Alovun yatması üçün “Daş yuxular” bəhanəsi

Шахвелед ЧОБАНОГЛУ

 

 
Artıq keçməz oyunlarınız. Xalq sizin hotelinizi, evinizi yandırır, indi siz yazıçının evinin qabağına öyrədilmiş adamları yollamaqla baş qatıb vəziyyətdən çıxmaq istəyirsiniz?! 
 
İsmayıllı olayları göstərdi ki, bizim toplum onu boğaza yığan bu hakimiyyəti tarixin arxivinə yollamağa hazırdır və bunu bacaracaq. Quba hadisələri iştirakçılarının cəzalandırılması “Çırağ”ı alovdan qorumadı... Elə Əkrəm Əylislinin üzv olduğu Ziyalılar Forumunun yaranması da bunu sübut edirdi. Dünənəcən bu iqtidarın müdafiəçisi olan, ən azı ona qarşı çıxış etməyi özünə yaxın buraxmayan ziyalılar açıq tənqidə keçiblər. Baxın, siyasi müxalifətsiz də xalq, o cümlədən ziyalılar öz sözünü deməyə başlayıb. İndi ayrı dövrdür. 
 
Görürsünüz ki, xalq doğrudan da qığılcıma bənddir. Amma qığılcımı söndürməklə alovun qarşısını almaq mümkün deyil. Axı məsələ qığılcımda deyil. Məsələ köklü səbəblərdədir, illərdir ölkəni başına alan haqsızlıqda, yalan və talanlarda, xalqa edilən zülmdə, bərabərsizlikdə, ayrı-seçkilikdə, ədalətsizlikdədir. Yanğı olmasa, yəni alovlanmağa hazır mühit olmasa, yüz də qığılcım etsən, heç nə yanmaz. Bircə anlığa qığılcım üsulu ilə işləyən yanma mühərrikini yada salın. Orada yüksək oktavalı yanacaq olmasa, qığılcım mühərriki işə sala bilərmi? Təbii ki, yox. 
 
Bizim cəmiyyətdə haqsızlıqlar, əyriliklər, dözülməzliklər o qədər çoxdur ki, istənilən bir şey qığılcıma çevrilə bilər. Odur ki, YAP-çılar sönən “Çıraq”larından düzgün nəticə çıxarmalıdırlar. Əkrəm Əylislini xalq düşməni elan edəndə bilməlidirlər ki, xalq gözündə düşmən elə onların özüdür.
 
Yazıçı ilə bağlı təbliğatda sünilik və yalan açıqca görünür. Bu əsər çoxdan dərc edilib, bəs niyə indi yada düşdü? Ikincisi, onu oxumayan adamlar niyə ondan qeyzlənib? Üçüncüsü, əsgər ölümünə qarşı mitinqi qanunsuz sayıb iştirakçılarını cərimələyən hakimiyyət bu mitinqi niyə qanunsuz saymadı? 
 
Əkrəm Əylisli öz xalqını aşağılamaz. Bunu özü də əminliklə deyir. Əsəri oxuyan düşüncəli insanlar da bunu deyir. Əkrəm bəy Qarabağ münaqişəsinin ilk günlərindən xalqlar arasında dostluğun tərəfdarı olub. O, dostluq üçün addımlar atır. O, bu addımlara inanır. Yazıçı inanır ki, siyasətçilərin işi ayrı, onun işi ayrıdır. O inanır ki, dost münasibətlər Qarabağ ermənilərində bizim ölkədə yaşamaq istəyi oyada bilər. Bu cür düşünənlər ölkəmizdə var. Ermənistanda da var. Orada da Ermənistanı işğalçı adlandıranlar var, Xocalıya görə üzr istəyənlər var. Əkrəm Əylisli demir Qarabağ ermənilərindir, amma deyir ki, onlara dostluq üçün mesajlar vermək lazımdır. O hesab edir ki, bu, Azərbaycana xeyirdir. 
 
Əkrəm Əylisli erməniləri tərifləyəndə də məhz Azərbaycanı böyük göstərmək, ona fayda gətirmək istəyir. O bu üsula inanır. Onu sülhyaratma üsulu sayır. Bunu bəyənməyə bilərsiniz, faydasız saya bilərsiniz, amma buna görə yazıçını düşmən saya bilməzsiniz. Həm də hakimiyyətin ucuz təbliğatı ilə.
 
Digər tərəfdən, bu uzun illərdə hərb yolu ilə Qarabağı azad etməyə o mane olmadı ki?! Amma yazıçı hərbə yox, sülhə inanır. Xanımlar və bəylər, gözünüzü gen açın, Əkrəm Əylisli həmişə belə düşünüb. Əvvəllər də belə çıxışlar edib. Onun eyni jurnalda eyni mesajı verən yazısı əvvəl də olub. Nooldu, dünən Azərbaycan hakimiyyəti bunu görmürdü, Əylisli deputat seçilirdi hətta, amma indi düşmən elan edildi? Bu, yazıçının hakimiyyəti tənqid etməsinə və gündəmi unutdurmağa görə düşünülən çirkin oyundur.
 
Əvvəl yaydılar ki, Əkrəm Əylisli Ermənistan qaçqınlarının erməniləri qırmasından yazıb. Özü Ermənistan qaçqını olan, ədəbiyyat bilicisi kimi tanıdığımız fəlsəfə doktoru Etibar Əliyev dünən əla cavab yazıb buna: “Yazıçı Sumqayıt hadisələrində qaçqınların iştirakını göstərməklə ermənilərə deyir ki, sizin öldürdüyünüz, dədə-baba yurdundan qovduğunuz insanlar da sizi öldürdü. Sizi əvvəl niyə öldürmürdülər?!”. 
 
Burada Azərbaycanın ziyanına nə var? Amma sonra o da bəlli oldu ki, yazıçı öz doğma kəndi Əylisdə də ermənilərin öldürülməsindən yazıb, hansısa regionun adamlarını hədəfə almayıb. Heç birində də azərbaycanlılar aşağılanmır, sadəcə, əks tərəfə dostluq mesajları verir. Nə dərəcədə uğurlu olub-olmamasına baxmayaraq, əsər bundan o yana keçmir.
 
Tənqid edəcəksiniz, buyurun tənqid edin. Amma saxta deputatların, xalqın malını oğurlayanların, onların mətbuatdakı uzantılarının psevdo-vətənpərvər təbliğatına uymayın. Əkrəm Əylisli onsuz da bu qalmaqalda öncədən qalibdir. Çünki o bu gün xalqın ağır durumunu, ölkənin yanlış idarəsini dilə gətirən insanlarladır. O indi xalqladırsa, onu xalq düşməni etmək mümkün deyil. Nəhayət, yazıya görə kimisə vətən xaini elan etmək təcrübəsi rədd edilməlidir və rədd edəcəyik bunu.
 
Şahvələd Çobanoğlu
Azadlıq qəzeti
Kultura.az | Developed by Samir Yahyazade