Məhkəmə qərarlarını icra etməli, yoxsa "5 qəpik" kampaniyası?

Zaur QURBANLI

 

 
Bu cərimlərəin ödənməsi barədə bir neçə məsələ ortaya çıxıb:
1. İnzibati Xətalar Məcəlləsinin 298-ci maddəsi sərbəst toplaşma azadlığını pozur.
Bu maddədə deyilir:
"Maddə 298. Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması
 
298.1. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydasının toplantının təşkilatçısı tərəfindən pozulmasına görə -
fiziki şəxslər min beş yüz manatdan üç min manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər üç min manatdan altı min manatadək miqdarda, hüquqi şəxslər on beş min manatdan otuz min manatadək miqdarda cərimə edilir.
 
298.2. Qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə -
üç yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya on beş günədək inzibati həbs tətbiq olunur.
 
Qeyd: Bu Məcəllənin 298.1-ci və 298.2-ci maddələrində nəzərdə tutulmuş əməllərdə cinayət tərkibinin əlamətləri olduqda, həmin əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur."
 
Bunu mübahisələndirməyə ehtiyac görmürəm. Çünki insanın konstitusion hüququnun həyata keçirilməsi üçün icazə tələb oluna bilməz. "Sərbəst toplaşma azadlığı haqqında" Qanunun 5-ci maddəsində "xəbərdarlıq" anlayışı işlədilir. Amma təkcə elə İXM-nin yuxarıda yazılmış 298-ci maddəsi göstərir ki, bu "xəbərdarlıq" ifadəsi "icazə"ni "mədəni surətdə" əvəz edir. Yəni hüququn ümumi və ali prinsipləri, eyni zamanda Konstitusiyamız həm "Sərbəst toplaşma azadlığı haqqında" Qanunun "icazə" barədə müddəalarına, həm də İXM-nin bu "icazə"nin qaydasını pozmağa görə cərimə tətbiq edən müddəlarına ziddir.
 
2. Qərar verilərkən diskriminasiya qoyuldu:
  a) Siyasi diskriminasiya: məsələn, YAP üzvü 300, təşkilat üzvlüyü olmayan 400, siyasi partiya və digər etirazçı təşkilat üzvləri isə 500-600 manat cərimələndi.
  b) Saxlanılanlarla saxlanılmayanlar arasında fərq qoyuldu. İXM iştirakçıların cərimlənməsini zəruri hesab edir. Bu halda isə 3000-dən çox iştirakçıdan yalnız 23-ü cərimələnib.
 
Amma bu, sadəcə Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) işə yaraya bilər. İcra məmurları üçün qərarın leqal olması kifayətdir.
 
3. Bunlara baxmayaraq, qanun qüvvədədir və hələ ki, Konstitusiya Məhkəməsi tərəfindən hüquqazidd elan olunmayıb. Ona görə də Səbail və Nəsimi rayon məhkəmələrinin müvafiq qərarları leqaldır. Yəni qanunidir, amma hüquqaziddir.
 
Deməli, qərarlar icraya yönəldiləcək. Lakin qərarlar leqal olsa da, legitim deyil, çünki yuxarıda da qeyd etdiyimiz kimi Konstitusiya və hüququn ali prinsiplərinə ziddir. Yəni İXM-nin 298-ci maddəsinə əsaslanan qərarlar qanuni, eyni zamanda hüquqaziddir. Hüquq daha geniş və daha üstün anlayışdır.
 
Dövlət ədalətin, eyni zamanda ədalətin vasitəsi kimi hüququn tətbiqini təmin etmək üçün yaradılır. Yəni ədalət və onun vasitələrindən biri olan hüquq başqa cür tətbiq oluna bilməyəndə dövlət aparatına ehtiyac duyulur. Bəzən isə dövlət də ədaləti tam tətbiq edə bilmir və ya etmir. Bizim misalda qərəzli olaraq tətbiq ETMİR. Nəticədə ədalətin vasitəsi olan hüquq da pozulur. Bu zaman vətəndaş cəmiyyəti ədalətin, hüququn bərpası üçün nələrsə edib tarazlığı qorumağa çalışmalıdır. Hazırda qüvvədə olan və artıq tətbiqinə başlanıldığı hüquqazidd qanunumuz var. Biz bu qanunu "ölü qanun", yəni icra olunmayan qanun halına gətirməliyik ki, hüquqazidd müddaəların yox, hüququn gücünü hiss edək.
 
Qanunu "ölü qanun" halına gətirməyin ən effektli yolu o qanunu, o cümlədən o qanuna əsaslanan başqa aktları icra etməməkdir. Bəs məhkəmə qərarları icra olunmasa nə baş verəcək? Bu suala cavab tapmaq üçün məhkəmə qərarlarının icra proseduru və bu prosedurun Azəbaycan Respublikası icra məmurları tərəfindən tətbiqi təcrübəsinə baxaq.
 
