"Beşgirişli superseks" - Kəskin satira atəşi

Альтернатива

 

 

Mixail Jvaneski: “Susqunluq – narazılıq əlamətidir”

Rus satirik yazıçısı Mixail Jvaneskinin dünyadakı yerimiz barədə düşüncələri

 

Bu günki zəmanənin dürüst və prinsipial adamı təmiz başqadır.

O, nə danışır, nə də etiraz edir.

O, razılaşır, amma özünəməxsus razılaşır.

O, etirazlardan, mübahisələrdən, nəsihətlərdən, nitqlərdən daha yorucu və faydasız iş tanımır.

Bəs nəyə əmək sərf edir?

Qaranlıqda özünə işıq salır? 

Bunu kimə inandıra bilərsiniz?

O adama inandıra bilərsiniz ki, sizi gözəl anlayır və əvvəlki kimi hərəkət edir.

O, belə yol seçibdi.

Getdiyi bu yola görə onu pullarla, vəzifələrlə mükafatlandırırlar.

O, razılaşacaq və dəyişməyəcək.

Elə sizin kimi.

Amma onun getdiyi yol əyri yoldur.

Onun yoluyla müqayisədə sizin yolunuz daha təmizdir.

Ona inanmırlar, amma tabe olurlar.

Sizə tabe olmurlar, amma inanırlar.

Siz onun kimi rəftar edə bilməzsiniz.

O da sizin kimi rəftar edə bilməz.

Birdən hansısa kataklizmlər baş verir – ya özü kimi olduğuna görə türməyə düşür, ya da sizin kimi olduğuna görə. Bunun necə olması kimin qələbə qazanmasından asılıdır.

Siz hər ikiniz istəyinizə uyğun ömür sürürsünüz.

Onunku şüarlardı, sizinki həyat.

O, köhnə şeylərə yeni adlar fikirləşir.

Siz hər şeyi və hər kəsi öz adıyla çağırırsınız.

Onun müdafiəsində çoxluq dayanır.

Sizi isə dostlarınız müdafiə edir.

Siz öz həyatınızla yaşayırsınız.

O, başqaları üçün yaşayır.

Siz özünüzə dostlar seçə bilirsiniz.

O seçə bilmir.

Hər kəs özünə görə.

Əgər bir az da kobud danışası olsaq, onda belə deyək, hələ Sovet dövründə aydın oldu ki, susqunluq – narazılıq əlamətidir.

 

Mənalı mübarizə bitdi

Disko klublar məni bezdirdi və həyatı mənə başa saldı.

Daha məna axtarmadım.

Orda məna axtarmaq elə özü mənasızdır.

Əgər ölgünlük sənə hakim olursa, mübarizə mənasızdır.

O, dilini çıxartdı.

O, özü dilə çevrildi.

Uşaqlar bayağılığı və ingilis dilini bilirlər.

Mən yalnız bayağılığı bilirəm.

Onların heç olmasa kompüterləri var.

Mənimsə yalnız karandaşım var.

Onlar SMS yazırlar.

Mənsə tənhayam.

Axı onlar hər halda bir-birlərinə nəsə yazırlar.

Demək, yazmağı bacarırlar.

Mən onlarnan birlikdə çılpaq qadının yanında saatlarla vaxt keçirirəm.

Heç olmasa baxmağa nəsə var... Var...

Ondan bir başqa gözləntim yoxdur!

Heç kimin gözləntisi yoxdur.

O qadın göstərməli olduğu nə vardısa, göstəribdir.

Mən gülüş klubunda hamıyla birlikdə gülürəm.

Mənim başladığım mövqeyə gəlib çatsalar kədərlənəcəm.

Hələ ki inkişaf gedir.

Mən onlarnanam.

Axı onlar doğrudan da istəyirlər.

Elə mən də istəyirəm.

Bizə kim mane ola bilər

Evə qonaq gəlmiş adamı ifşa etmək əyləncəli məşğuliyyətdir.

Uşaqlar anlayırlar.

Eyhamın bir anlamı qalmadı.

Alnına bir zərbə, arxasına bir təpik, eyham bitdi.

Boş-boşuna zaman sərf etməmək üçün.

Mən yaxınlardayam.

Əgər mən istənilən Yurmalanı görürəmsə, gözümü çəkmirəm.

Daha doğrusu, bütün işlərimi bir qırağa qoyuram, televizoru açıram və vaxtımı keçirirəm.

Belə də vaxt keçirməyib, necə keçirəsiyəm?!

Bizdən daha yaxşı güldürürlər!

Düzdü, onların gülüşündə bir elə dərinlik yoxdur, amma əladır.

Televizorun qarşısında əyləşmiş bizlər onlardan nə istəyirik? 

Bəlkə antisiklonun, meşə yanğının qarşısını necə almağın yollarını?

Ən sadəsi, elə siyasətdir deyəsən.

