Biz Avropaya nə vaxt çatacağıq?

Др. Резо АЛИЕВ

 

Bir neçə il öncə yazdığım bir kitabla bağlı texnikanın tarixinə baş vurmalı oldum. Avropada mövcud olan müasir texnologiyaların inkişafının kökünü qoyan sənaye inqilabının niyə məhz o dövrdə öz texniki tərəqqisi ilə Avropadan qabaqda olan Çində yox, İngiltərədə baş verməsi diqqətə layiq idi. Elmi əsaslandırması ondan ibarətdir ki, İngiltərədə manufakturaların sərbəst fəaliyyəti üçün şərait, ixtiraçılıqla məşğul olan şəxslərin müəlliflik hüquqlarının qoruması (Patent hüquqlarının praktiki tətbiqi), elm mədəniyyəti, tələbat və digər şərtlərin formalaşması orada texniki inqilab üçün daha çox zəmin yaratmışdır, nəinki qapalı şəkildə yaşayan Çində. O zamandan yaradılmış bu şərtlər indiyə kimi də sənayenin güclü inkişafının təməli rolunu oynayır. Sənaye inqilabı ilə ilkin olaraq İngiltərədə cəmiyyətdə iqtisadi və sosial dəyişiklik baş verir. Aqrar cəmiyyətdən sənyae cəmiyyəti yaranır. Kapitalistlər meydana gəlir. Sənaye inqialbı tezliklə Avropanın digər ölkələrinə yayılır. 

Bununla sözümü ona gətirmək istəyirəm ki, azad fəaliyyətə məhdudiyyət qoyulduğu bir cəmiyyətdə texnikanın tərəqqi etməsi çətindir. Sənayeləşməni başqa şəkildə həyata keçirməyə çalışan xalqlar isə indiyə kimi heç də böyük nəaliyyətlər əldə edə bilməyiblər. SSRİ-nin taleyi yəqin ki, hamıya məlumdur. 
 
Texniki tərəqqi üçün tələb olunan maddi və əqli investisiya qanunlarla hər tərəfli qorunmalıdır. Misal üçün deyim ki, son illər məşğul olduğum sahə üzrə əldə etdiyimiz nəaliyyətlər Almaniyada müəlliflik hüquqları ilə qorunur. Bunun sayəsində bizim yaratdığımız, ilk baxışdan asan görünən texnologiyanı heç kim tətbiq edə bilməz. Nəticə ondan ibarətdir ki,  Avropa bazarında bizim heç bir rəqibimiz yoxdur. Rəqiblər bazara ayaq basmaları üçün daha mükəmməl texnologiya işləməlidirlər. Bu da texnikanın inkişafına impuls verir. Əgər hamı eyni texnologiyadan istifadə etsəydi, onda Avropda, əsasən də Almaniyadakı vəziyyət Çindən fərqlənməzdi. Hərə istədyi şeyin sürətini çıxarıb satardı. Çinin Avropada mövcud olan texniki tərəqqinin ümumi inkişaf səviyyəsinə çatmağına isə hələ çox var. Çin hal hazırda yalnız məmulların ucuz istehsalı və satışı ilə məşğuldur. Ölkədə qanunvericilik sistemi mükəmməl deyil.
 
Rusiyadakı vəziyyət daha bərbad haldadır. SSRİ vaxtı planlı iqtisadiyyat ilə əldə olunan müəyyən elmi-texniki nailiyyətlər artıq heçə enib. Avropa ilə ayaqlaşmaq üçün külli miqdarda maliyyə və inkiaşfın əsas sütünü sayılan mütəxəssis ordusunun yaradılması zəruridir. Bu isə illər deməkdir. Avropa isə durmur, getdikcə daha da təkmilləşir. Yüksək elm mədəniyyəti avropa xalqlarının yaradıcılıq qabiliyyətini daha da artırır. Almaniya sənayeçiləri arasında belə bir sloqan mövcuddur: “Qabaqcıllığı əldən verməmək!”. Çünki dünya bazarında sənaye ölkələri arasında bütün sahələr üzrə güclü rəqabət mövcuddur. Son illər qabaqcıl müəssisələr güclərini Avropada əsasən yeni ideyaların işlənməsi, prototiplərin hazırlanmsı və onların tətbiqi üçün tədqiqat işlərinin aparılmasına yönəldilir.
 
Yeni texnikaların serialı istehsalını isə imkan daxilində ucuz işçi qüvvəsi cəmləşən Şərqi Avropa və Çində tikdikləri zavodlarda yerinə yetirilir. Avropa bir növ müasir texniki inkişafın yaradıcı beyninə çevrilərək, çağ atlamış - postindustrial eraya keçmişdir.
 
Sual oluna bilər ki, bəs Yaponiya, Cənubi Koreya. Orada da yüksək texnologiyalar yaradılır. Bəli onlar son illər müəyyən sahələrdə uğurlar əldə ediblər. Amma nəyin bahasına? Yaponiyadakı həyatla Almaniyadakı həyatı müqayisə etmək olmaz. Yazıb oxumağa uşaq bağçasından başlayan, gecə gündüz çalışan, dar mənzillərdə yaşayan yaponlar həftədə 35-40 saat işləyib, ildə 2-3 dəfə istirahətə gedən almanların, fransızların, norveçlərin, inglislərin və s. həyat tərzinə həsəd aparırlar. 
 