Məhkəmənin inzibati tənbeh tədbiri haqqında qərarı üçün sonuncu ölkədaxili instansiya apellyasiya instansiyasıdır. Bu, o deməkdir ki, əgər qərardan şikayət verilsə, apellyasiya məhkəməsi bu şikayətə baxıb qərar qəbul edəndən sonra qüvvəyə minir və icraya yönəldilir. İcra məmuru qərar ona çatanda "İcraata başlamaq haqqında" qərar yazıb borcluya göndərir. İcra məmurunun bu qərarında borcluya qərarın könüllü icrası üçün 10 gün vaxt verilir. Bu müddətdə borclu qərarı icra etməzsə, məcburi icra tədbirləri tətbiq edilir.
 
Bu sahədə bir qədər təcrübəm olduğu üçün məhz inzibati cərimələrlə bağlı hansı tədbirlərin tətbiq edilməsi barədə də yazım.
 
Borclu özü cəriməni vermədikdə, borclunun qeydiyyatda olduğu yer üzrə Vergilər Nazirliyinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, Dövlət Yol Polisi İdarəsinə və banklara sorğu göndərilir. Borclunun adına VÖEN aşkar olunsa, deməli, qazancı var və bu zaman borc o qazanca yönləndirilir. Borclunun adına ev, maşın, bank hesabı çıxsa, məhkəməyə müvafiq əşyanın və ya hesabın üzərinə həbs qoyulması barədə təqdimatla müraciət edilir. Təqdimat təmin olunduğu təqdirdə həbs qoyulur. Adətən evin dəyəri ilə qeyri-mütənasib şəkildə az olan borc üçün ev satılmır, amma alqı-satqısı və başqa əməliyyatlar da mümkün olmur və ev sahibi olan borclu məcbur olub borcunu ödəyir. Avtomobil isə hərraca çıxarılıb satıla və əldə olunan pul borcun ödənilməsinə yönəldilə bilər. Bank hesabı ilə əməliyyat isə daha sadədir, pul borclunun bəzən xəbəri də olmadan onun hesabından çıxarılıb dövlətin hesabına keçirilir.
 
Borclunun adına bank hesabı, avtomobil, ev, VÖEN və sair borcun yönəldilə biləcəyi bir şey çıxmayanda isə icra məmuru borclunu yanına dəvət edir, borclu gəldikdə ondan borcu qanunamüvafiq surətdə tələb etməlidir. Borclu gəlmədikdə isə icra məmuru borclunun evinə (qeydiyyatda olduğu və ya yaşadığı) gedir. Ev əşyaları borcluya məxsusdursa, zəruri tələbatdan artıq olan əmlakı götürmək hüququna sahibdir. Yəni, məsələn, borclunun 2 televizoru varsa, birini götürə bilər. Amma evdəki əşyalar daşınar olduqlarından onların reyestri aparılmır, ona görə də bu əmlakların kimə məxsus olmasını sübut etmək olmur. Bu da icra məmurunun işini çətinləşdirir. Çünki ev əşyalarını başqası (məsələn, borclunun qohumu) asanlıqla öz adına çıxa bilər.
 
Əgər borclunun iş yeri olsa və bunu icra məmuru bilsə, borcu maaşa yönəldə, hər ay maaşın maksimum 50%-ini dövlət nəfinə tuta bilər. Eləcə də, icra məmurunun "İcraata başlamaq haqqında" qərarla borcluya verdiyi 10 günlük könüllü icra müddətində məhkəmə qərarı icra olunmazsa, borcun 7%-i dəyərində əlavə məbləğ də Ədliyyə Nazirliyinin xeyrinə tutulur.
 
Bəs borclunun iş yeri də olmayanda və borclu da borcu ödəməkdən imtina etdikdə nə baş verir? Bu zaman ilk olaraq, İXM-nin 313-1.1-ci maddəsinə müraciət edilir. "Maddə 313-1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi
 
313-1.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə –
 
fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min manatdan üç min manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir."
 
Eyni zamanda icra məmurunun İXM-nin 313-2-ci maddəsinə istinad etmək hüququ da var:
 
"Maddə 313–2. İnzibati cərimə və ictimai işlər növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi
 
313–2.1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -
yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur.
 
313–2.2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -
nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır.
 
313–2.3. İctimai işlər növündə inzibati tənbehin çəkilməsindən boyun qaçırmağa görə -
on beş günədək inzibati həbs tətbiq olunur.
 
 Qeyd:
 1. Bu Məcəllənin 313–2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 313–2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur.
 
2. Bu Məcəllənin 313–2.3-cü maddəsində “inzibati tənbehin çəkilməsindən boyun qaçırmaq” dedikdə aşağıdakılar başa düşülür:
 2.1. üzrsüz səbəbdən həftədə iki dəfə və daha çox ictimai işə çıxmamaq;
 2.2. həftədə iki dəfə və daha çox ictimai işlər növündə inzibati tənbehin icrası yerlərində əmək intizamını pozmaq;
 2.3. ictimai işlər növündə inzibati tənbehi çəkməmək məqsədi ilə gizlənmək."
 
Deməli, inzibati həbs və ya yeni cərimə tətbiq oluna bilər. Bu halda da cərimə ödənilməzsə, Cinayət Məcəlləsinin 306-cı maddəsinə müraciət edilir:
 
"Maddə 306. Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə
 
306.1. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə—
min manatdan üç min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır."
 
Lakin qanunvericilik icra məmuruna məhkəmə qərarının və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə İXM-nin müvafiq maddələrini tətbiq etmədən birbaşa Cinayət Məcəlləsinə də müraciət etməsinə imkan verir. Lakin praktikada adətən əvvəlcə İXM tətbiq olunur. Bizim barəsində danışdığımız iş isə siyasi xarakter daşıdığından ola bilər ki, icra məmuru səlahiyyətlərindən istifadə edib birbaşa Cinayət Məcəlləsinə müraciət etsin. Əgər cərimə olunanlar fərdi qaydada yox, birlikdə və ictimailəşdirilmiş şəkildə məhkəmə qərarını icra etməzlərsə, onların azadlıqdan məhrum edilməsi hakimiyyət üçün problem olacaq. Siyasi məhbusların məhz inzibati cərimənin ödənməməsi səbəbindən artması rejim üçün də arzuolunan hal deyil.
 
Bu, vətəndaş itaətsizliyidir. Vətəndaş itaətsizliyi isə fərdi və toplu qaydada ola bilər. Fərdi qaydada bu, məsələn, 1840-cı illərdə ABŞ-da Henri Devid Toro (Henry David Thoreau) tərəfindən həyata keçirilmişdi. Onu vergi vermədiyinə görə həbs etmişdilər, yalnız qohumları tərəfindən vergi onun əvəzinə ödənildikdən sonra azad edilmişdi. Bununla o, etiraz etdiyi qanunu dəyişə bilmədi. Amma Toronun vəziyyəti bizimkindən fərqlidir. Çünki,
  • Toro dövlətin əsası olan verginin əleyhinə çıxırdı, biz isə dövlətin və cəmiyyətin əsası olan hüququmuzu pozan qanun müddəasının əleyhinə çıxacağıq;
  • Toro tək idi, biz isə çox olacağıq.
 
Əlbəttə, vətəndaş itaətsizliyinə qoşulmaq üçün fədakarlıq lazımdır. Məsələn, ölkə xaricinə çıxmaq qadağan edilə bilər, yaxud şəxs öz adına avtomobil, ev ala bilməz, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz, bank hesabı açdıra bilməz və s.. Ona görə də bəzi dostlar haqlı olaraq, "5 qəpik" kampaniyasına başlayıblar. Bu kampaniya həm "kampaniya xətrinə kampaniya" kimi uğurlu ideyadır - yəni, insanları aktivləşdirmək, 12 yanvarda yaranmış aktivliyi sönməyə qoymamaq, şəbəkəni canlı tutmaq və genişləndirmək, vətəndaş təşəbbüsünü yaymaq və hakimiyyətin ədalətsizliyi əleyhinə vətəndaşların ittifaqını qurmaq - həm də fədəkar olmayan cərimə olunmuşların, yəni ictimai aktivist olmayan şəxslərin borclarına bu pul yönəldilə bilər. Çünki onları ağır cərimə ilə və cərimə tələb edən dövlət aparatı ilə üz-üzə tək qoysaq, çətin ki, onlar və onların ətrafı və bu işi bilən insanlar mitinqə çıxa.
 
Amma göründüyü kimi, vətəndaş itaətsizliyi və "5 qəpik" kampaniyası bir-birinə ziddir. Birində cərimə ödəmək, birində isə qanunu "ölü qanun"a çevirmək məqsədilə cəriməni ödəməkdən nümayişkəranə və ictimai şəkidə imtina etmək nəzərdə tutulur. Bu ziddiyyətə baxmayaraq, ortaq nöqtə var.
 
Ortaq nöqtə təklifim belədir: İctimai aktivist olmayan cərimələnmişləri ictimai aktivlik üçün itirməmək naminə "5 qəpiklər" vasitəsilə onların cəriməsi ödənilə, digər cərimələnmişlər, yəni ictimai aktivistlər isə birlikdə bəyənat verib hüquqazidd qanunun cəriməsini ödəməyəcəklərini bəyan edə və yuxarıda sadaladığım prosedurlara və məhdudiyyətlərə dözərək, mübarizələrini həm də bu vasitə ilə davam etdirə bilərlər.
 
Öz seçimim isə belədir: mən ən güzəştli halda qeyd etdiyim bu ortaq nöqtə təklifimin reallaşdırılacağı təqdirdə "5 qəpik" kampaniyasına qoşula bilərəm, yəni kampaniyada yığılan pul yalnız ictimai aktivist olmayan insanların, uzaqbaşı, adına bir çox əmlak və sair olan və bunları adından çıxartmaq mümkün olmayan şəxslərin cərimələrinin ödənilməsinə xərclənməlidir. Yox, əgər, "5 qəpiklər" hər kəsin cəriməsinin ödənilməsinə yönəldilərsə, mən o kampaniyaya heç 1 dənə də 5 qəpiklik vermərəm.
 
Zaur Qurbanlı
Kultura.az
 

 

Kultura.az | Developed by Samir Yahyazade