post-title

“Ah biz eşşəklər”

Türk yazıçısı Əziz Nesinin 1960-1970-ci illərin Türkiyəsinin alleqorik təsviri olan “Ah biz eşşəklər” adlı qısa bir hekayəsi var. Hekayə qədim zamanlarda özlərinə məxsus aydın və zəngin dilləri olan eşşəklərin yaşadığı ölkədən bəhs edilir.

 

Həmin eşşəklər öz ölkələrində eşşəkcə danışıb, yazışırlarmış. Günün birində canavar sürüləri eşşəklərin ölkəsinə hücum ediblər. Eşşəklər əvvəlcədən canavarların hücuma keçəcəkləri xəbərini alsalar da, buna inanmayıb, “Yox əşii, canavarlar niyə bizim hücum etsinlər ki?..” deyərək özlərinə təssəlli vermişlər. Zaman keçdikcə canavar sürüləri eşşəklərin ölkəsinə daha da yaxınlaşıblar, hətta artıq eşşəklər canavarların iyisini  duymağa başlamışlar. Lakin, “Yox əşii, bunlar canavar deyil. İnşallah, canavar olmazlar..” deyərək yenə də özlərinə təsəlli verməyə çalışıblar. Bir müddət sonra canavarlar o qədər yaxınlaşıblar ki, hətta eşşəklər onları gözləri ilə görə bilirmişlər. Amma yenə də buna inanmaq istəmədiklərindən “Bunlar canavar deyil. Bunlar olsa olsa canavara bənzər heyvanlardır” deyərək təsəlli tapmışlar. Nəhayət sonda canavarlar iri və iti dişlərini eşşəklərin boyunlarına keçirdikdə eşşəklər həqiqəti anlayıb, ağrıdan və əzabdan bağırmağa başlayırlar. Qorxudan və ağrıdan dilləri tutulduqları üçün yalnızca “Aaaa canavar imiş”, “Aaa o imiş” “Aaaa iii” deyə bilmişlər. O zamandan bəri eşşəklər dillərini unutmuş və “Aaa ii” “Aaa ii” deyə anqırmağa başlamışlar. 
 
Bu hekayə ölkədə mətbuat və söz azadlığının yalnızca kağız üzərində yazılı bir bəzək olaraq qaldığı, ziyalıların danışa bilməyəcək vəziyyətə gətirildiyi, xalqı bu vəziyyətə salan və həqiqətləri ancaq öz başı bəlaya girincə söyləməyə çalışıb, ancaq artıq ifadəyə imkanı da tapa bilməyən ziyalıları tənqid etmək üçün yazılmış bir hekayədir.
 
İndiki Azərbaycan da 60-70-ci illərin Türkiyəsindən heç nə ilə fərqlənmir. Hətta vəziyyət daha da acınacaqlıdır. Ziyalısından tutmuş, siravi vətəndaşına qədər “məni sancmayan ilan min il yaşasın” devizi ilə yaşayırlar. Hakimiyyətin çəkici öz başlarına əzməyənə qədər səslərin çıxartmaz, etiraz etməzlər. 
 
- İnsanların evlərini dağıdırlar.
 
- Yox əşii. Elə şey olar? Yalan məlumatdır. Parkları, yeni-yeni binaları görmürsən? Ölkəmiz necə də inkişaf edir.
 
- Tənqid etdikləri üçün insanları həbs edib və ya öldürürlər.
 
- Bunlar boş işlərdir. Əsas məsələ Kafkanın Milenaya məktublarında nə demək istədikləridir.
 
Bir tikə çörəyini, şirəsini verdiktən sonra həmin insanların ayaqların yerdən üzülür, səmavi hisslər yaşamağa, dünyəvi problemlərlə maraqlanmağa başlayırlar. Sanki, hakimiyyətin onlara verdiyi xırda-xuruşlar həmin insanlar nirvana çatdırır. Bəsirət gözləri açılır. Ölkədə insanların mülkiyyət hüququ, sərbəst toplaşmaq hüququ pozulur, evlərindən çıxarılıb, küçələrə atılır, sülh şəraitinin olmasına baxmayaraq hərbi hissələrdən gündə bir əsgər meyidi gəlir. Amma həmin insanlar artıq özlərini dərk etmişlər və bütün bu problemlərə kosmosdan baxırlar. Həmin insanları daha çox Amerikanın imperializmi, Suriyada ölən uşaqlar, Amazonda qırılan meşələr, Arktikada ağ ayıların nəslinin tükənməsi problemləri narahat edir.
 
Bəziləri isə öz qınına çəkilib, ilan kimi aradan sivrişib çıxmağı ümid edirlər. Bacarırlar da. Amma bəzən hakimiyyətin polad yumruğu onların da quyruğunu tapdalayır. Həə. Bax o zaman əsl tamaşa başlayır. Düşür əl ayağa. Başlayır vaxtilə ömrünün qalan hissəsini bağışlamağa razı olduğu prezidentini söyməyə. Birdən-birə bütün əzilənlərin yanında olur. Birdən-birə demokratik ölkə başçısı diktatora çevrilir.  Bu zaman isə artıq insanlar onların səmimiyyətinə inanmır, mübarizəsinin həqiqiliyinə şüphə ilə yanaşılır. Şəxsiyyətinə, uğurlu kariyerasına ironik yanaşılır. 
 
Təxminən 2 il əvvəl maraqlı bir karikatura görmüşdüm. Bir gəminin burnu torpağa o qədər dərin girir ki, hətta ərazidəki ağacların budaqları, yarpakları gəminin burnunda gözətçilik edən kapitanın gözünə girir. Budaqlar kapitanın başına dəydikdən sonra kapitan var gücü ilə bağırmaya başlayır:
 
- Torpaqqq…
 
Bu qədər qorxaq, kor  kapitanları və sərnişinləri olan gəminin uzağı görə bilməsi, daha uzağa gedə bilməsi müşkül məsələdir. Allah sonumuzu xeyir eləsin.
 
Vüqar Bəhmənzadə
 
Kultura.Az
 
Yuxarı