Kitabı gözə soxmaq

 
 
Bəli, biz oxuduğumuzu gözə soxmağa məcburuq. Ölkəmiz normal ölkə olsa, xalqımız inkişaf etmiş xalq olsa, bizim kimi sıradan mütaliəli adamlar adi oxucudan heç nə ilə fərqlənməzdi. Yazıçı, publisist, şair olmaq nədi, heç əlinə qələm almağa cəsarət eləməzdi. Xalqa ağıl öyrətməkdən, hətta bəzən danlamaqdan qorxar, ən azından utanardı. Bütün mədəni adamlar kimi. 
 
Amma vəziyyət elə gətirib ki, biz beş min adama bir kitabxananın düşdüyü bir ölkənin yazıçısı olmuşuq. Vəziyyət elə gətirib ki, biz arvadın əlində kitabla evə girən ərinə; «Bircə evə kitab gətirməyin qalmışdı!» dediyi ölkənin yazıçısı olmuşuq. Vəziyyət elə gətirib ki, biz qələm adamının, aliminin, ziyalısının soyuducusu ilə fəxr eləyən Nadir Qafarzadədən kasıb yaşadığı bir ölkənin yazıçısı olmuşuq. Tale elə gətirib ki, biz şairi «jek» müdirinin qapısında boynubükük dayanan ölkənin yazıçısı olmuşuq. Daha doğrusu Şücaətlərin, Alqayıtların, Pünhanların, bir sözlə tamadaların şair hesab olunduğu ölkədə, özümüzü yazıçı elan etməyə məcbur qalmışıq. 
 
Bax, buna görə də biz, oxuduqlarımızı gözə soxmağa məcburuq. Buna görə də biz, əlinə kitab almayan adamları utandırmağa məcburuq. Buna görə də biz, ömründə bircə kitab oxumayanı, vərəqlərini cırıb yandırdığı, dolabın ayağına pərsəng qoyduğu kitabların həm də oxumaq üçün lazım olduğunu başa salmağa məcburuq. Biz bu ölkədə kitab oxumayanları hər addımda, hər yerdə, hər söhbətdə utandırmağa, oxumadığını başına qaxınc etməyə məcburuq. 
 
Bəli, intellekt, mütaliə bir insanın öyünə biləcəyi tək fəzilətdir. İnsana var-dövlət atadan miras qala bilər. Gözəlliyi, boy-buxunu ya Tanrı ya təbiət verər (kim hansına inanarsa). Vəzifə, mənsəb, ad-san talenin xoş təsadüfü ola bilər. İntellekt, mütaliə isə elə bir şeydir ki, onu nə tanrı nə təbiət verə bilər, nə atadan qalar, nə də taleyin xoş təsadüfü ola bilər. 
 
İntellekt, mütaliə isanın öz zəhməti bahasına əldə etdiyi şeydir. Bunun üçün zəhmət çəkmək, beynini yormaq, bəzən özünü hansısa zövqlərdən məhrum etmək lazım gəlir. Bəzən bu mütaliə səninlə oxumamış insanlar (o insanların bəziləri sənin doğmaların, yaxınların olur) arasında uçurum yaradır. Bəzən o mütaliə səni ifrat həssas adama çevirib, bədbəxt eləyir. Sənə olmazın əzablar, ağrı, diskomfort verir.
 
Bax, bu şeylərə görə, onunla fəxr etməyə dəyər. Öyünməyə dəyər. 
 
Biz nə deyirik ki? Deyirik: siz də oxuyun, siz də öyünün. Siz də bahalı maşınlarınıza, villalarınıza, qızıl, brilyant saatlarınıza, varlı sponsorlarınıza, beznesmen, məmur atalırınıza, xalqın balasından süpürgə pulu yığan müəlllim ananıza, rüşvətxor ərinizə deyil, oxuduqlarıza arxalanın. Kürəyinizi mütəfəkkirlərə söykəyin. 
 
Bir gün gələr, sponsorunuz iflas olar. Rüşvətxor ərinizi həbs edərlər. Məmur atanızı işdən çıxararlar. Tələbəsindən, şagirdindən pul alan müəllimə ananız ölər. Villanızı, maşınınızı, brilyantalrınızı əlinizdən alarlar. 
 
Amma mütaliənizi heç kim sizdən ala bilməz. Oxuduqlarınız heç vaxt iflasa uğramaz. Mütəfəkkirlər heç vaxt ölməz, həbs oluna bilməz. 
Kitablar heç vaxt sizi darda qoymaz. 
 
İndi baxın, görün, biz kitabla, oxuduqlarımızla fəxr etməkdə, öyünməkdə haqlıyıq, yoxsa yox?
 
Günel Mövlud
 
Simsar.Az
Kultura.az | Developed by Samir Yahyazade