Jurnalist, yoxsa vətəndaş?

 

 
Verilişin qonaqları elan olunanda babat kef elədim, çünki qonaqların hər üçünü (Rəşad Məcid, Əflatun Amaşov və Vüsalə Mahirqızı) şəxsən tanıyıram, hər üçü iki il davam edən "Səhər yeməyi"min qonaqları olub, yəni el dili ilə desək, hərəsi ilə bir qismət çörək kəsmişik.  Üstəlik, Vüsalə xanım da əməkdaşlıq elədyim media holdinqin rəhbəridir ki, bu da yazıda lazım olduğundan daha obyektiv görünməyə vadar edən vacib faktorlardan biridir. 
 
Mövzu: jurnalist tərəfsizliyi. Verilişin xammalı; məlum aksiyalardan görüntülər. Və iki media rəhbəri, bir də Mətbuat Şurasının sədri başlayırlar müzakirəyə. Açığı, mən üç qonağın verilişin əvvəlindən axırına qədər səsləndirdikləri bütün fikirlərlə razıyam. Bəli, jurnalist onlar deyən kimi olmalıdır. Jurnalist hadisənin iştirakçısı olmamalıdır. jurnalist etiraz aksiyalarında, hərc-mərclik olan yerdə polisə sığınmalıdır ki, təhlükəsizliyi təmin olunsun. Təhlükəsizliyini təmin etmək üçün jurnalist adından istifadə etməməlidir. Bu heç - buna razı olduq.
 
Verilişdə ara-sıra təqdim olunan süjetlərdə müzakirə mövzusu kimi Xədicə İsmayılın aksiya zamanı görüntülərindən lazım olan hissələr göstərilirdi. Bu kadrlarda biz azərbaycan polisinin Xədicə İsmayılın qurbanı oluğunu görürük. Xədicə xanım polisləri danlayır, onlara qarşı mənəvi terror edir, bəzən də təhqir edir. Üstəlik, Xədicə xanım bunların hamısını jurnalist adından istifadə edərək gerçəkləşdirir. Qeyd edək ki, bunlar hamısı verilişi hazırlayanların təqdimatında belə görünür.
 
Razıyam, jurnalistin istedadı elə ondadır ki, lazım olanda kadrları, məlumatı öz fikrini möhkəmləndirəcək, onu müdafiə edəcək şəkildə interpretasiya etsin. Odur ki, başqa videogörüntülərdə, başqa intrepretasiyalarda gördüyümüz bu kadrları da aparıcının özünə sərf edən şəkildə təqdim etməsinə bir sözüm yoxdur.
 
Bu da heç.
 
Xırda bir haşiyə: Məşhur rus jurnalistləri Qordon və Solovyovun duel tipli bir tele-şousu vardı. Orada həftə ərzində baş vermiş bir hadisədən iki süjet hazırlayırdılar. Aparıcılardan biri o hadisənin xeyrinə, digəri isə ziyanna arqumentlər gətirirdi. Sonra aparıcılar süjetdə göstərilən fikirləri müdafiə edərək bir-birlərilə mübahisə edirdilər. Bu çox axmaq mənzərəydi və insanlara verilən mesaj o idi ki, mövzudan asılı olmayaraq söhbəti istənilən cür loru dildə desək, fırlatmaq olar. Bu yöntəm, avtoritar və totalitar idarəetmələr üçün əlverişlidi. 
 
Belə yerdə mənzərəni aydınlaşdırmaq üçün tək vasitə, diqqəti sistemin öz mahiyyətinə yönəltməkdir.
 
Deməli, suallar yaranır:
 
Hanı verilişdə əks mövqe? Hanı opponent? Bunlar bir yana, bəs problemin kökü niyə müzakirə olunmur? Niyə jurnalistin guya tərəfli davranışı müzakirə olunan yerdə, həmin aksiyalar zamanı polisin qanunsuz hərəkətləri, tədbiq elədiyi zorakılıq da müzakirə olunmur? Axı niyə mən ümumiyyətlə özümü həbsdən, zərbədən qorumaq məcburiyyətində qalmalıyam ki, jurnalist adına əl atım? Belə çıxır ki, sadə vətəndaşı döymək olar, həbs eləmək olar, amma jurnalisti həbs eləmək olmaz? Bu nə məntiqdir? Bu nə qanundu? Axı heç belə qanun da yoxdu. Varsa da o qanun yanlışdı.
 
Jurnalist döyənin, dubinka vuranın, söyüş söyənin aksiya iştirakçısı deyil, polis olduğunu görürsə, necə öz təhlükəsizliyini qorumaq üçün onun yanında dayansın? 
İkincisi, niyə biz kadrlarda ancaq Xədicə İsmayılı görürük? Hanı başqa jurnalistlər? Niyə hadisələr ancaq bir jurnalistin fonunda müzakirə olunur? Verilişin məhz bu xanıma həsr olunduğunu gizləmək üçün bir az istedadlı davranmaq olmazdımı?
 
Tərəfsiz jurnalistikanı mövzu seçmiş aparıcı ancaq bir tərəfin, birtərəfli fikrini alır. Tərəfsiz jurnalistikadan danışan qonaqlar ancaq bir tərəfi ittiham edir. Ancaq bir tərəfin hərəkətlərinə şərh verir. Təkrar eləyirəm, şərhlərlə razıyam. 
 
Çox sevdiyim bir müdrik fikir var: Dnüyada həqiqətdən gözəl heç nə yoxdur. Amma həqiqətdən də qərəzli şəkildə istifadə eləmək olmaz.
 
Günel Mövlud
Kultura.Az
Kultura.az | Developed by Samir Yahyazade