post-title

Somerset Moem - Səhər yeməyi

Onunla teatrda rastlaşdıq. Antrakt zamanı başını yırğalayaraq mənimlə salamlaşdı, mən də gedib yanında oturdum. Onu çoxdan görmürdüm və adını eşitməsəydim yəqin ki, tanımazdım.v

 

 
Neçə ildir görüşmürük! – gülümsəyərək dedi – Vaxt uçur, biz isə yaşlanırıq. İlk görüşümüzü xatırlayırsız? Siz məni səhər yeməyinə dəvət etmişdiniz.
Xatırlayırammı?!
 
İyirmi il əvvəl idi, mən Parisdə yaşayırdım. Latın məhləsində pəncərələri qəbirstanlığa açılan balaca bir mənzil kirayələmişdim və qazandığım pullar dolanmağıma güclə çatırdı. O, kitablarımın birini oxuyub mənə məktub yazmışdı.  Bir-iki sözlük təşəkkür məktubu yazdım və tezliklə ondan yeni bir məktub aldım. Bugünlərdə Parisə gələcəyini və mənimlə söhbətləşmək istədiyini, vaxtının isə məhdud olduğunu və yalnız növbəti həftənin cümə axşamı görüşə biləcəyəmizi yazırdı; səhər Lüksemburq sarayında olacaqdı və sonra biz Fuayoda səhər yeməyi yeyə bilərdik. Fuayo restoranına fransız senatorları gedirdi, mənim cibimə görə deyildi və bu yerə getmək haqda heç düşünmürdüm belə. Ancaq onun diqqəti mənə ləzzət edirdi, həm də qadınlara “yox” deyə bilməyəcək qədər gənc idim. (Kişilərə, qadının artıq onun nə cavab verməsinə laqeyd olduğu yaşa çatana qədər bunu öyrətmək çətin olur.) Ayın axırına qədər xərcləmək üçün 80 frankım qalmışdı, sadə səhər yeməyi isə on beş frankdan baha olmazdı. Qalan iki həftəni qəhvəsiz keçirsəm bu pullar mənə çatardı.
 
Ona yazdım ki, naməlum dostumu cümə axşamı birin yarısı Fuayoda gözləyəcəyəm. O, düşündüyüm qədər gənc deyildi və cazibədar olmaqdan daha çox vahiməli görünüşü vardı. Qırx yaşlarında qadın idi (gözəl yaşdır, lakin ilk baxışdan şiddətli ehtiras oyatmır). İri, düz, ağ dişləri var idi, amma nədənsə mənə elə gəldi ki, onlar lazımından artıq böyükdür. O, çox danışırdı, lakin mənim haqqımda danışmağa meylli olduğu üçün ona diqqətlə qulaq asmağa hazır idim.
Qiymətlərə baxanda gözlərim qaraldı, onlar düşündüyümdən də yüksək idilər. Lakin o, məni sakitləşdirdi.
 
Səhərlər heç vaxt yemək yemirəm – dedi.
Xətrimə dəyirsiniz! – alicənablıqla cavab verdim.
Mən səhərlər heç vaxt çox yemirəm: ancaq bir yemək. Məncə bizim dövrümüzdə adamlar yaman çox yeyir. Yəqin ki, bir az balıq yeyərəm. Görəsən, burda qızılbalıq var?
 
Hələ qızılbalığın mövsümü deyildi, yemək adları arasında da qeyd olunmamışdı, amma mən yenə də ofisiantdan qızılbalığın olub olmamasını soruşdum. Var imiş, onlara elə indicə bu il üçün ilk dəfə əla qızılbalığı gəlib.
 
Qonağım üçün qızılbalıq sifariş etdim. Ofisiant ondan sifariş hazır olana qədər başqa bir şey istəyib-istəmədiyini soruşdu.
 
Xeyr – o cavab verdi, - mən heç vaxt səhərlər çox yemirəm. Amma əgər kürünüz varsa imtina etmərəm. Ürəyim düşdü. Bilirdim ki, kürüyə çatacaq qədər pulum yoxdur, amma bunu necə etiraf edə bilərdim axı? Ofisianta kürü gətirməsini dedim. Özüm üçün ən ucuz yeməyi seçdim - qoyun əti kotleti.
- Siz niyə ət yeyirsiniz? – o soruşdu. – Başa düşə bilmirəm belə ağır yeməkdən sonra necə işləmək olar. Mən mədəni yükləməyin əleyhinəyəm. İndi şərab seçmək vaxtı idi.
- Mən səhər yeməyinə heç nə içmirəm – dedi.
- Mən də - tələsik cavab verdim.
- Ağ şərabdan başqa, – qonağım məni eşitmirmiş kimi davam elədi. – Ağ fransız şərabları elə yüngüldür ki. Həzmə kömək edir.
- Siz hansında istərdiniz? – könülsüz, lakin nəzakətlə soruşdum.
O, heyranedici dişlərini ağartdı.
- Həkimim mənə şampan şərabından başqa heç nə içməyə icazə vermir. Deyəsən, mənim rəngim bir az soldu. Yarım şüşə sifariş etdim. Eyni zamanda bir az saymazyana, həkimimin mənə şampan şərabını tamamilə qadağan etdiyini dedim.
- Bəs onda siz nə içəcəksiniz?
- Su.
 
O, kürü yedi, qızıl balıq yedi. Tamamilə sərbəst, heç sıxılmadan incəsənətdən, ədəbiyyatdan, musiqidən danışırdı. Mən isə nə qədər ödəməli olacağımı hesablayırdım. Sifariş etdiyim yemək gələndə o, yenə də mənimlə ciddi surətdə məşğul olmağa başladı.
 
- Görürəm ki, siz səhərlər möhkəm yeməyə vərdiş etmisiz. Çox nahaq yerə. Məndən nümunə götürün. Sizi inandırıram ki, əgər yalnız bir yemək yesəniz özünüzü daha yaxşı hiss edəcəksiniz.
- Mən elə yalnız bir yemək yeyəcəyəm, - ofisiantın yenə əlində menyu ilə bizə yaxınlaşdığını görüb dedim.
O, incəliklə ofisiantı uzaqlaşdırdı.
- Yox, yox, mən səhərlər yemək yemirəm. Yalnız bir az atışdırıram, o da söhbət üçün bəhanə olsun deyə. Artıq bir tikə belə uda bilmərəm. Amma əgər onlarda iri fransız quşqonmazı varsa... Düzü Parisdə olmaq və onu dadmamaq sadəcə günahdır.
Ürəyim qopdu. Mən bu quşqonmazı mağazalarda görmüşdüm və bilirdim ki, o, dəhşət bahadır. Hər dəfə onu görəndə ağzımın suyu axırdı.
- Madam sizdə quşqonmaz varmı deyə soruşur, - ofisianta dedim. Onu “yox” deməyə məcbur etmək üçün bütün iradəmi səfərbər etdim. Bu girdə pastoral fizionomiyada yaranan şən təbəssüm məni əmin elədi ki, onlarda bu iri, gözəl, zərif quşqonmaz var.
- Mən qətiyyən ac deyiləm, - qonağım dedi. – Amma əgər israr edirsinizsə bir az yeyərəm.
Sifariş verdim.
- Bəs siz istəmirsiz?
- Yox, mən quşqonmaz yemirəm.
- Hə, bəziləri onu sevmir. Ona görə ki, siz ət çox yeyirsiniz, bu isə zövqü korlayır.
 
Biz quşqonmazın hazırlanmasını gözləyirdik. Məni qorxu bürümüşdü. Artıq pulumun ayın axırına çatmağı barədə heç düşünmürdüm də, fikirləşdiyim yalnız hesabı ödəyə bilmək idi. Hesabı ödəyə bilməsəm və qonağımdan borc alası olsam necə də böyük biabırçılıq olar. Yox, bu haqda söhbət belə gedə bilməz. Cibimdə nə qədər olduğunu bilirdim və qərara aldım ki, əgər hesab bu məbləğdən çox olsa əlimi cibimə salıb qışqıracam ki, pul kisəmi oğurlayıblar. Əgər qonağımın da pulu olmasa əlbəttə bir xeyli narahatçılıq olacaq. O zaman yalnız bir şey qalır –saatımı girov qoyacam, sonra isə qayıdıb pulu ödəyəcəm.
 
Nəhayət quşqonmaz gəldi. O, çox böyük, təzə və iştahaçıcı idi. Mömin yəhudilərin yandırdığı buzovların tüstüsü Yehovanın burnunu qıdıqlayan kimi ərinmiş yağın ətri də mənim burnumu qıdıqlayırdı. Mən bu vicdansız qadının tikələri bir-bir fədakarlıqla udmasını və Balkanlarda müasir dramın vəziyyəti haqqında mühakimə yürütməsini izləyirdim. Nəhayət quşqonmaz yoxa çıxdı.
 
- Qəhvə? – soruşdum.
- Bəli, qəhvə və dondurma, - o cavab verdi.
Mənim artıq itirəcək bir şeyim yox idi və özüm üçün qəhvə, onun üçün isə qəhvə və dondurma sifariş etdim.
- Bilirsiniz, mənim həmişə riayət etdiyim bir qayda var, - dondurmanı bitirərkən o dedi. – İnsan gərək tam doymamış süfrədən qalxsın.
- Siz hələ doymamısız? – təəccüblə soruşdum.
- Yox, nə danışırsız, mən ac deyiləm; mən ümumiyyətlə ikinci səhər yeməyi yemirəm. Səhərlər bir fincan qəhvə içirəm, sonra nahar edirəm, ikinci səhər yeməyinə isə çox az bir şey atışdırıram. Mən sizi nəzərdə tuturdum.
- Hə, başa düşürəm.
 
Bu zaman dəhşətli bir şey baş verdi. Qəhvəni gözləyərkən baş offisiant bizə yaxınlaşdı və iri şaftalılarla dolu böyük bir zənbili yaltaq təbəssümlə bizə tərəf uzatdı. Şaftalılarda məsum qızın yanaqlarının allığı var idi; onlarda italyan peyzajındakı tonların bütün zənginliyi var idi. İlin bu vaxtı bunlar hardan çıxdı axı? Allah bilir neçəyədirlər. Bir az sonra mən də bildim, çünki qonağım sözünü belə kəsmədən zənbildən bir şaftalı götürdü.
 
- Görürsünüz, siz qarnınızı ətlə doldurduz (mənim zavallı kotletim!), ona görə də indi heç nə yeyə bilmirsiz. Amma mən yüngülcə qəlyanaltı elədim və indi də böyük məmnuniyyətlə bu şaftalını yeyəcəm.
 
Hesabı gətirdilər və ödədikdən sonra çaypulu verməyə cüzi pulum qaldı. Onun baxışları bir anlıq mənim ofisiant üçün qoyduğum üç franka zilləndi və o, əlbəttə ki, məni simic hesab elədi. Ancaq mən restorandan çıxanda ay sonuna hələ iki həftə vardı və cibimdə bir santim də yox idi.
 
- Məndən nümunə götürün, - vidalaşanda o dedi, - heç vaxt doyana qədər səhər yeməyi yeməyin.
- Mən daha yaxşısını edəcəm, - cavab verdim. - Bugün nahar yeməyəcəm.
- Siz çox zarafatcılsız – o, ekipaja minərkən şən səslə dedi.
 
Nəhayət ki, indi mənim qisasım alınıb. Məncə mən qətiyyən kinli insan deyiləm, ancaq düşünürəm ki, işə məhz ölümsüz allahlar özləri qarışanda onların əməyinin nəticəsinə baxıb ləzzət almaq tamamilə bağışlanandır. O, indi üç yüz funtdur.
 
Tərcümə: Əfsanə Şahmurad
Kultura.az

 

Yuxarı