post-title

Boz və zövqsüz azərbaycanlılar

Keçən il sonlarında CAUCADOC film festivalına hazırlıq çərçivəsində keçirilən təbdirdə iştirak etmək üçün Tiflisə getmişdik. Orda olduğumuz müddətdə bir neçə tədbirdə iştirak etdik. Tiflisin mədəni-siyasi həyatı ilə daha yaxından tanış olmağa imkan tapdıq.

 

 
Tiflis XIX əsrin sonu XX əsrin əvvəllərində Qafqazın mərkəzi olub. Regionun digər şəhərlərinə nisbətən həmin illərdə bu şəhərdə azadlıqlar daha çox olub. Mədəni-siyasi sferadakı inkişaf insanların həyatında özünü göstərib. Qafqazın əksər intellektualları bu şəhərdə yaşayıblar. İndi də bu şəhərdə bütün sahələrdə azadlıqlar var. Son dövrlər bu şəhər yenidən mərkəzə çevrilməyə başlayıb. Qafqazın bütün prosesləri buradan başlayıb və indi də bu şəhər lokomotiv rolunu oynayır. 
 
Tiflisdə insanlar bizimkilərdən fərqli olaraq daha zövqlə geyinirlər. Adicə küçədə gəzən insanların geyimlərinə, görünüşlərinə baxıb görürsən ki, bunlar Cimiyə, qaraçıya, alverçiyə yox, müasir insana oxşayırlar. Elə bil hamısı ucdantutma yazıcı, rejissor, rəssamdı. Hərənin öz üslubu var. Bu, azərbaycanlılarla gürcülərin dünyagörüşlərinin fərqindən irəli gəlir. Gürcülər daha az pulla daha yaxşı geyinə, öz obrazlarını yarada, bu obrazı təqdim edə bilirlər. Kim deyir ki, geyinmek pulla bağlı məsələdi bir balaca səhv edir. Azərbaycanda xeyli adam var iki min manatla mağazaya girib, sadəcə əyninə şalvar ala bilmirlər. 
 
Azərbaycanlılar Tiflisə istirahətə gedəndə də özlərilə kostyum aparırlar. Kostyum onların ya əlində, ya da əynində olur. Biz Tiflis dəmiryolu vaqzalında “veşılka”da kostyum daşıyan adamlar görəndə azərbaycanlı olduğunu təxmin edirdik. Həmin adamlar azərbaycanca danışanda bilirdik ki, öz təxminimizdə yanılmamışıq. Görün azərbaycanlılar nə qədər boz və zövqsüz geynirlərsə, bir balaca rəngli, zövqlə geyinmiş adama kafe və restoranlarda ofisiantlar yaxınlaşanda bilmədikləri ingilis dilində danışırlar: “My name is... I am from Azerbaijan, my mother is teacher, father is engineer”.  
 
Gürcülər zövqlə geyindiklərinə görə Tiflisin bir babat mağazasından özünə lazım olan bütün paltarları ala bilərsən. Azərbaycanda adamlar qara rəngə üstünlük verdiklərinə görə alverçilərimiz tələbata uyğun olaraq ölkəyə qara rənqdə paltarlar gətirirlər. Ona görə bir balaca zövqlə geyinən adam özünə paltar almaq üçün ən azı üç gününü xərcləyərək şəhərin mağazaların ələk-vələk etməlidi. Bizimkilərin pulları daha çoxdur, Bakıda demək olar ki, bütün brendlər var, amma normal geyinməyi bacaran çox az sayda adam görürsən. Üstəlik, utanmadan da fəxr edirlər ki, biz gürcülərdən varlıyıq. Nə olsun ki, pulunuz çoxdur? Onsuz da nə o pulu xərcləməyi bacarırsızsız, nə geyinməyi, nə istirahəti, nə də başqa şeyləri. Şadlıq evlərində atdanıb, hoppanıb-düşməkdən savayı əyləncəniz yoxdu.
 
Ərəblərdə də pul çoxdur, amma başları işləmir. Pullarını təhsilə, elmə, mədəniyyətə sərmayə qoymaq əvəzinə gedib 6 təkərli “cip”lər alıb “iki təkər etmək”lə məşğuldurlar. “Cip”də oturub, amma təfəkkür dəvənin üstündədir. Üç milyonluq gürcü xalqının mədəni göstəricisi qızıl içində batan ərəb ölkələrindən daha yüksəkdir. Teatr var. Kino var. Opera var. Balet var. Akademik musiqi var. Rəssamlar var. Siyasətçi var. Çaxır var. Parıltıyla iş bitmir. İnsanı başqa canlılardan fərqləndirən şüurunun olmasıdır. İnsan yaradıcı varlıqdır. Çəkir, qoşur, bəstələyir... Əgər hər şey parıltıyla, alış-veriş mərkəziylə, otellərlə ölçülürsə, bəs o zaman bizim ruhdan, mədəniyyətdən danışmağımız nə qədər doğru alınır?  
 
Səfər çərçivəsində “13-cü Tiflis film festivalı”nda da iştirak etdik. Festival keçirilən kino-teatra gələndə təəccübləndik. Məkanda müxtəlif təbəqələrdən və fərqli tiplərdə çoxlu insan var idi. İnsan özünü Avropa ölkələrində keçirilən film festivallarındakı kimi hiss edirdi. Üstəlik də tədbir iki məkanda keçirilirdi. Böyük foye zövqlə geyinmiş adamlarla dolmuşdu. Çox çətinliklə hərəkət edirdik. Bəlkə də orda olan insanların sayı Azərbaycanda il ərzində kinoya, teatra gedən adamlar sayından çox idi. Bu heç, öz yerində. 
 
Azərbaycanda nəinki yaradıcı adamlar arasında, hətta bütün ölkəni axtarsan o cür zövqlə geyinmiş yeddi yüz adam tapa bilməzsən. Bizim rejissorlar, yazıçılar, aktyorlar yaradıcı adamdan daha çox jek müdirinə, aqranoma, qardaşı oğlunun toyuna gəlmiş polis mayoruna oxşayırlar.
 
İştirakçılar bizim aktyor, rejissor, kinoşunaslar kimi kolxozçu, alverçi, bazarkoma yox, həqiqi bu işlə məşğul olan peşəkarlara, incəsənət adamlarına oxşayırdılar.
 
Adam Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanova baxanda bilməsə peşəsi nədir, elə bilər ki, maşın alverçisidir. Özü də maşını Almaniyadan özü sürə-sürə gətirir. Bir tanınmış gürcü rejissoru heç vaxt bu səviyyədə fikir söyləməz: “Aktyor nədir ki, onun nə siyasi baxışı olsun? Aktyor həmişə müəllifin, rejissorun diktəsi ilə həyat sürən yaradıcı şəxsdir”.
 
Festivala sponsorluq edən çoxlu sayda şirkət, təşkilat var idi. Hətta bu sırada Türk Hava Yolları da vardı. Hansı ki, bu kampaniya Avropada bir neçə dəfə ilin ən yaxşı aviaşirkəti olub. Bu şirkət elə-belə tədbirlərə dəstək vermir. Azərbaycandakı kimi sifarişli, icazəli sponsorluq etmir. Bu da onu göstərir ki, festivala diqqət həddindən artıq çoxdur və gürcü incəsənət adamları uğurlu iş görə bilir, böyük kampaniyaları sponsor kimi işlərinə cəlb edə bilirlər. Bunun da əsas səbəbi bu ölkədə iqtisadi-siyasi, mədəni azadlıqların mövcud olmasıdır. Böyük şirkətlərin festivala dəstək verməsi onun göstəricisidir ki, həm də dövlət tərəfindən mədəniyyət tədbirləri əsaslı olaraq dəstəklənir. 
 
