post-title

Afaq gülür, öldürür....

Müasir milli gülüş barədə sərsəmləmələr...

 

Bizi utandıran müqayisələr

Türkiyə, Rusiya «stendap»çılarına, yumor peşəkarlarına baxanda, onları dinləyəndə, bizimkilərlə müqayisə eləməli olursan. Görürsən ki, istənilən müqayisədə bizimkilər nəinki uduzur, hətta müqayisəyə gəlmir. Əlbəttə, abırlı adam Fərda Xudaverdiyevi Cem Yılmazla, Çingiz Əhmədovu Mixail Zadornovla, Elməddini Tolqa Çeviklə, Rafael və Coşğunu Xarlamov və Batrudinovla müqayisə eləməz və ümumiyyətlə bu tipli bənzətmələr eləməkdən utanar. 
Cem Yılmazın, Zadornovun, Tolqa Çevikin, Qalkinin müasir, gündəmə ovqatını əks etdirən, aktual problemlərə toxunan yumorunun yanında bizim adlarını «gülüş ustaları» qoymuş adamların performansı olduqca bayağı, ucuz, ölüvay görünür. Onların bu gülüşü aktual, şux göstərmə cəhdləri isə o qədər uğursuz olur ki, bu cəhdin özü gülməli görünür. Bir sözlə, bizimkilərin göstərdikləri, dedikləri gülməli olmadığına görə gülməlidir.
Yaxşı, bəs səbəb nədir? Niyə zarafata bu qədər açıq xalqın ciddi komediya ustaları yoxdur? Niyə bizimkilərin gülüşü belə ucuz, sönük və bayağıdır? Sualı daha konkret qoyaq - niyə bizimkilər güldürə bilmir?
Açığı, mən yazarın oxucuya sual verməsinin tərəfdarı deyiləm. Sualları hamı bilir, cavabları yazmaq lazımdır. Mən də cavabları yazmağa çalışacam. Bildiyim, anladığım, bacardığım qədər...

Balaca bir mənzərə

Gəlin, əvvəlcə başda hazırkı «gülüş maqnatı» Afaq Bəşirqızıdan tutmuş, hələ ki, gülüş «sonbeşikləri» Fərda, Müşfiq, Elməddinə qədər (bəlkə yeniləri də var, amma mən artıq hesabımı götürdüyüm üçün «gülüşmen»lərimizi izləmirəm) hamısının bizləri nəyə, kimə güldürdüklərinə nəzər salaq. Molla, falçı, yengə, tamada, müəllim, həkim, qaynana, baldız, «mamaroza», prokuror, televizya aparıcısı, şou nümayəndələri və s...
Afaq Bəşirqızı daha çox baxıcı və qadın alverçilərini, Rafael və Coşğun daha çox tamada, polis və kənd arvadlarını, şou nümayəndələrini, Müşfiq, Fərda daha çox mollaları, avam, cahil gəncliyi ələ salır, dolayır, ifşa etməyə çalışırlar.
Amma nə sirri xudadırsa, onların baxıcısı da, falçısı da, mollası, müəllimi, müğənnisi rusların, türklərin ən sadə mizanlarına uduzur, kölgədə qalır. Cem Yılmazın «hazır cavablar»ı illərlə dillər əzbəri olduğu, bütün oxşar situasiyalarda yada düşdüyü halda, bizimkilərin yumorunun ömrü beş-altı tin uşağının dayaz yaddaşında qısamüddətli qonaq olur, vəssalam.
Yaxşı, bəs səbəb nədir? 

Onlar anlamır

Gəlin bu məsələdən başlayaq ki, nəyisə ifşa etmək üçün onun ifşaya layiq olduğunu anlamalısan. Mənə həmişə elə gəlir ki, bizimkilərin ifşası məhz buna görə alınmır - onlar lağa qoyduqları, ifşa etməyə çalışdıqları şeylərin doğrudan da ifşaya layiq olduqlarını anlamırlar. Onlar uşaqdan pul yığan müəllimin, çarəsiz adama yalandan ümid verən baxıcının, dünyada ən utancverici işlərdən olan yengəliyin, ölüm ayağında olan xəstənin qohumları gəlmədən əməliyyata başlamayan həkimin doğrudan da cəmiyyət üçün faciə olduğunu, ifşaya layiq olduğunu anlamırlar. Onlar anlamırlar ki, rüşvətxor həkim təkcə xəstələr, rüşvətxor müləlim təkcə şagird və tələbələr, yengə təkcə bəy-gəlin, baxıcı təkcə avam adamlar üçün faciə deyil, bütün toplum, bütün cəmiyyət üçün dəhşət və təhlükədir. Onlar belə problemləri bir insan, bir dəstə çapında anlayırlar. Məsələnin geniş miqyası, belə şeylərin cəmiyyəti hara aparıb çıxara biləcəyi onlara çatmır. Bizim gülüş ustları bu təhlükəni anlayacaq tutumda deyillər.

Onlar istəmir

Bizimkilərin gülüşlə ifşa cəhdinin uğurusuz olmağının səbəblərindən daha biri də budur ki, bu adamlar ifşa etməyə çalışdıqları kəsləri, hadisələri, dəyərləri doğrudan da məhv etmək istəmirlər. Onların ifşa etməyə çalışdığı molla konkret hansısa molladır, ümumilşdirilmiş molla deyil. Yengə konkret hansısa yengədir, tamada konkret hansısa tamada, prokuror konkret hansısa prokurordur. Öz toylarına tamada, yengə, yaslarına molla çağıran, prokurorlarla, ələ saldıqları müğənnilərlə dostluq eləyən, baxıcı yanına gedən bu gülüş ustaları sizcə bu adamları ümumiləşdirərək, ifşa etmək istəyərmi? Oğlanla qızın bulvarda görüşəndə elədikləri milli söhbətləri ələ salan Rafael və Coşqun milli dəyərlərdən danışmırmı? İştirak etdikləri bütün verlişlərdə, verdikləri müsahibələrdə insanları dinə, adət-ənənələrə hörmət etməyə çağırmırlarmı? Belə olan halda, onların mollanı, adəti, müğənnini ifşa etmə cəhdləri necə sərrsat ola bilər? 

Onlar oxumur

Bizim gülüş ustalarının məsələlərin mahiyyətini almamağı, səhnədə lağa qoyduqlarına həyatda ehtiram göstərməyinin səbəbi isə çox sadədir. Onlar oxumur. Onlar nə kitab oxuyurlar, nə qəzet oxuyurlar, nə öz xarici həmkarlarına baxırlar. Onlar tanrının ya da təbiətin (kim nəyə inanırsa) bəxş elədiyi vəhşi istedad hesabına nəsə eləmyə çalışır və illərlə öz palçıqlarında eşələnirlər. 
Gülüşün kəskin, öldürücü olması üçün məsələnin mahiyyətini anlamaq, problemi kökündən həll etmə arzusu dayanmalıdır. Bunu isə ancaq mütaliəli, intellektual adamlar edə bilər. 
Mollanın deyil, dinin ifşaya layiq olduğunu, tamadanın, yengənin, müğənninin deyil, milli toy institutunun ifşaya layiq olduğunu, həkimin deyil tibb sisteminin, müəllimin deyil, təhsil sisteminin, polisin deyil, hüquq-müdafiə sisteminin ifşaya layiq olduğunu anlamaq, bunu istəmək üçün gülüş ustasının intellekti və vətəndaş mövqeyi olmalıdır. Əminəm ki, sonuncu söz birləşməsinin nə demək olduğunu anlayacaq yumor ustamız yoxdur.

Amma bir dəqiqə....var axı...

Bu ölkədə doğrudan da mütaliəsi olan, intellektual zarafatlar eləməyi bacaran komediya ustaları da var axı. Özü də onlar bu intellektə hələ gənc yaşlarından sahib olublar. Söhbət Tahir və Cabir İmanovlardan, Murad Dadaşovdan, Bəhram Bağırzadədən gedir. 
Razıyam. Onların bizə təqdim etdikləri gülüş doğrudan da arxasında kitab, dünyagörüşü dayanan gülüşdür. 
Amma....məsələnin «amma» tərəfi də var. İnsanları nəyəsə güldürən adamların buna mənəvi haqqı olmalıdır. Polisi, müəllimi, həkimi lağa qoyan, onları ifşa edən adamlar ömürlərində bircə dəfə də ölkədə baş verən taleyklü məsələlərə münasibət bildirmirlərsə, öz vətəndaş mövqelərini ortaya qoymurlarsa, hansı səmimilikdən söhbət gedə bilər. Bəli, gülüşün arxasında mütaliə ilə bərabər vicdan da dayanmalıdır. Vətəndaş vicdanı...

Günel Mövlud

Simsar.Az

Yuxarı