«Demokratiya naminə» mahnı müsabiqəsi

Медиа

 

MÜSABİQƏ
 
Məqsəd: “Demokratiya naminə musiqi” adlı mahnı yarışmasının əsas məqsədi demokratiya, ictimai həyat, insan haqları, ədalət, qanunun aliliyi və digər oxşar mövzularda mahnıların yazılmasını və ifa edilməsini təşviq etmək, bu mahnılar vasitəsilə mövcud problemlərə diqqət çəkmək, onların həllini stimullaşdırmaq və demokratiyanın əhəmiyyətini nümayiş etdirmək, eyni zamanda istedadlı gənc bəstəkar və ifaçıları həvəsləndirməkdir.
 
Müsabiqə və “Art for democracy” Kampaniyası:
 
İştirakçılar üçün tələblər: Müsabiqə 40 yaşadək olan istənilən bəstəkar və ifaçı üçün açıqdır, iştirakçıların musiqi təhsili olması tələb edilmir. İşitrakçılar həm Azərbaycan Respublikasının vətəndaşları, həm də Azərbaycanda yaşayan əcnəbilər ola bilər, lakin təqdim edilən mahnılar yalnız Azərbaycan dilində olmalıdır.
 

İştirak qaydaları: Müsabiqəyə istənilən janrda olan yalnız yeni yazılmış mahnılar qəbul edilir, fərdi və ya qrup olaraq müraciət etmək mümkündür, bir iştirakçı cəmi 1 mahnı təqdim edə bilər. Mahnılarla yanaşı işitrakçı haqqında qısa məlumat (maksimum 1 səhifə) və bir şəkil (jpg formatda, maksimum 3MB ölçüdə) təqdim edilməlidir. Mahnılar CD, mp3 və ya DVD formatda təqdim edilməlidir, işlər disk, USB-kart və istənilən digər növ elektron daşıyıcıda qəbul olunur. Təqdim edilən işlər geri qaytarılmır, iştirakçılar mahnılar üzərindəki bütün hüquqlarını saxlayırlar. Mahnılar aşağıdakı mövzulardan birini əhatə etməlidir:
 
- Azad və ədalətli seçkilərin əhəmiyyəti, seçkilərdə vətəndaş fəallığı, seçkilərin ölkənin gələcək inkişafında əhəmiyyəti;

 
- Demokratik idarəçilik, demokratiyanın rolu, insan hüquqlarına hörmət demokratiyanın əsas tərkib hissəsi kimi;

 
- Söz və ifadə azadlığı, sərbəst toplaşmaq azadlığı, birləşmək azadlığı, mülkiyyət hüquqları, bu hüquqların əhəmiyyəti və mövcud vəziyyəti (ayrı-ayrılıqda yaxud ümumiliəşdirilmiş);
 
- Gənclik və demokratiya, gənclərin demokratikləşmə prosesində iştirakının təşviqi, onların rolunun mövcudluğu və əhəmiyyəti;

 
- Ədalət və bərabərlik bəşəri dəyərlər kimi, şəffaf məhkəmə sistemi, ədalətli qanunvericiliyin əhəmiyyəti.

 
Mahnılarda hansısa siyasətçinin hədəf seçilməsinə və ya adının hallanmasına, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd olan, zorakı və alçaldıcı, zor tətbiq etmə ilə bağlı çağırışlara və təhqirlərə yol verilməməlidir, bu cür mahnılar müsabiqədən çıxarılacaq. Problemlərin qabardılmasına və tənqidlərə yol verilir.
 

İşlərin qəbul edilmə qaydası:
 
Müsabiqə üçün nəzərdə tutulan işlərin təqdim edilməsi üçün [email protected] elektron poçtuna yaxud Kampaniyanın www.facebook.com/art4democracy Facebook səhifəsinə müraciət edin və ya +994 55 754 35 16 nömrəsinə zəng vurun.
 
