Azərbaycan ziyalısı

 

 
Amma bu da var ki, oxuduğu kitabların haqqını verməyənlərdən də yerdən göyə qədər zəhləm gedir. Necə deyərlər, onlara qarşı heç tolerant ola bilmirəm. Azərbaycan ziyalıları mənim heç tolerant davrana bilmədiyim insanlar zümrəsinə aiddir. Söhbət, elmi dərəcələri, titulları bir-birinin ardınca alsa da, başıboş, mütaliəsiz, baqajsız, dünyadan, proseslərdən xəbərsiz dırnaqarası ziyalılardan getmir. Bu ünvanı hər halı - mütaliəsi, dünyagörüşü, məlumatlılığı ilə təsdiqləyən ziyalılardan danışıram. O teatrşunaslardan ki, teatr sənətini, o kinoşünaslardan ki, kinonu gözəl bilirlər. O rejissorlardan ki, normal ölkədə, normal rejimdə yaşayıb-yaratsalar, dünyaya çıxa bilərdilər – onlardan danışıram. 
 
Bəli, altmışıncı illərin hay-küylü, şişirdilmiş, arxasında imperiya dayanan elm, sənət adamlarından sonra, qəribə bir nəsil yarandı. Fikrimi qədim və müdrik el misalı ilə ifadə etsəm, bu nəsil nə ət oldu, nə də balıq. Bu nəslin arasında oxumuş, məlumatlı, intellektual adamlar kifayət qədər olsa da, alimlərinin onilliklər boyu dünyaya çıxarılası uğuru bu oldu ki, kərə yağını boyamaq üçün natural boya kəşf elədilər. Sənət adamlarının isə dünyaya çıxarılacaq uğuru nə oldu, onu heç allah da bilmir. Amma bu heç...başa düşürük ki, çətindir. Başa düşürük ki, yollarını bağlayırlar. Başa düşürük ki, bizim ölkədə alimin və sənət adamının azad olması siyasi dustağın əfv fərmanı ilə azadlığa buraxılmasından müqayisəyə gəlməz dərəcədə çətindir. Mümkünsüzdür. 
 
Amma ortalama 55-65 yaş arasında olan bu alim, sənət adamlarının qəribə, gülməli, bəzən də qıcıqlandırıcı bir qorxaqlıqları var. Ölkədə baş verən bir taleyüklü hadisəyə səsləri çıxmır. Əhali ehtiyac içində yaşayır - onların səsi çıxmır. Jurnalistlər həbs olunur - onların səsi çıxmır. Yazıçı qətlə yetirlir - onların səsi çıxmır. Orduda özbaşınalıq, korrupsiya, cinayətkarlıq baş alıb gedir - onların səsi çıxmır. Hər şey cəhənnəm - onların teatrları, kinoları Stalin dövründəkindən belə daha murdar şəkildə təhrif olunur, siyasiləşdirilir, yaltaqlaşdırılır - onların yenə səsi çıxmır. 
 
Hamısı qorxur. Hamısının umacağı var. "Akademik", "xalq artisti", "əməkdar incəsənət xadimi" adı, prezident təqaüdü umurlar, dövlət televziyalarına dəvət olunmayacaqlarından ehtiyatlanırlar, adlarının "müxalifətçi" kimi çıxmasından oddan qorxan kimi qorxurlar. Buna görə də istənilən məsələyə münasibətlərini bildirmələrini istəyəndə, bircə cümlələri var: "Mən siyasətə qarışmıram". 
 
Biri deyir, mən kinomu çəkirəm, biri deyir, mən tamaşamı qoyuram, bir deyir, mən kitabımı yazıram, biri deyir, mən ancaq sənət tənqidi ilə məhğulam, ən ağıllısı da deyir ki, hər şeyi ağ və qara rənglərdə görmək lazım deyil. Bir soruşan yoxdu ki, ay anam-bacım, bax, hansıdı da o rəng? O hansı rəngdi ki, biz ölkəni, burda baş verənləri o rəngdə görməliyik, amma görə bilmirik, təkcə ağ və qara rənglərdə görürük? O hansı rəngdi ki, onu ancaq sən görürsən, görə bilirsən? 
 
Vətəndaş mövqeyi, etiraz aksiyalarına qoşulmaq, cəsarətli fikir bildirmək cəhənnəmə, bu ziyalılar bir-birilərindən də çəkinir. Bir-birinin xətrinə dəyməkdən, işi, fikri barədə sərt, tənqidi nəsə deməkdən qorxurlar. Bir teatrşünas alimə deyirsən, ay filankəs xanım, teatrımız məhv olub gedir, səhnəni zibillə, cəfəngiyyatla doldurublar, bəs niyə bunları tənqid etmirsiniz? Deyir, mən ancaq yaxşı tamaşalar haqda yazıram. Mənim hansısa tamaşa haqda yazmamağım elə o deməkdi ki, o pisdi. Ala, bu da sənə cavab. Belə uzaqgörən, uzaqvuran müdrikliyin qabağında sən nə deyə bilərsən? 
 
Məsələni elə absurdlaşdırıblar ki, rejisora deyirsən, sənin dövlət büdcəsindən pul alıb, çəkdiyin filmi ilim-ilim hara itirdilər, niyə o filmin hesabatını vermirsən, deyir, mən siyasətə qarışmıram. 
 
Mənə bir şey maraqlıdır. Yəni doğrudanmı bu ziyalılar ədəbiyyatını, kinosunu, teatrını ovuc içi kimi bildikləri, cavanlıqlarını keçirdikləri Rusiyada baş verən prosesləri izləmirlər? Yəni doğrudanmı qoca yaşlarında, xəstə vaxtlarında etirz aksiyalarına qoşulan, ölkəsində baş verən hər taleyüklü məsələyə münasibət bildirən, vətəndaş mövqeyi sərgiləyən ədəbiyyat, sənət adamlarını görmürlər? Doğrudanmı Axidcakovanı, Ryazanovun, Akunini, Basilaşvilini, Kvaşanı, Bıkovu görmürlər? Görürlərsə, niyə belə eləyirlər? Yəni doğrudanmı oxuduqları kitablar onlara azacıq da olsun ləyaqət dərsi keçməyib? Vətəndaşlıq, ziyalılıq dərsi keçməyib? 
 
Yəni doğrudanmı bu ziyalılar bir dəfə düşünməyiblər ki, xalqının ac, ordudakı əsgərinin təhqir olunmuş, meşələrinin doğranmış, sərvətinin talan edilmiş, məhkəmələrinin azad ola bilmədiyi bu vaxtda susan sənət adamının sənəti, susan elm adamının elmi heç kimə lazım deyil? 
Rus şairləri arasında ən kədərli, iztirablı tale yaşamış Marina Svetayevanın təkrarlamaqdan doymadığım bir sözü var:
- Mənim üçün yaradan, yaratdığından əzizdir...
 
Günel Mövlud
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade