçirilir, saxta deputat, prezident, alim olurlar - saxtalıq həyatın hər yanını bürüyüb.

Indi nə zamandır ki, biz uşağımıza normal məktəb tapa bilmirik? Hansı əsrdir? Yaltaqlığı götürün. Müasir dünyada insan, ziyalı ölkə başçısına yaltaqlana bilməz, bu da keçmişə aid məsələdir.
Dövlət insanları şərdən qorumalıdır, amma dövlət gənc vətəndaşlarını şərləyir.

Dövlət bizi fəlakətdən qorumalıdır, amma o özü fəlakətə çevrilib. Bu isə keçmişdə belə ola bilərdi. Ona görə mən özümü keçmişdə hiss edirəm...

Ən pisi də odur ki, hələ də orda-burda “problem hər yerdə var” deyərək indiki duruma haqq qazandıranları görürük. Belə nadanlıq olarmı?! Belə nadanlıq da keçmişdə qalmalı idi!

Şahvələd Çobanoğlu

Azadliq qəzeti

Kultura.az | Developed by Samir Yahyazade