İntihar təxirə salınır

Гаджи Гаджиев

 

...kütlə ölmüş adama sual vermir

 

Əminliklə demək olar ki, Gülər Əhmədova son bir neçə ayın gündəm kraliçasıdı. Əgər Azərbaycanda inqilab olsa, bu inqilab Gülərə müəyyən mənada borclu olacaq. Gülərin əhəmiyyəti bu rejimin mahiyyətini təkcə korrupsiyanın Ramiz Mehdiyev, İlham Əliyev səviyyəsində necə getdiyini mexanizm olaraq izah etməsində deyil. Bu qadın həm də kənardan mürəkkəb görünən makinanın əslində necə boş, ideyasız olduğunu göstərdi. Sovet vaxtlarında belə, sistem buna oxşar səhv buraxmış üzvünə şans verirdi ki, özünü öldürsün. Əksər hallarda bu şans qiymətləndirilir və məmur öz həyatına qəsd edirdi.

Bu intihar, sistemin vəhdəti üçün vacib idi. Səhvə yol vermiş “vint” həyatına qəsd etməklə, bütün sistem maşınının toxunulmazlığını, müqəddəsliyini qoruyurdu. Çünki kütlə ölmüş adama sual vermir. Amma bu həlledici addımı atmaq üçün, insan güclü mənəvi stimul hiss etməlidir. Onun xidmət etdiyi sistemə inamı olmalıdı. O gərək anlasın ki, özü ölsə də, onun xidmət etdiyi sistem yaşayacaq və onun ölümü hədər olmayacaq.

Gülər Əhmədova isə deputat olduğu dönəmdə bu rejimi, Heydərçiliyi ağız dolusu öyməsinə, onu hər imkanda tərənnüm etməyinə, bütün tribunalarda şəninə ağzı köpüklənə-köpüklənə mədhiyələr oxumasına baxmayaraq, həlledici məqamda bu amal uğrunda həyatına qəsd etmədi. Baxmayaraq ki, bunun üçün ona kifayət qədər şərait yaradılmışdı. İnanmaq çətindir ki, hazırki hakimiyyətə xidmət edən hər hansı bir şəxsin maddiyatdan başqa motivi olsun. Mənəvi böhran isə, istənilən quruluşun sonunun yaxınlaşmasını göstərən amillərdən biridir.

Ümumiyyətlə ata və oğul Əliyevlərin hökmranlığı dövrü Azərbaycan tarixində qara ləkə kimi qalacaq.

XX əsr imperiyalar, diktaturalar dövrünün sonu olsa da, yenə də məhz bu dövrün bir hissəsiydi. Avrasiya məkanında SSRİ hökmranlıq edirdisə, Qərbdə Britaniya imeriyası can verirdi, ABŞ bir sıra hallarda adekvat olmaq üçün xarici siyasətində imperialist kimi davranırdı.

Amma XXI əsrdə bütün proqressiv dünyanın artıq alternativsiz olaraq demokratiya yolunu tutduğu, inkişafda olan dövlətlərin isə universal insan hüquqlarını qorumağa, demokratiyaya istiqamətləndiyi halda, hətta yaxın qonşularının belə bu yolda olduğu bir durumda Əliyevlər Azərbaycanı geriyə, feodalizmə sürükləməkdədirlər. Hansısa mücərrəd “Azərbaycan standartları”, dünyanın böyük kəşvlərini dərsliklərdə yalandan Azərbaycanın adına yazmaq, tarixi 1993-cü ildən başlamaq - bunlar hamısı cəmiyyəti, xalqı, dövləti inkişafda olan dünyadan təcrid etmək cəhdləridir.

Şimali Koreya da bu yolu tutub. Amma Şimali Koreyanın bu yolda uğurlu olmasının səbəbi güclü mənəvi əsasların varlığıdır. Koreyalılar Çuçxe ideologiyası ətrafında birləşiblər. Uzun illər gah Yaponların, gah Çinin əsarətinə düşən Koreyalıların yaratdığı bu ideolojinin təməl tarixi-psixoloji əsasları var. Sonucda özlərini inkişafdan geri qoysa da Ş.Koreyalılar bunu anlamrlar. Onlar deyirlər, bizimlə işiniz olmasın! Biz sizin işinizə qarışmırıq, siz də bizim işimizə qarışmayın! Amma bizdə Çuçxe mədəniyyəti yoxdur. Biz hər şeyi görürük və anlayırıq. Maraqlısı odur ki, hakimiyyət də bunu anlamamış deyil. Sadəcə başqa alternativ olmadığından məcburdur ki, bu cür psevdo-ideologiyadan istifadə eləsin. Mahiyyətcə isə bu “harada qırıldı-qırıldı” məsəlidir.

Hacı Hacıyev

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade