post-title

İsa Qəmbər prezident olarsa

Tarix: İsa Məsihdən İsa Qəmbərə qədər...

 

Mütləq qeyd: Yazı zarafat xarakteri daşıyır. Müəllif yazılanların gerçək olacağına bilmərrə inanmır!

Gəlin təsəvvür edək ki, 2013-cü ildə hazırki müxalifət liderlərindən biri olan İsa Qəmbər prezident seçilir. Ölkədə nə baş verəcək? Ehtimallar, yaradılmış virtual mənzərələr müxtəlif ola bilər. Bu müxtəlif versiyalardan ən əyləncəlisi barədə bir az düşündüm.

Deməli, təxminən belə bir mənzərə yarana bilər. Daha doğrusu, hadisələr belə cərəyan edə bilər: İsa Qəmbər hakimiyyətə gəlir və on il hakimiyyətdə qalır. O hakimiyyətdə olduğu müddətdə öz ağlı, intellekti, tədbirliliyi, sərrast danışığı, arqumentləri ilə müxalifəti gözdər salır.
Hər şeydən vaxtlı-vaxtında xəbər tutan İsa Qəmbər yazarların, jurnalistlərin könlünü xüsusi alır.
Yerli mətbuatı izləyir, imzaları tanıyır.
Müxalifət mətbuatı onun kiçik oğlu Turqut Qəmbərin pablara olan marağından yazanda, İsa bəy ölkədə bütün pabları bağlatdırır.

İlkin Qəmbər Böyük Britaniyaya köçür.

İsa hakimiyyətinin ikinci beşilliyinin axırlarında Turqut Qəmbər Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti olur. Yerli televiziyalar Turqutu ingilis dilini mükəmməl bilən, uğurlu beynəlxalq siyasət yürütməyə qadir gənc lider kimi təqdim edir.

İsa Qəmbər hakimiyyətinin ikinci beşilliyi bitənə yaxın Turqut Qəmbər Azərbaycanın baş naziri təyin olunur və növbəti seçkilərdə namizədliyini irəli sürərək prezident seçilir.

Turqut Qəmbər prezident seçiləndən sonra İsa Qəmbəri Azərbaycan xalqının ümummilli lideri elan edir.

Azərbaycanın qurtuluş, xilas və demokratiya tarixi 1992-ci ildən hesablanır.
Heydər Əliyevin ölkənin hər yerindən yığışdırılmış heykəllərinin ora-burasına əl gəzdirib, İsa Qəmbərin heykəllərini düzəldirlər.
Azərbaycanın bütün rayonlarında İsa Qəmbərin heykəli ucaldılır və rayonların mərkəzi küçələrinə ümumilli lider İsa Qəmbərin adı verilir.
Elmlər Akademiyasında İsa Qəmbər İrsinin Öyrənilməsi İnstitutu təsis olunur. Akademiyada «Qəmbərşünaslıq» bölməsi yaradılır.

Bakının bütün rayonlarında İsa Qəmbərin heykəlləri ucaldılır, şəhərin ən səfalı yerlərində «İsa bulağı» adlanan bulaqlar qurulur, «Qurtuluş 93» qəsəbəsinin adı dəyişdirilərək «Qurtuluş 92» adlanır.

Alimlər, yazıçılar, tarixçilər «Tarix: İsa Məsihdən İsa Qəmbərə qədər», «İsadan İsaya», «Xristan İsa və müsəlman İsa» və s. kimi adları olan əsərlər, monoqrafiyalar, elmi araşdırmalar yazır.

Heydər Əliyevə həsr olunmuş «Qayıdış», «Xilaskar», «Peyğəmbər» kimi əsərlərdə Heydər Əliyevin adı və əməlləri çıxarılır və kitablar İsa Qəmbərin həyat və fəaliyyətinə uyğunlaşdırılır.

Niyaməddin Musayev «El atası», Faiq Ağayev «Dahi» mahnılarının mətnini saxlayaraq, təzə kliplər çəkdirirlər. Təbiii ki, təzə kliplərdə artıq başqa el atası və başqa dahi qəhrəman olur.      

Müğənni İlhamə Quliyeva ölkənin «İsa Qəmbər adına Azərbaycan» adlandırılması təklifi ilə çıxış edir.

Bütün bu hadisələrin fonunda Seymur Baycan yenə də müxalif düşərgədə dayanan yazar olaraq qalır...

Günel Mövlud


 

Yuxarı