Yuxarıda yüksək texnologiyalar ilə məşgul olan ölkələrdə texniki tərəqqinin durumunu azda olsa anlatmağa çalışdım. Gördüyünüz kimi, ölkələrdə sənayenin inkişafı ilə şərtlənən iqtisadi durum həm də həmin ölkələrdə ki, siyasi quruluşla sıx əlaqədəradır. Demokratik ölkələrdə sənayenin idarəsi hökümt tərəfindən işlənmiş qanunlarla idarə edilir. İdarə etmək isə, müdaxilə etmək deyil. Əgər hər hansı bir sənayeçi öz şəxsi ideyası əsasında öz müəssisəsini yaradırsa və bunun üçün şəxsi və hüquqi invesorlardan kapital tapa bilibsə, heç kimin ona maneəçilik törətməyə haqqı yoxdur.
 
Avtoritar ölkələrdə isə qanunlar işləmədiyindən orada mülkiyyətin qorunması arxa plana keçir. Bu şəraitdə kapital sahiblərinin formalşması mümkün olmur. Belə olan halda azad itisadiyyat necə inkişaf edə bilər? Ona hansı şəxs kapital yatırdar? 
 
O da məlumdur ki, yüksək texnologiyaların hər hansı bir ölkədə bərqərar olması üçün ilkin olaraq tələbat, kapital, qanunlar və mütəxəssislər lazımdır. Tələbat məsələsi deyəndə təkcə ölkə daxili tələbat deyil, qlobal tələbat nəzərdə tutulur. Amma yerdə qalanlar: başlanğıc kapital, kreativ mütəxəssislər və qanunlar özününkü olmalıdır.
 
Azərbaycandakı duruma nəzər salaq.
 
Tutaq ki, Gəncədə Lütfizadənin yaratdığı “qeyri səlis məntiq nəzəriyyəsi” əsasında işləyən idarəetmə sisteminə malik, kosmik peykdə təmir işləri apara biləcək bir robot hazırlamaq qərarına qəlinir.
 
Nəzəriyyəmiz var, peykimiz də var. Qalır robotun hissələrinin hazırlanması, yığılması, sınaqdan keçirilməsi. Dövlət belə zavodun tikilməsi üçün külli miqadrda pul ayrır. Zavod alman mütəxəssisləri tərəfindən layihələndirilir, tikilir. Avadanlıqlar almaniyadan gətirilir. Dəzgahlarda işləmək üçün mütəxəssislər almanlar tərəfindən öyrədilir. Bu problemin yarısıdır və pulla müəyyən qədər həll olunandır. Bəs o yeni robotu kim layihələndirəcək, ayrı-ayrı isthsal sahələrini kim idarə edəcək?
 
Azərbaycan təhsil sistemi belə səviyyəli mütəxəssislərin hazırlanması üçün heç bir zəmin yaratmır. Yenə ümid qalır xaricə. Xaricdə qabaqcıl texnologiyaların yaradılması ilə məşğul olan mütəxəssislərin Azərbaycana gətirib, onlardan avropada birinci yerlədən tutan müəssisəyə rəqabət apara biləcək yeni robotun layihələndirilməsi çətindir. Çünki belə mütəxəssislər artıq öz həyat səviyyəsi ilə kəskin fərqlənən avropada yüksək maaşla təmin olunublar. Çalışdıqları müəssisələr hər vəcdlə onların qayğısına qalır ki, onlar başqa yerə getməsinlər. Belə mütəxəssisləri Azərbaycana gətirmək üçün iki qat maaş vermək lazımdır. Sonda bizim Gəncə robotumuz da adı bizim özü isə xaricilərin olan, bazarda rəqabətə girə bilməyən bahalı bir şey olacaq. 
 
Avropalıların azərbaycana gəlib öz zavodlarını açmaq məsələsi də mürəkkəbdir. Çünki Azərbaycan sənaye ölkəsi deyil və zəminlər yox dərəcəsindədir. Bunun üçün lazım olan adi xidmətçi işlərini icra edən mütəxəssislər belə tapmaq mümkün deyil.  
 
Bir sözlə qabaqcıl sənaye ölkələrinə yalnız həsədlə baxıb, belə iş yerlərinin Azərbaycanda təminini arzulamaq olar. Onu da deyim ki, təkcə biz yox, bəlkə də dünyanın 90% bu gündədir. Yəni vaxtilə sənayeləşmənin cücərduyi bir zamanda texniki sıçrayışdan dala qalan ölkələr, əsasən də müsəlman ölkələrinin Avropa ilə rəqabətə girməsi hələ ki, ağlabatan deyil. Əgər müsəlman ölkələri belə xəyala düşsələr, gərək onlar Avropanın 200 il öncə aqrar cəmiyyətdən sənaye cəmiyyətinə keçmək üçün gördükləri işləri indi görməyə başlasınlar. Bəlkə 50 ildən sonra gəlib çatdılar.
 
Dr. Rezo Əliyev (Almaniya)
Kultura.Az
Kultura.az | Developed by Samir Yahyazade