Müharibənin yaxşısı, sülhün pisi yoxdur

 

“Müharibənin yaxşısı, sülhün pisi yoxdur” Benjamin Fraklin

Təxminən iki il bundan öncə Almaniyada bir könüllülük düşərgəsində iştirak edirdim. Bu düşərgədə məndən əlavə 10 ölkədən gəlmiş tələbə və şagirdlər də var idi. Alman, fransız, türk, yapon, amerikan və s. Düşərgənin əsas məqsədi uşaqlar üçün əyləncə parkının salınması idi. Bu da bir qədər fiziki güc tələb edən işlər idi. Düşərgədə məni ən çox təəccübləndirən hadisə yapon qızlarla, amerikan qızın bir-biriləri ilə çox mehriban olması idi. İşlərin çətin və fiziki güc tələb edən işlər olmasına baxmayaraq 2 yapon və bir amerikalı qız bir-birilərinə kömək edirdilər. Bu qızların 16-17 yaşları var idi. Qrupumuz ən mehriban insanları da onlar idi. Halbuki, mən elə düşünürdüm ki, İkinci Dünya müharibəsində ABŞ-ın Yaponların başına açdığı oyunlardan , atom bombasından sonra bu insanlar nəinki mehriban olmalı idilər, hətta bir-birilərinin ətini didməli, baltalamalı idilər. Bir dəfə nahar zamanı marağımı gizlədə bilmədim və hər üçünə də niyə belə mehriban olması haqqında sual verdim. Məgər doğrudanmı onlar öz tarixlərini belə rahat şəkildə unutmuşdular? Məgər doğrudanmı onlar öz nənə-babalarının başına gətirilənlərin qisasın almaq istəmirdilər? Necə ola bilərdi axı bütün bu hadisələrdən sonra onlar bir-birinə qarşı tolerant yanaşa bilirdilər?

Bütün bunları onlara soruşduğumda yapon qızlardan biri mənə cavab verdi ki, “Biz heç nəyi unutmamışıq. Heç bir zaman da unutmayacağıq. Amma bütün olanlar bizim üçün sadəcə bir tarixdir. Elə bir tarixdir ki, tarix kitablarında oxuyub, təəssüflənəcəyimiz bir tarix. Mənim yenidən qisas hissi ilə alışıb yanmağım bu utancverici tarixi daha da uzadar. Daha çox insanlar ölər. Bütün bunların baş verməməsi üçün biz keçmişi tarix kitablarında buraxmalıyıq.”

Azərbaycanda insanların tam olaraq azad olduqları bir mövzu var. O da erməniləri söymək azadlığıdır. İl ərzində yüzlərlə əsgərin öz komandirləri tərəfindən döyülüb, öldürülməsinə söz deyə bilməyən insanlar, pulunun gücü hesabına xalqı söyüb təhqir edənlərə qarşı çıxa bilməyən insanlar, pul verilməyib, evindən qovulan insanların haqqını tələb edə bilməyən insanlar erməniləri çox rahatlıqla söyə, təhqir edə bilərlər. Xalqa ermənidən çox zərər vuran hakimiyyətə isə yaltaqlanmağı şərəf hesab edirlər. Qarabağ probleminin olması, erməni kimi bir düşmənin olması hakimiyyətin əlində manipulyasiya aləti olub. Sənin heç nəyə etiraz etməyə haqqın yoxdur. Çünki, bizim erməni kimi düşmənimiz var. Etiraz edəcəksənsə, söyəcəksənsə onu söy. “İnsanları evindən qovurlar? Eybi yox, sakit dur. Bizim Qarabağ kimi dərdimiz var.” “Məmurlar xalqı çapıb, talayır? Sus. Əkrəm Əylisli ermənilər tərifləyib. Bizim əsas düşmənimiz ermənidir.”

