post-title

Aqşinin statusu

Azad gəncliyə sevgilərlə... Bu yazını yazmaq mənim üçün çox ağrılıdır. Ağırdır. Amma bu yazı lazımdır. Dostum, müasir azərbaycan poeziyasının ən parlaq nümayəndəsi, tanıdığım ən işıqlı şairlərdən olan Aqşinin bu günlərdə əsgər ölümlərinə etiraz olaraq meydana çıxan gənclərə münasibəti və bu münasiətə olan reaksiya barədə yazmaq istəyirəm.

 

Əvvəlcə şair Aqşin barədə bir neçə kəlmə. Aqşin bizim nəslin ən istedadlı, ən parlaq nümayəndəsidir və səhv eləmirəmsə, bunu bayaq da dedim. Aqşinin ilk şeirlər kitabı ikiminici illərin ölü ədəbiyyatını diriltdi, ədəbi hadisə oldu. Bir çox yaradıcı gənclərin formalaşmasında onun təsiri danılmazdır. Şəxsən mənim istedadım həmişə onun istedadı ilə ünsiyyətə girəndə parlayıb.

Aqşin azərbaycan poeziyasında bir istiqamətdir.

Dostum Aqşin barədə bir neçə kəlmə. Aqşin tanıdığım yaradıcı adamlar arasında evi, ürəyi, cibi hamının üzünə açıq, ən toxgöz, səxavətli,  mərd adamlardan biridi. Əlini Aqşin qədər ürəklə cibinə atan, evini Aqşin qədər ürəklə hamının üzünə açan çox nadir adam tanıyıram.

Vətəndaş Aqşin barədə bir neçə kəlmə. Aqşin həmişə ictimai mövqeyi olan insanlardan olub. Rafiq Tağıya ölüm hökmü kəsiləndə islamdan imtina edənlərə qoşulan, ölkədə bir taleyüklü hadisə baş verəndə ziyalı kimi öz sözünü deyən adamlardan olub.

Maraqlıdır, bu gün, proseslərin həlledici hesab oluna bilən vaxtında, gəncliyin sevimli şairlərindən olan Aqşin meydanlara axışan gəncliyi toyda mahnı üstə dava salan gədələrə oxşadır. Onları kimlərinsə əlində marionet olmaqda, hansısa qaranlıq qüvvələrə xidmət etməkdə ittiham edir. İndiki gənclərə «savadsız» deyir.  İctimai sektorun gəncləri bunun səbəbini onun satılmağında, hakimiyyətə yarınmağa çalışmaqda və buna oxşar şeylərdə görürlər.

Dostlar, Aqşinin bu günki münasibəti, gəncliyə yönəlik itithamlarının səbəbləri bunlardı. Məlumatsızlıq. Prosesləri izləməmək. Demokratik düşərgədən uzaqda qalmaq. İndiki gəncləri tanımamaq. Bunların hamısı Aqşinin təkcə vətəndaş mövqeyində deyil, yaradıcılığında da özünü göstərir. Publisistikası «Milli yol» ən yaxşı halda «Alma» qəzetinin vaxtından bəri inkişaf etməyib, ritorikası dəyişməyib, təzələnməyib. O hələ də «Milli yol» qəzetində «Atdöşü» səhifəsi hazırladığını düşünür. Çox ağrılı haldı ki, Aqşinin çevrədən uzaqlaşmağı, poeziyasının, publisistikasının zəifləməyi gənclərin kitab oxumağa başladığı, canlandığı, hərəkətə gəldiyi, ortaya yeni-yeni imzaların çıxdığı vaxta düşdü.

Yaradıcı adam yenilənməyəndə, gününün proseslərini bilməyəndə, günün adamları ilə ünsiyyətdə olmayanda, günün ovqatını tuta bilməyəndə, bu halın onun həm yaradıcılığına, həm də vətəndaş mövqeyinə təsiri qaçılmazdır. Aqşin o mənada günahkar deyil ki, o hələ yeni gəncləri tanımır, bu gün meyanlara çıxanların yeni adamlar olduğunu, onların yeni mübarizə üsullarına sahiblənməyini bilmir. Bunu bilən adam Zaur Qurbanlıya, Emin Aslana, Kənan Qasımlıya, Turqut Qəmbərə, Aygün Pəncəliyevaya, Ziya Bayramlıya və daha onlarla gəncə «savadsız» deməyə cəsarət eləməz. Çünki bir balaca ədəbi, tərbiyəsi olan yaradıcı adam, yaşından, xidmətlərindən asılı olmayaraq, bu gənclərdə danışanda bir az ehtiyatlı olmalıdır. Özünün durmadan oxumadığı, vətəndaş mövqeyin lazımlı bütün anlarda sərgiləmədiyi halda bu cür savadlı, məlumatlı, hərəsi az qala üç dil bilən gənclik üçün maraqlı ola bilməyəcəyini anlamalıdır.

Ən pis halda, deyək ki, hansısa iş yerindən, qurumdan asılı vəziyyətə düşən yaradıcı adam isə sadəcə susmalıdır. İddiasını azaltmalı, yanında ola bilmədiyi gəncliyə öz diqqətini, qayğısını birbaşa olmasa da, hansısa dolayı yollarla göstərməlidir. Daha ailə qınağını, kinayələri, danlaqları, min cür təhlükəni gözə alıb meydanlara çıxan, həbslərə məruz qalan, kasıb canı ilə cərimə olunan gəncliyi kimlərəsə xidmət etməkdə ititham etməməlidi.
Onların mübarizəsini lağa qoymamalıdır. Onlara «savadsız» deməməlidi.

Bunu eləmək cəsarətini özündə görən adam isə gəncliyin nifrətini qazanacaq, hörmətini, dövrünün gənclərinin dəstəyini itirəcək, ən pis halda da özü onların lağ hədəfinə çevriləcək.
 
Mən həssas təbiəti olan heç bir yaradıcı dostuma bunu arzulamıram.
Çünki yaradıcı adama hakimiyyət nifrət edəndə, o dissident olur. Xalq nifrət edəndə o maarifçi, qəhrəman olur. Amma yaradıcı adama dövrünün azad gəncliyi nifrət edirsə, deməli, o artıq məhv olmuş, deqradasiyaya uğramış və heç bir bəraəti olmayan adamdır.   

P.S. Aqşini hardasa başa düşmək də lazımdır. Biri var, yaradıcı adam Zaur Qurbanlı ilə ünsiyyətdə olsun, bir də var, Əsəd Qaraqaplanla...

Günel Mövlud

Kultura.az

Yuxarı