Müxalifətə səsləniş

 

 
Bu gürcü elləri çox kədərlidi
Adamları sərxoş, göyü nəmlidi
Bura köç edəndən şair qəmlidi
Yıxın o rejimi, biz duraq gələk!
 
Hər yana yayılıb canqurun səsi
Ruhuma doğmadı gürcü nəğməsi
Amma rusca bilmir kimi kimsəsi
Yıxın o rejimi, biz duraq, gələk!
 
Tiflisdə boşuna sülənmək olmur
Şeh olub, gülünə çilənmək olmur
Dilləri çətindi, öyrənmək olmur
Yıxın o rejimi, biz duraq gələk!
 
Silahın nə fərqi, tapança, yaba
İnqilab sığışmaz dəftər-kitaba
Ordan İsmayıllı, ordan da Quba
Yıxın bu rejimi, biz duraq gələk!
 
Burda nə işimiz, orda kef olsa
Elşadın dediyi quru laf olsa
Bizə fərqi yoxdu, Əli ya İsa
Yıxın o rejimi, biz duraq gələk!
 
Günel Mövlud
Kultura.az

 

Kultura.az | Developed by Samir Yahyazade