İstədiyini demək və istədiyini etmək arasında fərq

Фирудин АЛЛАХВЕРДИ

 

Onu öz aləmlərində təhqir edirlər, evi qarşısında öz təbirləri ilə desək “icazəsiz aksiya” keçirdirlər, hədələyirlər və s.
 
İfadə azadlığı kimi dəyərin vacibliyini daha aydın görmək üçün təkamül pilləsinə nəzər yetirmək bəs edər.
 
Alimlərin dediyinə görə planetdəki bütün canlı orqanizmlər aləmi öz başlanğıcını suda yaşayan birhüceyrəli, gözlə görünməyən orqanizmlərdən götürür. Bu orqanizmlərdən müxtəlif təkamül yolları ilə bitkilər, heyvanlar və digər canlılar yaranıb.
 
Əslində heç cür demək olmaz ki kimin təkamül yolu daha doğrudu; əgər heyvan və bitkilərin dili olsa, məsələn zürafə təkamül zamanı boynunun uzanması ilə qürrələnərdi, dəvəquşu deyərdi ayağım inkişaf edib, hamınızdan tez qaçıram, nə bilim ağ ayı deyərdi kürküm var, Qalapaqos tısbağası öz uzunömürlülüyü ilə öyünərdi. Uzun sözün qısası, bir növ uçmağı ilə fəxr edərdi, başqa bir növ üzməyi ilə, lap başqası suda-quruda yaşamağı ilə.
 
İnsanın da başqalarından üstünlüyü onun beyninin inkişafıdır ki o proses hələ də getməkdədir. 
 
Bu prosesin daha sürətli getməsi üçün yaradılmış şərait isə bütün cəmiyyətlərdə eyni deyil. Buna görə də cəmiyyətlər arasında belə fərqlər yaranıb.
 
Cəmiyyətlərin birində feodal quruluş hökm sürürsə, başqasında quldarlıqdı, bir başqası isə hələ ibtidai icma quruluşundan çıxmayıb.
 
Düzdür, burada da hansının doğru, hansının yanlış olduğunu mübahisəli hesab edə bilərik. Təbii şərtləri bir qırağa qoyub da sadəcə sosial şərtlərdən baxsaq görərik ki bəzi cəmiyyətlərdə yaşayanlara öz münasibətlərini aydınlaşdırmaq üçün vurub-tutmağa şərait geniş olduğundan onların sadəcə əzələləri inkişaf edib, bir başqasında boğazdan eyni zamanda iki səs çıxarmaq aktual məsələ olub və buna nail olublar; beləliklə birinin ayağı inkişaf edib, o birinin əli, başqası isə beyninin inkişafını davam etdirməklə məşğuldur.
 
Beləliklə seçim hər bir cəmiyyətdən və onun üzvlərindən asılıdı. Əgər biz də bir cəmiyyət olaraq hesab etsək ki bizim üçün beynimizin inkişafı önəmlidir, o zaman beyinlərinin məhsulları ilə uğur qazanmış cəmiyyətlərin keçdiyi yola diqqətlə baxmalıyıq.
 
İndiki halda bu model qərb modelidi. Onlarda da bu inkişafın səbəbi beyinlərinin inkişafı üçün münbit şərait yaratmalarıdı. Bunun da adı əvvəldə sözünü etdiyimiz “İfadə azadlığı”dır.
 
İnsanların düşüncəsinə azadlıq verməkdən qorxmaq lazım deyil. Ola bilməz ki hardasa bir nəfər, bir qrup, bir ailə, bir partiya, ya da bir nəsil hamıdan ağıllı olsun. Bu mümkün deyil. Hərənin özünə görə ağlı var və bu ağılların düşündüklərini sadəcə dinləmək lazımdı. Əgər fikir hamının ağlına batırsa, hamıya sərfəlidisə niyə də o fikrə əməl etməyəsən? Beləliklə inkişaf da sürətli gedər, necə deyərlər başqalarının da yanında başıaşağı olmarsan.
 
İnsanlar istədiklərini deyə və yaza bilməlidir. Bu şərait yaranmayanda istədiklərini edirlər. Bu gün bir qrup, sabah başqa bir qrup – fərqi yoxdu. Bu zaman həmişə ümumi narazılıq olacaq. Ən dəhşətlisi isə ümumi narahatlıq.
 
Bizim qaragüruh isə gözümüzün qabağında bu mühüm bəşəri dəyərə - İfadə azadlığına hücum edir. Əsas problem Əkrəm Əylislinin nə yazdığı deyil, onun yazdığına, ümumiyyətlə yazıya, yaradıcılığa qarşı göstərilən reaksiya olmalıdı.
 
Onun yazdığını müzakirə etmək olar, onu şifahi (yaxşı olardı ki yazılı) tənqid etmək olar, uzağı onunla mübahisə etmək olar.
 
Yoxsa onu linçlə hədələmək, öz aləmində təhqir etmək – Nəsiminin azərbaycanlılara heç bir dəxli olmadığını iddia etmək kimi bir şeydi. Çünki dəxli olsaydı yaradıcı insana və onun yaratdığına aqressiv reaksiyanın aqibətindən dərs götürməliydik. Belə məlum olur ki Azərbaycanda digər yaradıcı, elə həmçinin siyasi şəxslərə qoyulan heykəllər kimi Nəsiminin heykəli də azərbaycanlıların indiki, real vəziyyətini əks etdirmir.
 
Söz azadlığının mühümlüyü barədə yazılmış ən ağırçəkili kitablardan biri ingilis filosofu John Stuart Mill`in “Azadlıq haqqında” əsəridi. Təsəvvür edin, XIX əsrdə yaşamış azərbaycanlı (onu protoazərbaycanlı da adlandıra bilərik) M.F. Axundzadə o əsərin İngiltərədə çapından cəmi bir neçə il sonra Tiflisdə bu əsər barədə yazı yazıb. Bu isə necə deyərlər həm yaxşı, həm də pis xəbərdi.
 
Yaxşıdı ona görə ki görün böyük fikir adamımız o əsrdəki coğrafiya və kommunikasiya çətinliklərinə baxmayaraq dünyanın fikir gündəmini necə izləyirmiş və nəyə diqqət yetirib. Acınacaqlı hal idə bizim Axundzadənn göstərdiyi yola qeyri-ciddi münasibətimizdi. Əlbəttə, onun latın əlifbası ilə bağlı uzaqgörən düşüncələri necə həyata keçdisə, bu fikirləri də gec-tez həyata keçəcək.
 
Bu geci-tezi isə özümüz müəyyən etməliyik.
 
Firudin Allahverdi
Kultura.Az
Kultura.az | Developed by Samir Yahyazade