POX təqdim edir: Çağdaş ədəbiyyatımızın klassiki

POX (Обязателен к прочтению)

 

Bu gün Anarın 75 yaşı olur. Xalq yazıçısı görkəmli ictimai-siyasi və mədəniyyət xadimi, Azərbaycan Yazıçılar Birliyinin sədri... Bu ad-titulların hər birinin altında böyük fəaliyyət – görəv, gərgin və zəngin yaradıcılıq yolu, xalqına, Vətəninə, cəmiyyətinə təmənnasız xidmət, bir sözlə: “uzun ömrün akkordları” durur. Bununla belə, bu gün sadəcə Anar demək bəsdir ki, kimdən söhbət getdiyi bəlli ola...

Bu gün Anarın 75 yaşıdır! Yazıçı Anar, neçə-neçə əsərləri ilə yarım əsrdən bəri oxucularının diqqət mərkəzində olan, fikir dostu, inam yerinə çevrilmiş Anar! Təkcə Azərbaycanda deyil, dünyaca da məşhur Anar! Dünən də, bu gün də, artıq onillərdir ki, çağdaş Azərbaycan ədəbiyyatı dedikdə, ilk növbədə Anar adı yada düşür, Anar imzası xatırlanır. Anar adı bütöv bir dövr ədəbiyyatının simvoluna çevrilmişdir – desək, yanılmarıq.

Anar böyük Azərbaycan yazıçısı, nasiri, dramaturqudur. Zəngin yaradıcılığı, hərtərəfli və geniş fəaliyyəti ilə Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında misilsiz rol oynamışdır. Hələ ilk yaradıcılığından – “Keçən ilin son gecəsi”, “Asqılıqda işləyən qadının söhbəti”, “Bayram həsrətində” hekayələrindən oxucuların sevimlisinə çevrilmiş, “Ağ liman”, “Molla Nəsrəddin – 66”, “Dantenin yubileyi”, “Gürcü familiyası”, “Mən, sən, o və telefon”, “Macal”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Əlaqə” və s. kimi hekayə, povest və romanları ilə, “Şəhərin yay günləri” kimi səhnə əsəri, “Dədə Qorqud”, “Qəm pəncərəsi”, “Uzun ömrün akkordları” kimi kinofilmləri ilə, redaktoru olduğu “Qobustan” incəsənət toplusu ilə hələ sovet dövründə məşhurlaşmış, neçə-neçə nəsillərin yetişməsi, dünyagörüşü, həyata baxışlarının, bədii zövqünün formalaşmasına təsir göstərmişdir.

Daha sonra, SSRİ-nin çökməsi və müstəqil Azərbaycan Respublikasının qurulması dövründə də Anar həm yazıçı, həm də ictimai və mədəniyyət xadimi kimi Azərbaycan xalqının tərəqqisində bilavasitə iştirak etmiş, yeni-yeni əsərləri ilə Azərbaycan oxucusunun yeni əsrə köklənməsində, müstəqillik düşüncəsinin formalaşmasında rol oynamışdır. “Otel otağı”, “Azərbaycançılıq haqqında düşüncələr”, “Ağ qoç, qara qoç” kimi əsərləri geniş populyarlıq qazanmış, “Otel otağı”, “Təhminə və Zaur”, “Cavid ömrü” filmləri çəkilərək, tamaşaçı rəğbətinə nail olmuşdur.

Anarın istər bir yazıçı kimi, istərsə də ictimai və mədəniyyət xadimi kimi məşhur olması, tanınmasının sirri onun müasirliyində – yəni zamanla bahəm yaşaması, onu duyması, zamanın sözünü deməsindədir. Belə ki, Anar Azərbaycanın taleyində mühüm rol oynayan iki böyük epoxada XX əsrin ikinci yarısında dirçəliş dövrü olan 1960-1980-cı illərdə və 1990-cı illərdən başlayaraq Azərbaycanın müstəqillik illərində yazıb-yaratmış, daim də müasir olaraq qala bilmişdir. O fikir tamamən doğrudur ki, Anarın əsərlərinin izi ilə gedib milli insanın yarım əsr ərzində keçdiyi inkişaf yolunu, daxili aləminin dəyişməsini, həyat mübarizəsini milli və müasirlik xüsusiyyətlərini öyrənmək olar.

Birinci dövrü əhatə edən “Bayram həsrətində”, “Ağ liman”, “Molla Nəsrəddin – 66”, “Yağış kəsdi”, “Dantenin yubileyi”, “Adamın adamı”, “Macal”, “Şəhərin yay günləri”, “Əlaqə”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Sizsiz” və s. kimi hekayə, povest, pyes, roman və kitablarında Anar daha çox milli insanın sovet cəmiyyəti ilə mücadiləsindən, onun daxili təbəddülatından, barışmaz mənəvi ruhundan, XX əsrin intellektual biliklərinə can atmasından söz açır. “Dədə Qorqud” (1983), “Sizi deyib gəlmişəm” (1984) kimi kino və səhnə əsərləri, “Dünya bir pəncərədir” (1986) kimi publisist yazılarının toplandığı kitablarında milli keçmişimizə körpü salınır, milli irs və dəyərlərin yaşarılığına rəvac verilir. İkinci dövrdə isə müstəqillik qazanmış Azərbaycan xalqının mübarizə əzmi, çətinliklərə sinə gərməsi, 20 Yanvarda və Qarabağ müharibəsində xarici düşmənlərə qalib gəlmək əzmi, Azərbaycanın xoşbəxt gələcək idealı “Otel otağı” (1996), “Azərbaycançılıq haqqında düşüncələr” (1998), “Ağ qoç, qara qoç” (2003) kimi əsərlərdə əksini tapır.