Elə buna görə də onlar çoxluqdadırlar, qətidirlər, mövqelərinin üstündə dururlar, mübahisə edirlər, ancaq bir kimsənin hüququnu tanımağa cürətləri çatmır.

Elə mövzularda mübahisələr edirlər ki!

Zəmanə necə dəyişib.

Həyat o həyat deyil.

Biz mənanı özümüzdə axtarırıq.

Biz mənanı sözlərimizdə axtarırıq.

Biz mənanı Rusiyanın tarixində axtarırıq.

Hətta yəhudilərin və rusların tarixində axtarırıq.

Biz mənanı necə yayılmağımızda və rusların sayının nə qədər olmasında axtarırıq.

Biz itirmədiklərimizi axtarırıq.

Yəni, biz həqiqəti axtarırıq.

Bunda yumor varmı?

Niyə televizorun üstünə düşürük?

O, hardan götürsün? 

Siz onların üzünü görmüsünüzmü?

Bax, biz elə onlar kimi ola bilərik, bunun üçün bizim pullanmağımız yetərlidir.

Balacaların böyükləri yox, böyüklərin balacaları ola bilərik!

Katerə əyləşib, qatara necə lazımdır çatmaq üçün.

Əvvəllər maaşımızda, istirahətimizdə məna axtarırdıq...

Məna pulsuzdur, mənayla pul qazanmaq mümkün deyil.

Biz pul qazanmağa başlarkən, mənanı itirdik.

İtirmədik.

Biz mənadan ağlımızda imtina etdik.

Axı məna pul gətirmir.

Bu gün pulu insanlar verir. Dövlət vermir.

Onlar bu gün istirahəti satın alırlar.

Əməyi satın almırlar!

Məna üçün və daha yüksəklərə uçmaq üçün Elmlər Akademiyasının arxasında xüsusi meydança var.

Orda qidalanmaq üçün məna bəxş edən məhsullar satırlar.

Ünvanlı!

Qucaq-qucaq odun, çır-çırpı, içməli su butulkaları, konservlənmiş ətlər, sarğı vasitələri.

Kiçik biznes, bir az varlanan kimi, məna daşıyıcılarını bəsləyəcək.

Yumorla ağılın döyüşündə, ağıl uduzdu.

Amma! Ey, siz ağıllılar, ruhdan düşməyin!

O, soyundu!

Gənclərin yanında dolaşın, bəlkə birləşmək mümkün oldu.

Beşgirişli superseks...

O zamanlar nəylə məşğul olduğunuzu anladım. Mülki vaxtlarınızda, əsarətdə, müharibədə olarkən, qırx birinci ilin iyulunda, qırx dördüncü ilin sonunda...

Bizi partlayış dalğasıyla bir-birimizə atdılar və başladı...

Tarix o qədər seksualdır ki...

Əldən-ələ keçən yalnız şəhərlər deyildi...

Üzr istəyirəm, deyəsən, bir az əvvəl bizə bədii üsulda basqın etmiş keçmişlə barışıram.

Hə, bax, belə məlum olur ki...

Bax, buna deyərəm serial!!!

Cinslərarası vətəndaş müharibəsi.

Qısası, sizin müharibəniz.

Əvvəlki kimi, qətiyyən sənin yox.

Artıq barışmaq zamanı gəlib!

Sizin müəllifiniz.

 

GÜN BATIMINI ƏLAVƏ EDİRİK

(Müşahidə)

 

Mən konyak barəsində saatda iki-üç məna taparam.

On dəqiqədə isə bir zarafat taparam.

Mən araq barəsində hökümətə iki-üç narazılıq və Dumaya bir sual taparam: onlar hardadırlar? 

Çaxırda qıcqırmaya qədər məna taparam, hamı barədə pis düşünə bilərəm.

Şampanda – uzun müddət çərənləyərəm və bu çərənləmələrim xeyli uzanar.

Şampan üstəgəl araq üstəgəl borş – marşrut qısadır: stul, stul, döşəmə, stul, stul, qonaq getdiyin adamın çarpayısı, paltarda və corablarda, gecələr ayaqyolu axtarışında və üç güzgüdə görünən əksindən dəhşət qorxu hissi keçirmək.

Konyak əlləri-qolları boşaldır, dizləri axtarır, amma söhbəti tutur. İyirmi dəqiqə ərzində iki-üç zarafat. Adekvatlığı və mülayim optimizmi saxlayır. Həyat yolunu əlvan sarımtıl rənglərlə bəzəyir. Başqa sözlə desək, Moskva axşamına gün batımını əlavə edir.

 

II 

Mən konyakı görmürəm.

Mən konyakı eşidirəm.

Mən konyakdan sonra öz sözlərimi eşidirəm.

Bizim konyakımız – ağırlaşdırır, kədərləndirir, sağa-sola çəkir, telefon nömrəsini pıçıldayır.

Onların konyakı - əl-qolu açır və azadlığa yol açır.

