Demokratik düşərgənin lax gündəmi

Алекпер АЛИЕВ

 

Bəs Molla Nəsrəddin demişkən „Oğrunun heçmi günahı yoxdur?“ Eminin hər yazdığı yazıya atdanıb, sonra onu „gündəm dəyişdirmək“də günahlandırmaq, siyasi bambılılq deyilmi? Həm də ki, özünüz haqda necə belə yüksək fikirdə ola bilərsiniz? Facebook-da üç-beş yüz adamın qopardığı fırtına gündəmin dəyişməsidirsə, onda sizin bu cılız gündəminiz elə dəyişsə yaxşıdır.

Emin Millinin öz Bloqunda paylaşdığı qəzet səhifəsini Twitter-də gördüm. Açdım, ötəri baxdım, bağladım və unutdum. And olsun bütün müqəddəslərə ki, mən orada üç sətirdən artıq heç nə oxumadım. Bir neçə saat sonra başlayan orgiyanın xəbəri mənə çatanda isə bir daha o faylı açdım və bu dəfə əvvəldən sona qədər oxudum. Yenə heç nə başa düşmədim. Birincisi orada qeyri-adi heç nə görmədim, ikincisi isə Elçibəyin nə yazdığı məni zərrəcən maraqlandırmır.

Çünki mənim bugünəcən Elçibəy adlı nəinki tabum, heç mövzum da olmayıb. Nə yalan deyim, Azərbaycanda neytral qaldığım, laqeyd olduğum üç adam varsa, biri də Elçibəydir. Ona qarşı heç zaman doğmalıq duymamışam. Əksinə, onun hər şeyi – fikirləri, danışıq tərzi, geyimi, görünüşü – mənə həmişə yad gəlib. Yəni sıfır hiss. Elçibəyi söyənlər də, sevənlər də, ucaldanlar da, alçaldanlar eyni mənasızlığın failləridir. Ya Elçibəy mövzusu, ya da ki, Çilinin uzaq bir kəndində əhalinin üzləşdiyi su problemi – mənim üçün eyni dərəcədə önəmlidir. Yəni bu qədər uzaq. Yəni bu qədər dəxlisiz.

Onu sevənlərin, xatirəsinə sitayiş edənlərin, bütləşdirənlərin hissləri də məni qətiyyən maraqlandırmır. Nostaljiniz bir gəncə, bloggerə istədiyini yazmağı qadağan etdirəcək qədər ciddi arqument deyil. Nostaljinizi ürəyinizdə yaşadın. Toxunulmaz şəxsiyyətlərdən boluq, büt defisitimiz yoxdur. Azərbaycanda Heydər adlı bir büt var və biz bu bütü hara rədd edəcəyimizi qara-qara düşünərkən, bizim üçün ikinci büt düzəltməyə çalışmayın. Azərbaycanın dünəni olan Elçibəyi gələcəyə daşımaq cəhdləriniz boşdur, gərəksizdir. Yeni nəsil Azərbaycan gəncliyinin Elçibəy adlı idolu, mayakı yoxdur, olmamalıdır. Azərbaycanın çağdaş gəncliyi üçün Heydər də, Elçibəy də, AXCP hökuməti də maraqsız mövzulardır. İndi elə bir nəsil yetişir ki, sizin bu nağıllarınıza gülür. Siyasi partiyaların kandarından o tərəfi görə bilmirsinizsə, gəncliyin ovqatından xəbəriniz yoxdursa problemi özünüzdə axtarın. Ürəyində Elçibəy bütü olan adam, Heydər bütü ilə savaşa bilməz. İyirmi ildir məğlubiyyət dalınca məğlubiyyətlə üzləşməyinizin səbəbi də budur. Heç mən o bütə səmimi sitayiş etməyinizə də inanmıram.

Daha artığını da deyə bilərəm. Elçibəy bizim məğlubiyyətimizin təməlini qoymuş adamdır. Hər şeyin naxçıvanlının naxçıvanlını hakimiyyətə gətirməsi qədər sadə izahı var. Bəli, bu qədər sadə. Məsəlçün, qarabağlı olsaydı bütün səlahiyyətlərini İsa Qəmbərə ötürəcəkdi. Ona görə İsa Qəmbərin tez-tez «Rəsulzadə Elçibəy yolu»ndan danışması effekt vermir. Bu sözlər, bu çağırış çox mənasız səslənir.

Qayıdaq Emin Milliyə. Bu adam nə vaxt ağzını açmalıdır, hə? «İsa Qəmbər getsin» deyəndə, «indi gündəmdə filan şey var, bu haqda yazmaq olmaz» dediniz. Elə hay-küy qaldırdınız ki, əlimiz üzümüzdə qaldı. Şəxsən mən facebook-da yüngülvari, dostca məzələnib keçəcəkdim onunla. Amma siz bu məsələni yüksək tribunalara çıxaranda, simpatiyam Emindən yana oldu. İsa Qəmbərə olan məlum münasibətimə rəğmən.

İndi də gündəmdə Gülər olduğuna görə, Elçibəy haqda yazmaq olmazmış. Çünki gündəm dəyişə bilərmiş. Gündəmi kim dəyişir ki? Siz yoxsa Emin? Emin azad adamdır, istədiyini yaza, istədiyini deyə bilər. Sizin dediyiniz kimi gündəm dəyişdirəcək qədər nüfuzlu adamdırsa, o zaman qalxın kreslolarınızdan, basın bayıra. Ya da sındırın qələmlərinizi tullayın getsin. Lap sapuko ilə ömrünüzə son qoyun.

Yetər ki, bu gəncin hər bloq yazısından sonra əttökən-əttökən reaksiyalarınızla ürək bulandırmayın. Ayıbdır.

Əli Əkbər

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade