Qənirə Paşayevanın məqsədləri

Zaur QURBANLI

 

 
Eyni zamanda 3 ayın əsgərinin öldürülməsinə hakimiyyət də reaksiya göstərməyib əvvəlcə - nə prezident səviyyəsində, nə nazir səviyyəsində, nə də parlament və deputatlar səviyyəsində.
 
Facebook-da 24 saata 10 min nəfər toplayan "event" yaradılandan sonra korpus komandiri, hərbi hissə komandiri, bölük komandiri cəzalandırıldı, telekanallara göstəriş verildi və... Qənirə Paşayeva və Aydın Mirzəzadə getdilər şəhidin ailəsinə "baş çəkməyə". 
 
Bu sonuncu nə idi? Qənirə Paşayevanın kim olduğunu hər birimiz bilirik və eyni zamanda əksətiyyətimiz əslində onun kim olduğunu bilmirik. Qənirə Paşayeva "Antiseks Liqası"nın ən fəal üzvü, faktiki rəhbəridir. "1984"-ü oxuyanlar bilir söhbət nədən gedir. Bu rejimin Heydər Əliyevdən sonra yarada bildiyi ən uğurlu uydurmasıdır bu qadın. Beyinləri yumaq sahəsində rejimin nadir müvəffəqiyyətlərindəndir. Totalitarizm qoxuyur. O, başqaları kimi büdcəyə yox, beyinlərə təhlükədir. Fikir verin, ən həssas beyinlər olan yerlərə gedir - hərbi hissələr, uşaq evləri və s.. Onun təhlükəsi büdcə canavarları olan hakim ailə üzvlərindən daha çoxdur.
 
Buna görə də bu təhlükəli qadının son olayda şəhidin ailəsinə baş çəkməsinə də aldanmaq lazım deyil. Əsgərlərlə, şəhidlərlə, ordumuzdakı ədalətsizlik və qanunsuzluqlarla maraqlanan adam (Qənirə Paşayeva özünün bu imicini yaratmağa çalışır) bilməli idi ki, əsgər ölürülüb, bununla bağlı ən azı facebook-da bar-bar bağırırlar; bilməli idi ki, tək oğlunu atasız böyüdüb həmin tək oğlunu əsgərlikdə döyülüb öldürülmə nəticəsində itirən ananın harayını nə dövlət, nə də telekanallar eşidib.
 
Amma Qənirə Paşayeva neynədi? Gözlədi ki, digər əsgər ölümlərində olduğu kimi bu dəfə də camaat sakitləşər, ehtiraslar qızışmaz, bu dəfə də bir övladın qanı batar. Amma belə olmadı və Qənirə Paşayeva hakimiyyətin göstərişi ilə müti qul kimi şərəfi elə onun şərəfi səviyyəsində olan biri ilə getdi şəhidin ailəsinə baş çəkməyə. Bu ziyarət o demək idi ki, camaat görsün ki, "xalqın anası", "antiseksin lideri", "bakirəlik qalası" şəhid ailəsinə qayğı göstərir və bunu görən xalq aksiyaya çıxmasın. Nəticədə orduda korrupsiya və dedovşina ilə idarəetmə daha rahat şəkildə davam etsin, əsgər qətlləri davam etsin, hərbçilərin sındırılması, intiharları davam etsin.
 
Bəli, Qənirə Paşayeva əsgər qətllərinin davam etməsi, dedovşinanın yaşaması, hərbçi intiharlarını daha çox görməyimiz üçün şəhid ailəsini ziyarət edib. Belə süni "ürək yanğıları"na inanmamalıyıq. Qənirə Paşayeva bu rejimin köləsidir. Bu rejimə xidmət etməyən, ölkənin daha da talanmasına, bu xalqın mənəvi və fiziki cəhətdən daha da məhv olmasına yol açmayan hansısa hərəkəti Qənirə Paşayeva ETMƏZ. Onun cəbhəyə getməsi də, qızğın çıxışları da, yetimlərə "qayğı" göstərməsi də, arıqlaması da, gülümsəməsi də bu abzasın birinci cümləsində sadaladığım məqsədlərə xidmət edir.
 
Əsgər ölümünə reaksiya bu qətlə etiraz olaraq mitinqə çıxmaqdan, mitinqdə iştirak edəcək ananın yanında olmaqdan, şəhidi öz qardaşı sayan gənclərimizin yanında olmaqdan ibarət olmalıdır, bu gənclərin sayını azaltmaq üçün iyrənc təbliğat aparmaqdan, bu təbliğata hətta şəhidin anasını alət etməkdən yox.
 
Bu rejimin və onun kölələrinin məqsədi bizim maddi və mənəvi hər şeyimiz vasitəsilə talanı gerçəkləşdirməkdir, o cümlədən də Qənirə Paşayevanın.
 
Zaur Qurbanlı
Kultura.az
Kultura.az | Developed by Samir Yahyazade