İşlərin təqdim edilməsi üçün son tarix:
 
Müsabiqə üçün nəzərdə tutulan mahnıların qəbul edilməsinin son tarixi 31 mart 2013-cü ildir. Bu tarixdən sonra təqdim ediləcək işlər növbəti müsabiqələr üçün arxivdə saxlanılacaq, lakin qiymətləndirilməyəcək.
 

Qaliblərin seçilməsi qaydaları və mükafatlandırma:
 
Müsabiqəyə işlərin təqdim edilməsinin son tarixi bitdikdən sonra 2 həftə ərzində (aprel 2013-cü il) peşəkar bəstəkarlardan və musiqiçilərdən, eyni zamanda vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət Münsiflər Heyəti tərəfindən müsabiqənin 3 qalibi seçiləcək (1-ci, 2-ci və 3-cü yerlər). Müsabiqəyə təqdim edilən mahnıların sayı gözləniləndən çox olarsa qiymətləndirmə müddəti 1 aya qədər uzadıla bilər. Şəffaflığın təmin edilməsi məqəsdilə Münsiflər Heyəti üzvlərinin kimliyi yalnız Müsabiqə başa çatdıqdan sonra elan ediləcək. Münsiflər Heyətinin qərarları qətidir və dəyişdirilmir.
 
Qaliblər aşağıdakı kriteriyalar üzrə seçiləcək:
 
- Müsabiqə üçün nəzərdə tutulan mövzuların əhatə olunması;

 
- Mahnılardakı konkretlik və mahnıların davam etmə müddəti (həddən artıq çox davam edən manhıların təqdim edilməsi tövsiyə edilmir);

 
- İfaçıların səsi və ifa peşəkarlığı;
 
- 
Mahnıların yazılmasının keyfiyyəti, yəni səs yazısının keyfiyyəti;
 
- 
Kreativlik keyfiyyətləri.

 
Mükfatlandırma 2013-cü ilin may ayında baş tutacaq, mükafatlar aşağıdakı kimidir:

 
1-ci yer – 1000 AZN məbləğində pul mükafatı, qalibgəlmə haqqında diplom və mahnıya klipin çəkilməsi;
 

2-ci yer – 900 AZN məbləğində pul mükafatı, 2-ci yeri tutma haqqında diplom;

 
3-cü yer – 800 AZN məbləğində pul mükafatı, 3-cü yeri tutma haqqında diplom.
 

“Art for democracy” kampaniyasının xarici ölkələrdə keçirilən müsabiqələrdə və ya konsertlərdə iştiraka dəvət edilməsi gözlənilir, bu halda qaliblərin, o cümlədən qalib gəlməyən iştirakçıların müsabiqədən sonrakı dövrdə bu ölkələrə səfərlər etmələri və tədbirlərdə iştirakı nəzərdə tutulur.
 
Bu müsabiqə “Art for democracy” kampaniyası tərəfindən hazırlanmış və kampaniya çərçivəsində çoxsaylı fəaliyyət istiqamətlərindən biridir. Müsabiqənin davamlı olması planlaşdırılır. “Art for democracy” kampaniyasına 2012-ci ilin 10 dekabr tarixində – Ümumdünya İnsan Hüquqları Günündə start verilib. Kampaniya insan hüquqlarını təşviq və müdafiə etmək, vətəndaş cəmiyyətini gücləndirmək və incəsənət vasitəsilə Azərbaycanda insan haqları sahəsindəki vəziyyətlə bağlı məlumatlılığı artırmaq məqsədi daşıyır. İnsan Hüquqları Klubu (İHK), Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) və Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi (MBAM) kampaniyanın təşəbbüskarlarıdır, hazırda kampaniyada 20-dən artıq QHT, onlarla incəsənət nümayəndəsi və jurnalistlər birləşib. Kampaniya İHK tərəfindən koordinasiya edilir.
 
 
Kultura.az | Developed by Samir Yahyazade