Azərbaycanda belə bir festivalın mövcudluğundan söhbət gedə bilməz. Gələcəkdə də olması şübhəlidir. Sevinc Babayevaya kitabxana fırlatmağı təklif edən Əbülfəz Qarayev kimi bir mədəniyyət nazirinin varlığı, bu ölkədə belə böyük miqyasda tədbirlərin olmasının nə qədər mümükünsüz olduğunu göstərir. 
 
Festival o demək deyil ki, dünyanın məhşur musiqiçilərini Qəbələyə yığıb lülə, tikə, dana basdırması qonaqlığı verib, cibinə də yüzminləri doldurub geri göndərəsən. Bir neçə il öncə Qəbələ festivalında iştirak edən London Simfonik Orkestrinin saytına girib baxdıq ki, görək onlar bu barədə nəsə yazıblarmı? Məlum oldu ki, onların Qəbələdəki çıxışı heç saytlarındakı siyahıda da göstərilməyib. Belə məlum olur ki, xaricilər bəstəkar Kamalın və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun birlikdə pul gücünə keçirdikləri Qəbələ Musiqi Festivalına qeyri-ciddi baxırlar. Orda tam təsadüfən iştirak edən dostlarımız gülməli, həm də ağlamalı faktlar açıqlayıblar. Məsələn, Motsartın məşhur 40 saylı simfoniyasının dörd hissəsinindən yalnız iki hissəsi - birinci və sonuncu hissələr çalınıb. Bütün bunlar xaricdən gələnlərin bizə, xalqımıza və onun mədəni səviyyəsinə ciddi münasibət göstərmədiyinə nümunədir. Bu mənada, festival keçirmək əvəzinə o festivala qədər gəlib çıxan yolun özünü çəkmək lazımdır. Problem ondadır ki, musiqi təhsilimiz ötən əsrin 60-cı illərində SSRİ-də yazılmış dərsliklərlə, proqramlarla keçirilir, hətta ali təhsil almış musiqiçi kadrlarımız notu üzdən oxuya bilmirlər. Azərbaycanda cəmi bir dənə “dişədəyəsi” simfonik orkestr var, bütün musiqi kollektivləri də bir şəhərə yığışıb. İndi özünüz deyin, belə bir mühitdə Qəbələdə böyük bir festival keçirilməsi kənardan nə qədər normal görünür?
 
Festivalda bir çox mövzularda filmlər var idi. Mövzulardan hiss olunurdu ki, rejissorlar filmləri çəkəndə əziyyət çəkməyiblər. İstədikləri mövzunu götürüb işləyə biliblər. Yəni heç bir nazirlikdən, idarə rəisindən, polisdən, prezident aparatından, məmurdan icazə almaq məcburiyyətində qalmayıblar ki, filan mövzuda film çəkmək olar, ya olmaz? 
 
Azərbaycanda az-çox festivallarda, teatrlarda, tamaşalarda iştirak etmişik. Amma bu qədər insanın marağını cəlb edən tədbir görməmişik. Festivalın bağlanış mərasimində zalda yer olmadığına görə yer tapmaq üçün xeyli əziyyət çəkdik, axırda əlacsız qalıb tələbələrlə birlikdə pilləkənlərdə oturmağa məcbur olduq. Sözün açığı bundan özümüz də böyük həzz aldıq. 
 
Eyni vaxtda kinoteatrın 3 zalında tədbir gedirdi və  bütün zallar tamaşaçı ilə dolmuşdu. Bu da gürcülərin azərbaycanlılardan fərqli olaraq mədəniyyətə, incəsənətə, ədəbiyyata nə qədər yaxın olduqlarını, qafqazlılar arasında dünyagörüşünə görə digərlərindən nə qədər fərqləndiklərini və nə qədər irəlidə olduqlarını göstərir. Buna görə cırnamaq, qərəzli olmaq lazım deyil. Əksinə, burdan nəticə çıxarmaq lazımdır. Amma inanmırıq ki, Azərbaycan insanı bundan nəticə çıxarsın. Çünki buna qədər bu mövzularda kifayət qədər yazılıb, danışılıb. Amma bir nəticə yoxdur. Nəinki yoxdur, bir çox insanlar reallığı həzm edib nəticə çıxarmaq əvəzinə inkişaf etmiş xalqların paxilliqlarını çəkirlər. Bu da onların xislətindən və mahiyyətindən xəbər verir.
 
Bizdə çox az adam var ki, görünüşündən hansı peşə sahibi olduğunu təxmini müəyyən edə bilərsən. Qalanlarının sifətinə baxanda hiss edirsən ki, yeri səhv düşüb. Məsələn, Abel Məhərrəmov qəssab olmalı idi, amma Bakı Dövlət Universitetinin rektoru oldu. Adam belə danışır: “Amerika müdiklərindən biri deyib ki...” 
 
Festivalın bağlanış mərasimində bizi bir hadisə də təəccübləndirdi. Məhşur gürcü rejissorlarından biri Georgi Hayndrava zalda əyləşmişdi. Tədbirin aparıcısı onu xüsusi olaraq salamladı, festivalda iştirakına görə təşəkkür etdi. Qeyd etməliyik ki, Georgi Hayndrava gürcü müxalifətinin ən məhşur simalarından və gürcü iqtidarını ən sərt tənqid edən tanınmışlardan biridir. 
 
Azərbaycanda mümkün deyil ki, bir müxalif rejissoru, aktyoru, bəstəkarı, yazıçını hansısa beynəlxalq, yaxud yerli festivalda təqdim edib təşəkkür bildirələr. Əksinə, müstəqil olan aktyoru, rejissoru teatrdan işdən çıxarıb cəzalandırırlar. Bunun bir neçə nümunəsi olub və hazırda da incəsənət xadimlərinə belə münasibət davam etməkdədir. 2003 və 2005-ci illərdən sonra isə bir çox istedadlı incəsənət xadimləri ölkədəki repressiya aparatında əzilməmək, məhv olmamaq üçün xarici ölkələrə gedib işləmək məcburiyyətində qaldılar.  
 
Həmçinin mükafatların təqdim olunmasında iştirak etdik. Həmin mərasimdə bizdəki kimi nə Saakaşviliyə, nə onun xanımına, nə də İvanişviliyə yaltaqlanmaq ayinləri təşkil etmədilər. Ölkə prezidentinin xüsusi qayğısından, diqqətindən dəm vurmadılar. Bizdə isə az qala hər teatr, film seansından, rəsm sərgilərindən əvvəl və sonra, sonra və əvvəl İlham Əliyevə, Heydər Əliyev Fonduna, Əbülfəz Qarayevə  mədhiyyələr yağdırırlar. 
 
Azərbaycanlıların toplu şəkildə filmə baxmaq mədəniyyətləri də tam formalaşmayıb. Film bir az gec qurtaran kimi başlayırlar ki, evdə atam gözləyir, ay evə gec getsəm qardaşım belimi qırar, nə bilim mən filmə getmirəm və s, və i.. Tiflisdəki bu festivalda təqdimat, film nümayişi başlayandan bitənə qədər heç kim zaldan çıxıb getmədi. Hər kəs sona qədər baxdı, dinlədi, tədqimatları izlədi, sonra hamı dağılışdı. Bunun özü də ciddi bir mədəniyyətdir. Amma azərbaycanlılar müasir bir xalq kimi formalaşmadıqlarına görə bu mədəniyyəti də tam əxz edə bilməyiblər. 
 
Azərbaycanda böyük çoxluq imitasiya ilə məşğuldur. Ailənin imitasiyası, demokratiyanın imitasiyası, gəncliyin imitasiyası, əyləncənin imitasiyası, mətbəxtin imitasiyası, içkinin imitasiyası, dövlətin imitasiyası... Mədəniyyətin imitasiyası... 
 
Bütün bunları nəzərə alanda məlum olur ki, ölkənin mədəni həyatı kababdan və şadlıq evlərindən ibarətdir. 
 
Ülvi Həsənli
Seymur Baycan
 
Kultura.az

 

Yuxarı