Anar yaradıcılığının müasirliyi millilik keyfiyyətləri ilə seçilməklə bahəm, ümumbəşəridir, müasir dünyada baş verən dəyişmələrdən, müasir insan mündəricəsinin zənginliyi, psixologiyasının dərinliyindən bəhs açır. Anar nəsri əsasən şəhər mühitindən, çağdaş sivilizasiya problemlərindən, qadın dünyasından, cəmiyyət və fərd münasibətlərindən, fərdin ekzistensial yaşamlarından, insanı əhatə edən sosial aləmin mürəkkəbliyindən söz açır. Heç təsadüfi deyil ki, Anarın nəsri hələ sovet dönəmindən başlayaraq Azərbaycanın və keçmiş SSRİ-nin sərhədlərindən kənarda da tanınmış, rus, alman, ingilis, macar, polyak, rumın, türk və s. dillərə çevrilmiş, xaricdə nəşr olunmuşdur. Bütün bunlar Anar yaradıcılığının müasirlik ritmi, yaşadığı zamanın tələblərinə cavab vermək qüdrəti ilə izah olunmalıdır.

Anar yaradıcılığı milli insan, milli cəmiyyətlə yanaşı, Azərbaycan dövlətçiliyinə də son dərəcə bağlı, milli dövlətçilik ideyalarını qoruyan və daim təbliğ edən bir yaradıcılıqdır. Odur ki, yazıçının cəmiyyət və xalq qarşısında xidmətləri hələ sovet dönəmindən məxsusi diqqət cəlb etmiş, Azərbaycanın Əməkdar İncəsənət Xadimi adına (1976), Respublika Dövlət mükafatına (1980) layiq görülmüş, Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1987) SSRİ Xalq deputatı (1989) kimi şərəfli görəvlər daşımışdır. Müstəqillik illərində millət vəkili seçilən Anar uzun illər Milli Məclisin Mədəniyyət komissiyasına rəhbərlik etmiş, “İstiqlal” ordeni ilə təltif olunmuşdur.

Müstəqil Azərbaycan Respublikasının qurucusu-memarı ümummilli lider Heydər Əliyev Anar yaradıcılığına məxsusi önəm vermiş, ədibin Vətən və xalq qarşısında xidmətlərini yüksək qiymətləndirmişdir. Bunu həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yazıçının “Unudulmaz görüşlər” əsərinin ölkənin ən ali ödülü – Heydər Əliyev mükafatına layiq görülməsi faktı da bir daha təsdiqlədi. “Unudulmaz görüşlər” (2009) Anar yaradıcılığının son parlaq nümunələrindən olub, canlı xatirələr və sənədli materiallar əsasında müasir Azərbaycanın qurucusu, böyük tarixi şəxsiyyət Heydər Əliyevin təkrarsız portretini təqdim edir. Əsərdə ümummilli liderin Azərbaycan ədəbiyyatına, milli mədəniyyətinə, klassik irsə son dərəcə həssas münasibəti və qayğısı, çağdaş Azərbaycan ədəbiyyatının inkişafı ilə yaxından ilgilənməsi, müasir yazıçıların, o cümlədən Anarın yaradıcılığına ardıcıl marağı, onu dəstəkləməsi unudulmaz görüşlər, söhbətlər lövhələrin şahidliyi ilə dil açıb danışır, tarixin həqiqətlərini müasir oxucunun yaddaşına yazır.

Anarın çağdaş Azərbaycan ədəbiyyatı, bilavasitə özündən sonra yetişən müasir yazıçılar nəsli üzərində danılmaz haqqı, böyük təsirləri vardır. O, nəsrimizə müasir üslub, yeni düşüncə tərzi, detal və təfərrüatlı təhkiyə və təsvir təzəliyi gətirmişdir. Bunu mən keçən il “Sandıqda qalan muştuluq” kitabımı nəşrə hazırlayarkən bir daha duydum və özlüyümdə nəsrdə Anar məktəbinə mənsub olmaq şansımla fəxarət hissi keçirdim. Əlbəttə, ustad haqqında yazmaq, ecazını qəlbən birbaşa təmasdan duyduğun yaradıcılığını incələmək o qədər də asan deyil. Axı söz demək, meyar vermək səlahiyyəti birmənalı olaraq ustada məxsusdur. İlk addımlarımdan Anar müəllimin hekayələrimi qiymətləndirməsi, haqqımda ümidverici, xoş sözlər yazmasını həmişə minnətdarlıqla xatırlayıram.

Bu yubiley günündə çağdaş ədəbiyyatımızın klassiki, həyatının müdrik çağlarını yaşayan Anara can sağlığı, tükənməz enerji, yeni-yeni yaradıcılıq sevincləri arzulayıram. “Qələminiz heç vaxt korşalmasın, ustad!” – deyirik. Gənc nəsillərin Anar məktəbi, Anar nümunəsindən öyrənəsi, ibrət götürüləsi hələ çox dərsləri var.

525-ci qəzet

Kultura.az | Developed by Samir Yahyazade