Dedovşina ilə idarəetmə

Zaur QURBANLI

 

İndi döyüşlər getməsə də, dedovşina sözün geniş anlamında saxlanılır. İlham Əliyevin hakimiyyətə gətirilməsi zamanı ən çox səsləndirilən “arqument”dən biri də dedovşinaya əsaslanırdı – “atasından öyrənib, təcrübəsi var, qalanları təzədir, təcrübəsizdir”. İdarəetmə sahəsində fərsiz olan bu şəxs orduda da eyni sistemi saxlayır və ya başqalarının saxlamasına müqavimət göstərmir. Orduda hərbi qulluqçular “yuxarılar”a mütiliklə tabe olur və onları ilahiləşdirirlər.

Bir mənzərə heç vaxt yadımdan çıxmır. Əsgərlikdə qərargahın əsgəri sayılır və gün ərzində bir müddət qərargahda olurdum. Bir dəfə 2-ci mərtəbədəki otaqda dayanmışdım, pərdənin arxasından aşağı baxırdım. Korpusun qərargah rəisi hərbi hissəmizə gəlmişdi. Mən baxanda o, artıq gedirdi. Adətən o, hərbi hissə komandirindən başqa heç kimə əl uzadıb görüşmür, sadəcə saymazyana hərbi salam verib gedir. Bu dəfə kişi hərbi hissənin qərargah rəisinə əl uzatdı (bunların müqayisəsi üçün deyim ki, korpusa 19 hərbi hissə tabe idi). Hərbi hissənin hamımızı cəzalandıran, danışığı, duruşu ilə avtoritet yarada bilmiş, heç kimin qabağında əyilmədiyini güman etdiyimiz qərargah rəisi ona uzadılmış əli tutmaq üçün 5-6 addımlıq məsafədən uşaq kimi qaça-qaça gəldi, 2 əli ilə uzadılmış əli tutdu və bu zaman sözün həqiqi mənasında iki qatlandı, Lütfəli Abdullayevin məşhur obrazı Zülümov kimi altdan yuxarı sırtıq təbəssümlə baxdı.

Bu, sadəcə bir misal deyil, orduda tabeçilik başdan-başa belə qurulub. Mütləq əksəriyyəti savadsız olan adi əsgərlər özləri kimi əsgər olan çavuşlar barədə əfsanələr uydururdular – onlar yatmır, yemir, zabitlərlə bazdığa gedirlər və s.. Təsəvvür edin, çavuşunu ilahiləşdirən adam üçün Ali Baş Komandan nə deməkdir? Ona Zevs kimi baxırdılar. Sözün həqiqi mənasında Zevs təsəvvürü yaratmışdılar: ali və nifrətəlayiq. Bu səssiz nifrəti sübut edən bir hadisə də yazım: 2008-ci ilin fevralında İlham Əliyev cəbhənin Ağdam istiqamətində vəziyyətlə tanış olmaq üçün səfər etmişdi. Yaxşı qar yağmışdı. Dağın soyuğundan daha dəhşətli olan düzənlik soyuğunda əsgərlər onsuz da zülm çəkirdilər. Bir də Əliyevin gəlməsi ilə onları məcbur etdilər ki, səngər qazsınlar.

Sanki bu səngərlər olmasa, ermənilər Ağdamı tamam alacaqmışlar. Kimlərinsə yaltaqlana bilməsi üçün minlərlə əsgər yaxınlıqdakı hərbi hissələrdən yığılıb Ağdamın şaxtasında çöllərə töküldülər. Əsgər yoldaşlarımdan 3-4-ü qarda gizlənib işləmədilər. 5 dəqiqə işsiz qalmağın bədəlini şaxta ağır ödətdirdi. Ayaqlarını don vurdu və birinin 10 barmağı, birinin 4-5 barmağı və s. kəsildi. Hərbi hissədə Əliyevə nifrət gözlərdən oxunurdu, məhz onun gəlməsinə görə əsgərlərə verilən zülm nifrəti də məhz ona yönəltməyə səbəb olmuşdu. Amma Zevs qüdrətlidir, o, azadlığın ifadəsi olan Promoteyi zincirləsə də, ona tabe olmaq lazımdır.

Bu dedovşinanın, bu allahlaşdırmanın səbəbləri haqqında düşünəndə bir dəfə yaxın olduğum bir zabitdən bunun səbəbini soruşdum. Dedi ki, “Dedovşinanı elə özümüz təşkil edirik. Sizin “bomba oğlan” hesab etdiyiniz əsgərlərin çoxunu zabitlər təlimatlandırıb göndərir və davalar təşkil edirlər”. Bunun səbəblərindən biri pul qazanmaqdırsa (davada “yaxalananlar”a cinayət işi açılıb valideyni soyulur), bir səbəbi isə əsgərləri qorxu altında idarə etməkdir. Ordu da dövlət kimi idarə olunur, vətndaş “JEK” rəisinə, o, icra hakimiyyətinə, o da daha yuxarı tabe olur, özü də hər biri özündən yuxarını ilahiləşdirir.

Dedovşinanın daha dərin səbəbini isə xalqı ram etmək istəyində görürəm. Ordu hakimiyyətin dayağı olsa da, həm də hakimiyyətə təhlükədir. Nahaq yerə deyil ki, 1990-ların əvvəllərində Azərbaycanda Türkiyə stilli müstəqil ordusu olan dövlət qurmaq təşəbbüslərini Heydər Əliyev beşiyində boğdu, bir az boy qaldıranları isə amansızliqla repressiya etdi. Amma indi də ordu hakimiyyətə təhlükədir. 2008-ci ildə Tərtər tərəflərdə bir-neçə həftə döyüşlər getmişdi. Onda bizim hərbi hissədən də reaktiv artilleriyaçıları aparmışdılar ora. Onlar qayıdanda xatirələrini danışırdılar. Uşaqlar düşməni geri oturtmaqla, güllə yağışı altında topları doldurub atmaqla necə də fəxr edirdilər. Əksəriyyət orda olmadığına heyfislənirdi. Orda anladım ki, bizim ən müti əsgərimizə də imkan verilsə, təbliğat keçilsə, bütün düşmənlərini – həm xarici, həm də daxili süpürüb atar. Ali Baş Komandanın allahlaşdırılmasının arxasında da duran səbəb budur – ordunu dedovşinanın köməyi ilə sındırmaq, əzmək, həlledici güc olmaqdan məhrum etmək.

Amma olan təkcə orduya, dövlətə yox, həm də ayrı-ayrı şəxslərə olur. Son illər dinc şəraitdə ölən əsgərlərin yarıdan çoxu dedovşina qurbanıdır. Hələ bunlar bizim bildiklərimizdir. Hələ nə qədər də əsgər dedovşinaya görə dəli olur, psixi travma alır, şikəst edilir, cinsi oriyentasiyası zorla dəyişdirilir, cinayətkar olur...

Zaur Qurbanlı

Kultura.az | Developed by Samir Yahyazade