post-title

Sənətdən həyata yol uzaqdırmı?

Etiraf edək ki, sənət və ədəbiyyat adamlarına münasibətimiz həmişə birmənalı olmur. Bir çox hallarda böyük sənətlə böyük ruhun vəhdətini axtarırıq bu insanlara və sənətə həm də yaradıcı insanın şəxsiyyətinin konteksindən baxırıq. Bəlkə də yanılırıq, səhv edirik.

 

Amma burada mənim yadıma F.Dostoyevski haqqında filmdən bir epizod düşür. F.Dostoyevskidən soruşanda ki, Sizə belə danışmağa nə haqq verib, o, ayaqlarındakı qandal izlərini göstərir. Təbii ki, bu da kinodan və yenə də sənətdən misaldır. Amma ola bilsin, həyat bütün sənət əsərlərindən qat-qat mürəkkəbdir. Çox güman ki, elə belədir də, çünki başımız Göylərə tuşlansa da ayaqlarımız Yerə bağlıdı və hər zaman bizi Yerə doğru çəkir. Buna bəzən reallıq hissini itirməmək də deyirlər. Amma məsələ daha qəlizdir.

Hərdən mənə elə gəlir ki, biz ədəbiyyat və sənət üçün yanlış bir sosial missiya uydurmuşuq. Bizə həmişə elə gəlib ki, onlar həm də tərbiyə etməlidirlər. Amma belədirmi? Güman etmirəm. Bunu tarixçilər hamıdan gözəl ifadə ediblər - tarix göstərir ki, o heç kimə heç nəyi öyrətmir.

Ədəbiyyat və sənət adamları belə etirafda bulunmurlar, onlar bu haqda susmağa üstünlük verirlər. Fəqət, onlar sussa da həyat susmur, çünki ən böyük əsər elə həyatın özüdür. Çox vaxt həyat elə situasiyalar yaradır ki, heç bir sənətkar bunu nəinki yaratmaq, heç təkrar etmək iqtidarında da olmur. Həyat qəribə sınaqlar silsiləsidir. Bir sınaqdan o birisinə qədər biz çox məğrur, qürurlu oluruq, qəhrəmanlarımızı təqlid edirik. Elə ki sınaq yetişir və imtahan vermək anı çatır, onda başlayır - etiraflar, bəraətlər, tövbələr... Çox az sənət adamı bu sınaqlardan öz qəhrəmanları kimi çıxır, əksəriyyət onu dizləri üstündə qarşılayır və yola salır...

Biz də bundan qeyzlənirik, bəzən coşub-daşırıq. Amma buna dəyərmi? Primitivləşdirmək həyatda bəzən yaşamağa kömək edir. Bəlkə ədəbiyyata və sənətə də belə yanaşaq? Birdəfəlik qəbul edək ki, hamı kimi sənət adamlarının da işi var və bu iş böyük idealları, lap açığı, pafoslu bəyanatları tərənnüm etməkdən ibarətdir. Belə yanaşsaq, bizim üçün də, onlar üçün də daha asan olmazmı? Amma burada sual yaranır. Onda nədən qədim yunanlar faciəni, teatrı və böyük ədəbiyyatı yaratdılar? Nədən bəşəriyyət fəlsəfəsiz keçinə bilmədi? Nədən ilk insan əlinə bir daş parçası götürüb böyük daşların üzərində təsvirlər cızmağa başladı? Nədən? Nədən min il bundan əvvəl də, indi də insanın ürəyini bir işıq - yaratmaq işığı şölələndirir?

Elmlə bağlı deyirik ki, insanlar bunsuz keçinə bilmədi. Bəs sənət? Bəs ədəbiyyat? Doğrudanmı, bunsuz keçinmək mümkün deyildi? Kor Homer öz hekayələrini uydurmaq üçün haradan enerji alırdı? Axı Odisseyin rastlaşdığı sınaqlar və yaşadığı həyat Afinanın bəlkə də yüzlərlə korunun təsəvvür edə biləcəyindən qat-qat mürəkkəb idi! Bunu Servantes haqqında da, Dante haqqında da demək olar... Əgər bütün bunlar bir əyləncə idisə, kiminsə eqosunun təsdiqi idisə, nədən belə uzun ömürlü oldu? Nədən biz Don Kixotda Servantesi, Faustda Göteni görməyə başladıq? Bəlkə bunlar da elə adsız, müəllifsiz nağılların bir davamı idi? Bəlkə bunlar da elə axşamlar ocaq qırağında söylənilmək və sonra da unudulmaq üçün yazılmışdı?
“Qədim yunanlar bəşəriyyətin uşaqlığıdır” - deyiblər. Bəlkə elə bundan yapışmaq lazımdır? Uşaqlar axı həmişə nəsə uydurmağı sevirlər! Onda bəs ispanlar, italyanlar, almanlar, fransızlar? Onlar necə olsun? Axı fransızların ensiklopediyanı və yaxud Volteri uşaqlıqdan uydurduqlarını qəbul etmək çətindir! Uşaqlar belə ciddi oyunlar oynamırlar axı... Əgər elm vardısa və yaxud da sonradan yarandısa, fəlsəfəyə nə ehtiyac vardı? Məgər biz Platonsuz, Aristotelsiz, Kantsız və ya Hegelsiz keçinə bilməzdikmi? Səbəbini yazmaqda acizəm, lakin məlum oldu ki, keçinə bilmirik! Fəqət, nədən? Bax, bunu bilmirəm...

Həyat onu yaşamağa dəyərmi?

Bəzən deyirlər ki, hətta dini ayinlər təsəlli üçün yaradılıb. Bəlkə elə sənət, böyük ədəbiyyat və elə fəlsəfənin özü də təsəlli üçün yaradılıb? Amma nədən təsəlli üçün? Bəlkə A.Şopenhauerin uydurduğu bəşəri kədəri sovuşdurmaq üçün? Bəs bəşəri kədəri uydurmaq nə üçün lazım idi?

A.Kamyu burada deyərdi ki, hər şey çox sadədir - insan mənasızlığı özündən uzaqlaşdırmaq, faniliyə bir məna vermək üçün bütün bunları uydurmaq zorundadır, çünki o həmişə bir sualla əlləşir: həyat onu yaşamağa dəyərmi?

Hüseynbala Səlimov

Azadliq.az

Yuxarı