Bizim Fişer

 

 
Fişeri mən 80-ci illərdən tanıyırdım. O vaxtlar mən sevimli şairimiz Məmməd İsmayılın rəhbərlik elədiyi şeir dərnəyinə, Vurğun Əyyubun “Çənlibel” yığıncaqlarına gedirdim. Fişerlə bulvarda yığışdığımız çayxanada tanış olmuşdum. O, ətrafdakılardan fərqli olaraq çox mütaliəli bir aspirant idi. Rus dilini təmiz bilir, ingiliscə bədii kitab oxuyurdu. Mənimlə özü tanış olanda dedi ki, dərnəkdə oxuduğun şeirlərin xoşuma gəldi. 
 
Az müddət ərzində onunla çox yaxın dost olduq. Həmişə oxuduğu əsərlərdən danışar, oxumaq üçün mənə kitab verərdi. İlk dəfə Dostoyevskinin “Cinayət və cəza” əsərini  gətirib oxumağımı tövsiyyə elədi. Yapon haykularını və tanqolarını çox sevirdi. Hərdən yapon şeirlərini ruscadan oxuyub mənə tərcümə eləyirdi. Sonralar haykuları tərcümə eləyib qalın bir dəftərdən əlyazma kitabı düzəltmişdi. 
 
Yadımdadı, Kobe Abenin “Qumluqda qadın” əsərini bir neçə dəfəyə mənə tam danışmışdı. Sonralar bu əsəri ruscadan özüm oxuduqca Fişerin gülər üzü gözlərim önünə gəlirdi. 
 
Bir dəfə, ultra sərbəst şeirlər yazan yunan şairi Yanis Ritsosun rusca şeirlər kitabını mənə bağışladı və dedi ki, başa düşməsən mütləq lüğətlə oxu. Tamam yeni duyğular aşılayan bu şairin şeirləri mənim ədəbiyyat haqda təfəkkürümü tamamilə dəyişdi.
 
Sonralar mən M. Qorki adına Ədəbiyyat  İnstitutuna qəbul oldum və Fişeri uzun müddət görə bilmədim. 
 
Yenidənqurma, respublikalarda inqilablar, milli dirçəlişlər başladı. Azərbaycanda da milli hakimiyyət bərqərar oldu. Elçibəy dönəmində eşitdim ki, Fişer, hansısa məsul vəzifəyə aparılıb. O, bütün mütaliyəsi və savadı ilə yanaşı həm də millətini sevən bir türkçü idi... 
 
90-cı illərin sonları olardı. Avtobusda gedərkən onu qoltuğunda papka,  Axundov kitabxanasından aşağı enən gördüm. Gördüm deyəndə ki, ona oxşatdım. Bu, Fişerdi, yoxsa yox? Avtobusdan düşüb arxası ilə  qaçdım. Öz adəti üzrə, iti addımlarla harasa tələsirdi. Mən onu (görəsən bu, Fişerdimi, tərəddüdü ilə) arxadan səslədim. Getdiyi yerdə dayanıb arxaya baxdı. Biz görüşüb qucaqlaşdıq. İlk görünüşdən qocaldığı və əyin-başının kasıbyana olduğu gözə çarpırdı. Ondan yuyunmayan, paltarlı yatan adamın iyi gəlirdi. Hal-əhval tutduqdan sonra Gənc Tamaşaçılar teatrının qarşısındakı çayxanaya gəldik. 
 
“Eşitdim, ailə qurmusan,” –  deyib, güldü. Başımla sözünü təsdiqlədim. “Bəs sən? Evlənmisənmi?” – soruşdum. Danışdı ki, bir uzaq qohumu ilə ailə qurubmuş, sonradan ayrılıblar. Xasiyyətimiz tutmurdu, dedi. Belə baxanda, mənim ailəni kasıbçılıq dağıtdı. Ucuz zirzəmi kirayələrdə qalmaqdan yoldaşım bezmişdi. Rusiyada alver eləyən qardaşı azyaşlı oğlumla yoldaşımı götürüb kəndə apardı. Kənddə ona torpaq alıb ev tikdirdilər. Sonra onu  bir kənçilərinə ərə verdilər. Onlar mənə heç nəyə yaramayan, əyyaş kimi baxırdılar. Axır ki, arzularına çatdılar. İndi heç uşağı görməyə də qoymurlar. Eşitmişəm, pis yaşamırlar, ona görə heç uşaqdan nigaran deyiləm. Hərdən içəndə yadıma düşür, şəkillərinə baxıb ağlayıram... 
 
Onun həyat hekayəti məni xeyli təsirləndirmişdi. Soruşdum ki, bəs indi harda yaşayırsan? Dedi, özünə Sulutəpədə ev tikdirmiş bir qaçqın tanışımın adına olan birotaqlı yataqxana mənzilində qalıram, şəraiti çox bərbad haldadı. 
 
Dedim, bəs, namizədliyini müdafiə eləyə bildinmi? Dedi ki, namizədlik nədi, kim idi məni elə yerlərə buraxan? Heç kim məni özünə yaxın qoymadı. Soruşdum, bəs harda işləyirsən, nəylə dolanırsan? Dedi, ona-buna elmi iş yazıb satıram. Tələbələrə referat-zad qaralayıb başımı girələyirəm. Çox vaxt heç pul da vermirlər. Dedim, bəs, sən əqidəli adam idin, niyə belə şeylər eləyirsən? Dedi, nə fərqi var, mən yazmasam da birinə yazdıracaqlar. Heç olmasa, yazdıqlarımı tələbələrə və “gələcəyin alimləri”nə bu yolla oxuduram.
 

Murad Köhnəqala

Kultura.Az
Kultura.az | Developed by Samir Yahyazade