Res privata, yoxsa res publica?

Zaur QURBANLI

 

 
Lakin Tomas Hobbsla bəzən razılaşmalı oluruq. O, insanı anadangəlmə mənfi xüsusiyyətlərə malik hesab edirdi. Qədim Romada da bu xəbisliklər özünü çox göstərdi, nəhayət eramızın əvvəllərində qalib gəldi. Bu zaman ədaləti, zorun yox, hüququn gücünü cəmi 1 nəfər təmsil edirdi – Markus Tulius Siseron. Bu dahi hüquqşünasın vicdanının səsinə qulaq asaraq nəzəriyyədən əməli işə keçməsini Stefan Zweig bu il azərbaycan türkcəsində "Alatoran" yayınları seriyasından nəşr olunmuş “Bəşəriyyətin ulduzlu saatları” kitabında gözəl təsvir etmişdir.
 
Sezarın xainliklə qətlindən sonra Romada hakimiyyət uğrunda amansız mübarizə başlayır. Lakin həm respublika, həm də diktatura tərəfdarları bu mübarizədə Romanın yox, özlərinin talelərini düşünürlər. Roma üçün bu həlledici tarixi dövrdə ədalətin təmsilçiliyini Siseron üzərinə götürür. Siseronun bəzi ideyaları hələ də əlçatmaz görünür. Lakin bənzər ideyalarla silahlanmış utopistlər tarixdə çox olub. Siseron isə real olaraq arzuladığı cəmiyyəti qurmaq üçün amansız diktatura hərisləri ilə mübarizəyə qalxır. Onun bəzi ideyaları ilə adını çəkdiyim kitabdan sitat vasitəsilə sizi tanış edirəm, onda aydın olacaq ki, bu ideyaların dəyəri nədir: “Qanun və ədalət, yalnız bunlar dövlətin əyilməz təməli olmalıdır. Dövlətin gücü və hüquq demaqoqların deyil, vicdanlı kəslərin əlində olmalıdır. Heç kəsin haqqı çatmır ki, öz dərəbəyliyini xalqın adından qələmə verməyə cəhd eləsin. Xalqın borcudur, rəhbərliyi qəsb edən kəslərə, bu şöhrətpərəstlərin hər birinə itaət etməkdən boyun qaçırsın. Gücün ağalığı istənilən qanunu gücdən salır.” Hətta Siseron e.ə. 1-ci əsr üçün ağlasığmaz olan ideya irəli sürmüşdü – “hüquqsuzların ən hüquqsuzu” olan qulların əfvini tələb edirdi.
 
Əlbəttə, nəticə res privata (şəxsi iş) olaraq Siserona heç sərf etmədi, amma res publica (ümumi iş) olaraq bütün bəşəriyyətə xeyir verdi. Belə ki, diktatura uğrunda vətəndaş müharibəsinə başlayan 3 vəhşi – Oktavian, Antoni və Lepidus öz aralarında imperiyanı bölmək barədə razılığa gələrkən Siseronun taleyini də həll etdilər. Siseronun daha çox əleyhinə danışdığı Antoninin təkidləri və Siseronun xeyli yaxşılığı dəymiş Oktavianın nankorluğu ilə yadda qalan bu razılaşma Roma və ədalət üçün fəlakət oldu. Siseron öldürüldü, ürəyi soyumayan Antoni onun qollarını və başını kəsdirib illərlə bu ədalət mübarizinin çıxış etdiyi tribunadan asdırdı. Romalıların bu iyrəncliyi görməsi onları mübarizədən iyrəndirməliydi. Bəlkə də belə oldu. Çünki bir az sonra Oktavian vahid imperator oldu.
 
Roma bir daha respublika olmadı. Belə görünürdü ki, Siseronun bu cəsarəti, dahiliyi öz qiymətini almadı. Çünki hətta Roma imperiyası çökəndən sonra da Siseronun ideyaları bərqərar olmadı. Amma zaman yenə hər şeyi yerinə qoyur. Hal-hazırda dünyanın demək olar ki, bütün dövlətləri üçün nümunə və məqsəd hesab olunan hüquq sistemi bərqərar olub və bəşəriyyət bəzən sürətlə, bəzən də ləng bu sistemə doğru irəliləyir. Bu həmin sistemdir ki, uğrunda Siseron özünü qurban verdi. Bu, Qədim Roma hüququdur, hansı ki, indi sivil (yeri gəlmişkən bu söz də Roma hüququndan gəlir) hesab edilən dövlətlərin hüquq sistemləri bu hüququn patronajındadır. Avropada renessans məhz Qədim Roma və Yunanıstana, hüquqi cəhətdən isə o cümlədən Siseron ideyalarına qayıtmaq idi. Haqq, ədalət uğrunda mübarizə gec də olsa, bəhrəsini verdi, indi Yer planetindəki cəmiyyətin gələcəyi də 2 min il əvvəl Siseronun müdafiə etdiyi prinsiplərə hesablanıb.
 
Düzdür, Siseron özü bunu görmədi. Amma o özü də deyirdi axı, res privata üçün yox, res publica üçün çalışır.
 
Zaur Qurbanlı
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade