post-title

"12 yanvar" dəyəri

2005-ci il idi. 2-ci kursda oxuyurdum. Potok yoldaşım audutoriyaya "Alatoran" jurnalının, səhv eləmirəmsə, 3-cü sayını gətirmişdi. Jurnalda ilk yazı "Bazarbaycan" adlanırdı. Vətənşüvən vaxtlarım idi, dolmanın xətrinə dəyənin anasına söyərdim. Jurnalı, məqaləni söydüm. Baxdım müəllifə - Seymur Baycan. Onu da söydüm, əsəbi idim, ətrafdakılar məqaləyə gülürdülər, mən isə özümü və vətənimi təhqir olunmuş sayırdım.

 

Amma ilk dəfə idi belə bir şey görürdüm və maraq öz sözünü dedi. "Alatoran"ı oxumağa başladım. Sonra "Alma" qəzeti gəldi. Sürətlə dəyişdim. Anladım ki, həqiqəti demək təhqir deyil. Vətənimi və məni Seymur Baycan yox, onu "Bazarbaycan" halına salanlar təhqir edir. O zaman mənim əsəbi vaxtımda gülə bilən potok yoldaşlarımın əksəriyyəti indi müstəntiq, təhqiqatçı işləyir, rüşvət vurub qazan doldururlar, bir çoxu da sadəcə başını aşağı salıb işini görür və Azərbaycanın Bazarbaycan olması prosesində vintcik kimi iştirak edirlər.

Mən səmimi vətənşüvən olduğuma görə əsəbləşmişdim. "Alatoran"ı, "Alma"nı oxuduqca, gördüm ki, onlar da səmimidirlər. Onlar da Azərbaycanı sevirlər, onlar da əslində mənim istədiklərimi istəyirlər. Sadəcə onlar ziyalıdırlar və ziyalının vətəndaşı olduğu ölkə üçün etdiklərini edirlər.

O dövr ictimai sektorun depressiya dövrü idi. Bir dostumun dediyi kimi, "bir otağa sığası qədər adam var idi". O dövrdə yaşamaqdan daha çətin olanı ümidi itirmədən yazmaq və insanı hər gün daha da ümidsizləşdirən rəzil gəncliyi xilas etmək idi. Amma bunu edənlər oldu və onların o dövrdə xilas etdikləri adamlar indi özləri kimlərisə xilas etməklə məşğuldurlar. 2010-cu il parlament "seçkiləri"ndən sonra artan xətlə inkişaf edən gənclər hərəkatı məhz o dövrün ziyalılarının yetişdirdiyi meyvələrdir. İndi Azərbaycan tarixi özünün bəlkə də ən möhtəşəm gənclər hərəkatını yaşayır. Bu gənclər marginal deyillər, cəmiyyətə açılıblar, yalnız digər gəncləri deyil, eyni zamanda yaşlı insanları da mübarizəyə qoşur, ayıldırlar. Onlar yazır, danışır, aksiya edir, "flashmob"-a qatılır, həbs olunur, döyülür, söyülür... heç bir halda bitmirlər, bezmirlər, hər gün daha da artırlar.

12 yanvar isə sübut etdi ki, davamlı olaraq fədakarlıqla, səmimiliklə, ümidlə görülən işin nəticəsi  mütləq olur. 2003, 2005 repressiyalarından sonra gənclərimiz üzərində aparılan maarifləndirmə eksperimenti gözlə görünən ən böyük nəticəsini 12 yanvarda verdi. "Alma"nın, "Alatoran"ın və digər maarifləndirici, cəsarətli subyektlərin yorulmadan yetişdirməyə çalışdığı gənclər və o gənclərin özlərinin yetişdirdiyi gənclər meydanda idilər. Bunlardan başqa bu gənclər nümunə ola biliblər. O gün meydanda olan 3000 nəfərin azı 2000-i ictimai sektordan deyildi. Onlar barəsində danışdığım gəncləri nümunə götürüblər, səmimi olaraq inandıqları dəyərlərin yanında olmağı seçiblər.

O mitinq haqda çox danışmaq olar və danışılacaq da. Orda meydana çıxanların 70%-i adətən mitinqə çıxmayanlar, bəziləri isə iş yerləri və üzvü olduğu təşkilatların nizamnamələri tərəfindən aksiyaya çıxmaları qadağan edilən insanlar idi. Lakin mən mitinqin gedişindən yazmaq istəmirəm. Məni daha çox gənclər maraqlandırır.

Bu gün lokomotiv gənclərdir. Budur, oyanma. Gənclərin cəmiyyətin lokomotivinə çevrilməsi Azərbaycanın bəlkə də yeganə normal cəhətidir. Bu qədər anormallığın, çirkabın içində təmiz, mübariz gənclik yetişib. Qatar tərpənib və nə qədər ki, gec deyil, ona yetişmək lazımdır.

Keçən illər ərzində sübut olundu ki, bu rejimin ideoloji əsası yoxdur, onu ideloji cəhətdən müdafiə etmək istəyən hər kəs avtomatik yaltaq olur. Bura xalq şairləri, yazıçılar da aiddir, yaşı gənc olan yaltaqlar da aiddir, cəmiyyətin hörmət etdiyi, AZTV-nin evimizə soxduğu marionetlər də aiddir. Həqiqətin qabağında hər kəs acizdir. Ədalət həqiqəti müdafiə etməkdən ibarətdir və biz ədalətli olaraq həqiqətin bizim tərəfimizdə olduğunu sübut edə bilmişik.

Müsavat, AXCP kimi müxalif partiyalar, AGT, "N!da", MD kimi gənclərdən ibarət təşkilatlar, AYO, Ziyalılar Forumu ziyalı və yaradıcı qurumlar və ədalətin və həqiqətin tərəfində olan digərləri bu prosesdə qalibdirlər. Üstün tərəf bizik, qorxusundan bizi "ünsür" adlandırıb təhqir edənlər yox.

Bizim ata-babalarımız bizə çox az xeyirli şey ötürüblər, əksəriyyətini özümüz yaratmağa məcburuq. Gördüyümüz kimi bəzilərini yarada bilmişik də. 12 yanvarda meydanda olanlar kiməsə, hansısa təşkilata görə orda deyildilər. Onlar ədalətə və həqiqətə sədaqət adlı dəyərin müafiəsi məqsədilə orda idilər. Biz dəyər yarada bilmişik. Bu isə dəyərsiz talançılar üzərində möhtəşəm qələbə deməkdir.

Zaur Qurbanlı

Kultura.az

Yuxarı