post-title

Sakit Don

İki əsərdə qadın xəyanəti məni bərk sarsıdıb. Həmin iki əsərdən biri Şoloxovun “Sakit Don” əsəridir. Bədii əsər, kitab oxuduğumu özümə təlqin edirdim, yazının beynimdən çıxdığını təkrarlayırdım, amma yenə də Aksiniyanın Melexova xəyanətini həzm edə bilmirdim. Bu xəyanətin bir əsərdə baş verməsini özüm özümə inandırmağa məcbur idim. Bununla belə yenə də çətinlik çəkirdim.

 

Böyük əsərdə baş vermiş hadisə daha dərin iz buraxır. Çünki, sənin onlarla “birgə yaşayışının” müddəti uzun olur. Özüm yazmağa başlayandan sonra bir çox əsərlərin necə yazılması mənə möcüzə kimi görünməyə başladı. Söhbət sənin yaxşı və ya pis, qalın və ya nazik kitab, əsər yazmağından getmir. Sən prosesin özü ilə tanış olursan və bu tanışlıq bir çox məsələləri anlamaq üçün açar rolunu oynayır. Bir çox məsələləri başa düşürsən. Böyük əsərlərin həm də necə əzabla, əziyyətlə yazıldığını başqalarına nisbətən bir köynək daha yaxından, daha dərindən hiss edirsən. Hər kəsin öz möcüzəsi var.

Mənim üçün yazılması möcüzə görünən əsərlərdən biri Şoloxovun “Sakit Don” əsəridir. Söhbət əsərin tək həcm böyüklüyündən getmir. Bir əsərdə xeyli mövzuları işləmək, bu mövzuları bərk əlaqələndirmək, bədii həllini vermək hər yazıçının işi deyil.

Kazakların məişəti, Birinci Dünya Müharibəsi, sevgi, faciə, ailə dramları, xəyanət, sədaqət, qırğınlar, aclıq, mükəmməl təbiət təsvirləri, ehtiras, fanilik, əbədilik...

Bütün bunlar əsərdə bir-birinə sıx bağlıdır. Müharibədən qayıdan kazaklar adətə uyğun olaraq öz furajkalarını Don çayına atırlar. İnsanlar doğulur, insanlar ölür, müharibələr baş verir, idarəetmə sistemləri dəyişir... Don çayı isə əbədidir. Hər şey onun yanında fani görünür.

Şoloxov əsərdə açıq-saçıq səhnələr yaratmayıb, amma biz onun necə ehtiraslı bir yazıçı olduğunu əsərdə dəfələrlə görürük. Təbii, bir çox məsələləri anlamırdım. Zaman keçdikcə hadisələr anlamadığım məqamları bir-bir mənə izah etməyə başladı. Və bir insanın təbiəti, qadınları, kişiləri bu qədər yaxından tanıması, buna necə nail olması bir cavabsız sual olaraq qalmaqdadır. Şoloxovun təbiət təsvirləri mükəmməldir. O, qədər mükəmməldir ki, adam otun, çiçəyin iyisini, atın tərini belə əsəri oxuyarkən hiss edir. Belə mükəmməl təsvirlərin nəticəsində nəinki mənzərələri dolğun olaraq görürsən, həm də hiss edirsən. Təsvir olunan tarlaların, çəmənliyin, meşənin iyisi burnuna dolur, istini, sərinliyi, soyuğu, bürkünü öz canında hiss edirsən. Haldan-hala düşürsən.

Bu mənada Şoloxov çox yüksəkdə dayanır. Təbiət təsviri yarışında ona yalnız rus yazıçısı Bunin yaxınlaşa bilər. Bir az da Aleksey Tolstoy.

XXX

Bir tanış qız var. Ciddi ədəbiyyat həvəskarıdır. Dayısının arvadı rusdur. Qız deyir ki, o boyda nəsildə yalnız o qadınla ədəbiyyat, kino söhbəti edə bilirəm. Yerdə qalanlarının başı toya, qeybətə, ev təmirinə, nişana, xınayaxdıya, üçgünlüyə, beşgünlüyə, ongünlüyə qarışıb. Qız “Sakit Don” əsərini oxuyub və Aksiniyanın Meloxova görə başına min oyun gəlsə də, onu sevməsini, Meloxova görə min bəlaya tuş gəlməsini başa düşməyib. Dayısı arvadından soruşub. Adi rus qadını deyib ki, Aksiniya sədəqatli it kimidir. O başına gələn, gələcək bəlaları bilsə də Meloxov onu itirir, özünü idarə edə bilmir, özündən ixtiyarsız öz bəlalarına doğru qaçır...

Bu sırf qadın, insani yanaşmadı. Tənqidçi, yazıçı, filoloq yanaşması deyil. Əlbəttə, bir qazan bozbaş, bir paltar, bir üzük üçün ən pis adamı öz ərinə nümunə göstərən, ya açıqca, ya da ürəyində “kül sənin kişi başına” deyən “Azərqadınlar” bu söhbəti başa düşməzlər. Onlar öz gəlirlərini çox yaxşı bilirlər. Təbiətlə, romantikayla, poeziyayla onları aldatmaq mümkünsüzdür. Onlar hər şeyə rasional yanaşırlar. Praqmatikdirlər. Nəsə. Söhbəti uzatmayım.

Aksiniyanın Meloxova sonsuz məhəbbətini fədakarlıq etməyi bacaran, bir kişinin dalınca düşüb Rusiyadan N. saylı rayona gələn qadın başa düşər. Anlayar. Necə ki, bədbəxtləri yalnız bədbəxt anlayar. “Sevgiylə qarın doymaz” sözünü həyat fəlsəfəsinə çevirmiş “Azərqadınlar” üçün belə söhbətlər gülməlidir. Axmaqlıqdır...

Seymur Baycan

Yuxarı