Yazıçı Əkrəm Əylisliyə hücumlarla bağlı

Медиа

 

 
 
“Daş yuxular” romanına görə təqib olunan yazıçıya qarşı kirli aşağılama, gözdənsalma kompaniyası aparılır. Yazıçı hətta özünə və ailə üzvlərinə qarşı fiziki və mənəvi hücumlardan dərin narahatlığını ifadə edib.
 
Təəssüf ki, belə basqılara hakimiyyətdə yüksək pillədə duran siyasilər böyük qatqı verirlər. Siyasi müstəqilliyi hər zaman müzakirə mövzusu olan televiziya şirkətləri də öz növbəsində tərəfsiz və balanslı xəbərləmə, əks tərəfə cavab vermə hüququ tanıma ilə bağlı media qanunvericiliyinin tələblərini pozaraq yazıçıya qarşı siyasi kompaniyada yaxından iştirak edirlər. Yazıçıya və romana qarşı çıxan rəyləri həvəslə yayan televiziyalar əks fikirlərə yer ayırmır, tənqid hədəfinə çevirdikləri yazıçıya cavab hüququ vermirlər. “Televiziya və radio yayımı haqqında” qanunun bu müddəalarının pozulmasına, defamasiya və nifrət dolu çağırışlara baxmayaraq Milli Teleradio Şurası bu vəziyyəti sakitliklə seyr etməkdə davam edir.
 
Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı: “Hər hansı əsərdəki ifadələrlə bağlı hər kəsin rəyini bildirmək, onu qınamaq və ya bəyənmək haqqı var. Bu hüquqdan yararlanma başqa şəxsin hüquqlarına və qanuni mənafelərinə zərər vurmamalı, eləcə də milli nifrət, ksenofobiya təbliğ etməməlidir.”
 
Media Hüququ İnstitutu yazıçıya qarşı bu çirkin kompaniyanı dayandırmağa, onun və ailə üzvlərinin təhlükəsizliyi üçün qanuni tədbirlər görməyə çağırır.
 
Kultura.Az
Kultura.az | Developed by Samir Yahyazade