Şiddət dalınca şiddət, jest və mətn daxil olur.

Qəflətən sitat gəlir.

Hardan gəlir? 

Oxumamışam...

Nə zamansa oxumuşam.

Hər şey azadlığa qovuşdu və qovuşub da dilə uzandı...

Beş ulduz.

Kurvuazye” konyakı.

Gün batımı. 23:00.

Təbiət dirildi.

Televiziyanın olmasına baxmayaraq, bizim həyatımız çox pisdir.

Onun dəfninə üç keçmiş arvadı gəldi.

Birinci arvad şüvənlik saldı: “Bizi qoyub hara gedirsən axı?!”

Halbuki hər üçü lap çoxdan ərdədirlər.

İnisiallar

- Y.Y. Frenkel

- İ.Y. Finkel

- A.Y. Qurfinkel

 Alimentlər – bu, bir adamın üç adamın əvəzinə xərcə düşməsidir.

- Siz Moskvada yaşayırsınız? 

- Yox. Mən Moskvada yaşamadığıma görə, Moskvadan çıxıram.

Biri var idi, biri yox idi, üç pişik vardı.

Bu pişiklər “Trikotaj” adlı firma yaratmaq qərarına gəldilər.

Amma “Trikotaj” adını kimsə lap çoxdan tutmuşdu.

Yerləşim:

Tabe olanlar – quyruqlar bayıra, başlar içəri.

Müdirlər – quyruqlar içəri, ağızlar bayıra.

Bütün xalq – uşaqlar içəri, arvadlar bayıra, kişilər perimetr üzrə.

Doğum haqqında şəhadətnamə var.

Ölüm haqqında şəhadətnamə var.

Bəs həyat haqqında şəhadətnamə hardadır? 

Əgər liman malyükləyənlərinin artelinə arzuedilməz şəxs düşərdisə, iki nəfər onun belinə bir santimetr aşağıdan yük qoyardı, o da silkələnib yükü belinə oturdardı. İş gününün sonunda o, yorğunluqdan yıxılardı. O, anlaya bilmirdi ki, kisəni tutmazdan əvvəl, münasibətləri qaydaya salmaq lazımdır.

 

Konsertə gecikmək

O, insanlarla ünsiyyətə girə biləcəyini nə zaman anladı? 

Təyyarə Voronejə üç saat yarım gecikdikdən sonra.

Və o da öz konsertinə gecikdi, əynində palto olan adamlarla dolu foyeyə götürüldü.

Üzr istədi.

Onları zala apardı.

Konsert pencəyini və ayaqqabılarını sandıqçasından çıxartdı.

Çantasından portfelini çıxartdı.

Hər əşyası barədə şərh verə-verə...

Onların gözləri qarşısında paltarlarını dəyişdi.

Və dedi: İndi mən artistəm. Siz isə tamaşaçılarsınız”.

Və tamaşaçılar da paltolarını çıxartdılar, daş-qaşlarını, üzüklərini parıldatdılar və əl çaldılar.

O, tamaşaçıların sevgisinə qovuşdu.

Tamaşaçılarda ondan xeyli təəssüratlar qalmışdı.

Və hamı birdən onun dəyişməsini, elə özlərinin də bu taxta səkiyə atdıqları son addımla necə dəyişmələrini duydular.

 

Münasibətlərə verilən qarşılıqlar

İtaətkarlıq — qıcıqlandırır.

Qəmginlik — zülm edir.

Xəsislik — hiddətləndirir.

Kütlük — uzaqlaşdırır.

Ağıl — yorur.

Yumor — incidir.

İştaha — təəccübləndirir.

Xəstəlik — öyrəşdirir.

Sevgi — yandırır.

Mehribanlıq — müalicənin uzatdığını qızdırır.

Sakitləşdir, sakitləşdir...

Məni və “mən”imi asılılıqdan qurtar.

Nə bir güc istəyirəm, nə də bir qala,

Bunla bağlılığım yoxdur...

Ümidlərdən azad et məni...

Əgər qismətimdə xoşbəxtlik varsa, qoy bir anlıq olsun.

Nəhayət, imkan ver özümünkülərə və başqalarınkılara dəyər verməyi bacarım.

Nigarançılıqdan azad et məni.

Elədiklərimi hara qoyum

Nə üçün edirəm? 

Məqsədlərdən azad et məni.

Əgər kimsə məni dinləmək istərsə, danışmağım mütləqmi? 

Kimlərinsə ağılsızlığına qıcıqlanmaq hüququna malikəmmi və ya bunun özü axmaqlıqmı? 

Özümünküləri tanımadan, başqalarınkına dəyər verə, mühakimə edə bilərəmmi?

Əgər gərəksiz deyiləmsə, qoy mən daxil olarkən susmasınlar.

 

Tərcümə: Ramil Rahiboğlu

 

Kultura.az | Developed by Samir Yahyazade