Məğlubiyyətimizə ön söz

 

Mən bilmirəm, məntiqin sərhədlərinin bu qədər zorlandığı ikinci bir ölkə varmı dünyada? Sağlığında “vətən xaini” elan edilmiş və ölkəsindən qovulmuş Nazim Hikmət haqqında bəh-bəhlə, palaz boyda kitab yazmış xalqsız xalq yazıçısı Anar Rzayev bu gün “vətən xaini” elan edilən və vətəndaşlıqdan çıxarılması, Azərbaycandan qovulması istənilən Əkrəm Əylisli haqqında mühakimə məclisi qurmağa hazırlaşır. Böyük ehtimalla o mühakimənin sonunda Əkrəmi AYB üzvlüyündən çıxarıb, “xalq düşməni” olduğunu rəsmiləşdirəcək. Ədəbiyyatda “Yaxşı padşahın nağılı”nı yazıb həyatda pis padşahın nökəri olan adamdan başqa nə gözləmək olar axı?

Ya da guya elə Əkrəm Əylisli bir zamanlar “Xaos diktaturası” adlı məqaləsi ilə əkdiyi, vaxtlı-vaxtında dibini bellədiyi, suvardığı ağacın meyvələrini dərmirmi? Dünyanın hər üzünü görmüş, hər cikinə-bikinə bələd olan Əkrəm bəy guya fərqində deyildimi uzun illər üstünə toz qondurmadığı heydərizm hansı insan tipini arzulayır və yaradır bu ölkədə: elmsiz, bilgisiz, cahil, kitaba nifrət edən, qafası ilə deyil, qarnı ilə düşünən... İndi həmin insan tipləri Əkrəm bəyin qulağını kəsməyi, üstünə benzin töküb yandırmağı tələb edirlər.

Mən “Daş yuxular” romanı ətrafında qopan fırtınada düşdüyümüz vəziyyətin dözülməzliyini, ağırlığını bir daha anladım. Təsəvvür edin, həm müəllifə hücum edirlər ki, o, azərbaycanlıların humanist, tolerant keyfiyyətlərinə kölgə salır, həm də onu yandırmaq, qulağını qoparmaq təklif olunur. İnanın, Əkrəm Əylislinin romanının bəlli məqamları bizə heç vaxt başıaşağılıq gətirməzdi ki, onun ətrafındakı hay-küy, qara-qışqırıq Azərbaycan adına utanc gətirəcək. Humanizminin, tolerantlığının təhqir edildiyini düşünənlər qarşı tərəflə necə qarın yortmaq, kəllə qoparmaq, qulaq kəsmək, ölkədən qovmaq kimi faşistcə bir üslubdan yararlana bilirlər axı? Bu üslub əslində qəzəbə səbəb olan romanın iftira, yalan, saxta elan edilən epizodlarının, obrazlarının təsdiqi deyilmi?

Bax, Azərbaycan belə adamlarla əhatələnib: məntiqdən uzaq, səmimiyyətdən uzaq, ağıldan uzaq, bir dediyi digərinin əksi, bir etdiyi digərinə zidd. Öz vətəndaşına ədalət tanımayanlar dünyadan Xocalıya ədalət tələb edirlər.
Özü dəmir barmaqlıqlar ardında ikən dünyanı haqlarının müdafiəsinə səsləyən, azadlığa çıxması üçün Azərbaycan hakimiyyətinə basqı etməyə çağıranlar bu gün haqsız yerdə həbs yatan başqalarının müdafiəsinə qoşulan beynəlxalq təşkilatları düşmən obrazında təqdim edir.

Borçalı dərdi çəkənlər İsmayıllıda xalqına silah çəkənlərin əl-üzünü yuyur.
Güney Azərbaycan türklərinin ana-dilində yazıb-oxumasına imkan verilmədiyinə görə yeri-göyü inlədənlər bir dəfə də soruşmurlar ki, Quzey Azərbaycanda ana dilində məktəblər var, bəs o məktəblərdə niyə yazıb-oxumaq öyrətmirlər, bəs o məktəblərdə niyə təhsil yoxdur?

Somali uşaqlarının qızdırmasını ölçməyə gedənlər niyə bir dəfə də soruşmurlar: bəs sənin öz xalqın təzyiqini ölçdürməyə niyə İrana gedir?
Nə deyim, vallah, bir ölkənin taleyi, ağıl xocalığı, yolgöstərənliyi belə riyakar, ikiüzlü adamların əlində ikən onun bu gün düşdüyü vəziyyətə heyrətlənməmək lazımdır. Belə müti, itaətkar, hətta humanistliyini də şəxsi mənfəətə, merkantil maraqlara hesablayan, etirazının altında da riykarlıq yatan adamlarla bu ölkənin 20 faizinin işğalda, 80 faizinin də istibdad altında qalması məntiqəuyğunluqdur.

Köləliyimiz məğlubiyyətimizdir, Pənah Hüseynin məlum və məşhur tezisi də yalnız bundan sonra işə düşür: məğlubiyyətimiz isə cinayətimizdir.

Elnur Astanbəyli

Azadliq.az
 

Kultura.az | Developed by Samir Yahyazade