Bizdə və ABŞ-da məhkəmə “icraçıları”

Zaur QURBANLI

 

 
Məlum oldu ki, onlarda məhkəmə qərarlarını məcburi icra edən (və ya etdirən) orqan, vəzifəli şəxs mövcud deyil. Çünki qərar çıxanda insanlar özləri onu könüllü icra edirlər. Məsələn, birinin başqasına borcu var, amma vermir. Orda problem onda deyil ki, borc alan əclaflığına salıb pulu “atmaq” istəyir, problem ondadır ki, borc müqaviləsi, razılaşmanın müddəti və s. kimi hüquqi və ya məntiqi məsələlər mübahisə obyektidir. Bu səbədən də məhkəməyə ona görə müraciət edilmir ki, kimdənsə zorla pul alınsın, ona görə müraciət edilir ki, müxtəlif fikirlər üzrə ortaq məxrəc əldə edilsin, hansı ki, həmin ortaq məxrəclə hər kəs razılaşır və sevə-sevə qərarı icra edir. Yəni borclu və borc verən məhkəmədə mübahisə edirlər, məhkəmə tutaq ki, qərar verir ki, borclu borcu qaytarmalıdır. Onda borclunun əmlakına həbs qoymaq, evinə hücum çəkmək, həbs etmək üçün hansısa orqana ehtiyac yoxdur, çünki borclu dərk edir ki, məhkəmə qərarı icra edilməlidir.
 
Bizdə borclunun bank hesabındakı puluna həbs qoyub ordan pulu çıxartmaq üçün məhkəmə icraçısı (icra məmuru) əvvəl məhkəməyə, sonra isə banka təqdimat və ya məktub yazır. Çünki məhkəmə borc verənin təqdimatı ilə borclunun hesabına həbs qoymur, bank da borc verənin məktubuna əsasən, borclunun hesabından pul çıxartmır. Baxmayaraq ki, borc verən banka məhkəmənin öz qanuni qərarını göndərir. Çünki bizdə nəinki banklar, eləcə də məhkəmə özü öz qərarına hörmət eləmir. Çünki sistem belə təşkil olunub. Əks təqdirdə, məhkəmə hakimiyəti müstəqilləşə bilər, icra məmurlarına, deməli, Ədliyyə Nazirliyinin, yəni icra hakimiyyətinin müdaxiləsinə ehtiyac qalmaz. Ona görə də məhkəmə qərarları icraçılar vasitəsilə icra olunur. Bu, əslində absurd səslənir, çünki qanuna görə məhkəmə qərarı hər kəs üçün məcburi xarakter daşıyır. Bizdə isə məhkəmə qərarını göstərəndə icra eləmirlər ki, icraçının məktubu gəlməlidir.
 
ABŞ-da isə məhkəməni udmuş adam sadəcə əlinə məhkəmənin qərarını alır və gedib lazımi yerə təqdim edir, dərhal qərar icra olunur. Xoşagəlməz hallar o qədər az olur ki, bunları adi qaydada polis həll edir, bunun üçün ayrıca qurum yaradılmır.
 
Bəs səbəb nədir ki, ABŞ-da insanlar dövlət orqanlarına, məhkəmələrə bu qədər inanır, onların qərarlarına, qanunlarına hörmət edirlər? Səbəb odur ki, orda bizim İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi kimi Konstitusiyaya zidd qanunlar qəbul edilmir. Səbəb odur ki, orda cəriməni ianə vasitəsilə ödəyəndə ianələri qadağan edən qanunlar qəbul edilmir. Səbəb odur ki, orda hakimiyyət mütəmadi dəyişir və hakimiyyətdəkilərin məqsədi kreslolarının ömrünü uzatmaq yox, qanunların ömrünü uzatmaqdır. Səbəb odur ki, orda oliqarxlar prezident vəzifəsi üçün normal adam tapmayanda Konstitusiyanın “2 dəfə məhdudiyyəti” aradan qaldırılmır. Səbəb odur ki, orda prezident ombudsman, baş prokuror vəzifələri üçün öz cinayətlərini ört-basdır edəcək inandığı kadrları tapmayanda onlar üçün qanunda nəzərdə tutulmuş “2 dəfə məhdudiyyətini” ləğv etmir.
 
Səbəb odur ki... Əsas məsələ səbəbin nə olması yox, kim olmasıdır. Səbəb qeyri-demokratik, despot rejimdir.
 
Zaur Qurbanlı
Kultura.az
 
Kultura.az | Developed by Samir Yahyazade