Azərbaycanda elə günlər var ki, həmin günlər ölkədəki bütün insanlar vətənpərvərlik flaşmobu edir. Həmin günlər hər kəs vətənpərvər olur. Həcc ziyarətində möminlərin şeytanı daşladığı kimi, həmin günlər də hər bir azərbaycanlı ermənilər söyüb, daşlamalıdır. Əks halda səni daşlayıb, linç edərlər. Həmin günlərdən biri də 26 fevral, Xocalı faciəsinin baş verdiyi gündür. Bütün il boyu yeyib, içib, rus, erməni qızlarla bazlıq edən vətənpərvər oğullar, xarici pornolardakı gavur penislərinə ağzı sulana-sulana baxan qeyrətli qızlarımız həmin gün gələr gəlməz anidən milliləşir, ana vətən, doğma yurd həsrəti çəkməyə başlayır, ermənilərə lənətlər yağdırırlar. Başqa vaxt qaçqınların bəxtəvərliklərindən, onlara ayrılan imtiyazların çoxluğundan şikayət edən insanlar həmin günlər 1 milyon məcburi köçkünün dərdi-səri ilə alışıb yanırlar

Təxminən bir il bundan əvvəl Xocalı soyqırımın ildönümü vaxtı idi. Sosial şəbəkələrdə bir neçə tanışım Xocalı ilə heç bir məlumat paylaşmadığıma, şəkil yerləşdirmədiyimə, Azərbaycan həqiqətlərini dünyaya çatdırmadığıma görə məni qınayıb, hətta təhqir belə etmişdilər. Mən də bildirmişdim ki, mənim üçün erməni düşmən deyil və gələcəkdə daha da çox qətliamlara, insan ölümlərinə şahid olmaq istəmiriksə icazə verməliyik bütün olanlara tarix kitabında qalsın. Nə qədər çox qisas almaq istəsək, o qədər çox insan öləcək, o qədər çox düşmən qazanacağıq. Bütün bu fikirlərimdən sonra mənə deyilməyən söz qalmadı. Həmin insanlar, hansı ki, Qarabağ dərdi ilə alışıb yanırlar, Xocalı unutmurlar, ermənini gördükləri yerdə başını kəsmək istəyirlər müharibə vaxtı böyük şəhərlərdə, geniş evlərində, valideynlərinin isti qucağında yaşayan insanlardır. Onların müharibə təsəvvürləri ancaq filmlərdən, kitablardandır.

 Mən Zəngilan rayonundan məcburi köçkünəm. Müharibəni, həmin hadisələri xatırlamasam da, müharibən sonra nələr yaşadığımızı yaxşı bilirəm. Müharibə zamanı 3 bacımı itirdim. Müharibə səbəbindən özüm çox ağır xəstəlik keçirdim və bunun nəticəsi olaraq sağ ayağım inkişafdan qaldı. Müharibədən əvvəl Sumqayıtda aldığımız evi Qubadlıdan gələn məcburi köçkünlər qapısı sındırılıb, tutulduğundan illərlə kirayə evlərdə yaşamağa məcbur olduq. Artıq 16 ildən çoxdur Sumqayıtın bir məktəbində məskunlaşmışıq. Bütün bunlar mənim və ailəm başına gələnlərdir. Bütün bu olanlardan sonra belə mən başa düşürəm ki, müharibədə qalib tərəf yoxdur. Əgər bir yerdə ki, müharibə, savaş varsa orda milyonlar insan həyatı məhv olmağa məhkumdur. Mən, müharibənin iyrənc üzünü az-çox görən biri olaraq əgər erməniyə düşmən gözü ilə baxmıramsa, onlara qarşı tolerant davrana bilirəmsə müharibəni ancaq filmlərdən görən biri ağzından alov püskürə-püskürə müharibə, edam, qisas iddiasında olması yalançı vətənpərvərlikdən başqa bir şey deyil. Bizim bir neçə qohumumuz var ki, müharibən sonra hələ də çadırlarda, qatarlarda qalırlar. Onlar da öz ailə üzvlərinin bir neçəsini itiriblər. Amma həmin insanların heç biri yenidən müharibənin olmasını istəmir. Çünki, onlar müharibənin dəhşətlərini öz gözləri ilə görüblər. Başa düşürlər ki, yenidən müharibə olsa ölən, əzab çəkən yenə sadə insanlar olacaq.

Stefan Zweig-in belə bir sözü var. “Birisi müharibəni başlatdığı kimi, sülhü də başlatmalıdır” Nə qədər ki, insanlar sülhə inanmır, sülhə tərəf çıxmır bundan sonra daha çox insanların həyatında müharibə ilə bağlı bədbəxt hekayələr olacaqdır. Mən inanıram ki, illər sonra olsa da belə insanlar bir birlik, toplum olaraq müharibə qarşı çıxacaq, sülhə tərəfdar olacaq. Məhz o zaman bu dünya yaşanıla biləcək bir dünya halına gələcək.

Vüqar Bəhmənzadə

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade