post-title

Sizin penisiniz/vaginanız var?

Diksindiniz? Həyəcana lüzum yoxdur. Yaxın oturun, söhbət var. Əslində bu söhbət çoxdan edilməli, qaranlıq mətləblərə aydınlıq gətirilməli idi. Ola bilsin bizim bu işdə passivliyimiz, etinasızlığımız sualların şişib-şişib bu hala gəlməsinə, toplumla aramızda müəyyən dissonansın yaranmasına səbəb oldu. Bəlkə də bu gecikmişliyi: «Başa düşmək istəyən onsuz da başa düşər, daha izaha filan ehtiyac qalmaz» yanaşmasının doğurduğu kompleks şərtləndirib. Bilmək olmaz.

 

Bəlkə də səbəb, müasir yazarların oxucu ilə, kütlə ilə kommunikasiyalarının olduqca spesifik, deyərdim «selektiv» olmasındadır. Kütləviləşmək kimi dərdi, daha doğrusu ölkə gerçəkliyində imkanı olmayan müasir ədəbiyyat yaradıcıları uzağa getməyək, elə bizim 60-cılardan fərqli olaraq publikaya oynamağı bacarmadıqları; populizm və pafosdan uzaq olduqları üçün, hətta kütləvi çıxışlarda da son dərəcə naşı görünür, kiçik dost məclislərini böyük salonların qələbəliyindən üstün tuturlar. Doğrudan belədir, müasir yazarın «xalq sevgisi»nə ehtiyacı; kütləyə, xalqa yaltaqlanmaq, onun nazı ilə oynamaq, nəsə başa salmaq, bütün banallıqları çeynəyib-çeynəyib ağzına qoymaq kimi qayəsi yoxdur. Məhz buna görədir ki, populizm və pafosla silahlanan, xalq adından danışan, imtiyazlara sahib olan «qocamanların» ən kiçik tənqidə, sataşmaya dözümləri olmadığı halda, bizlər illərdir haqqımızda deyilən həqarətlərə qarşı bəşəriyyətin ən qəddar, ən öldürücü silahı olan iqnor-la silahlanmışıq.

Həyat belə gətirib ki, istər ictimai, istərsə də şəxsi mənada mənim üçün nəsə ifadə edən, dəyər kəsb edən insanların iqnoru ilə heç vaxt üzləşməmişəm. Bu hissin acısını dadmamışam. Amma daddırmışam və daddırıram. «Axı niyə mənə cavab vermir, axı mən nə edim ki, onun diqqətini cəlb edim?» hayqırtıları sağdan-soldan qulağıma dəydikcə, nə gizlədim, ekstaza düşmüşəm.

Bu gün, iqnor pərdəsini bir balaca aralayıb, haqqım(ız)da «Söyüşdən başqa əllərindən bir şey gəlmir» deyən – bədxah və dost – hər kəsi aydınlatmaq istədim. Ünvanımıza deyilənlərin vecimizə olmaması öz yerində, sadəcə «ədəbiyyatda söyüşü zəruri qılan səbəblər» haqqında özüm də az düşünməmişəm.

 

Mən niyə söyüş söyürəm?

Müasir ədəbiyyatda (çünki əlahəzrət klassika – «Bokaçço», «Min bir gecə» - ya sorğulanmır, ya da «Onlar söyüşü istedadlı söyürdülər» kimi cığallığın, cındırlığın ən ucuzuna varılır – müəllif) qeyri-normativ, invektiv leksikanın yeri haqqında debatlar təkcə Azərbaycanla məhdudlaşmır. Ola bilsin Qərb üçün bu müzakirələr keçilmiş mərhələdir, amma qonşularımız Rusiya və Türkiyədə bunlar hələ də güncəldir. İstərdim bu müzakirələrin Azərbaycanda aparılma tərzinə, tərəflərin arqumentasiya bazasına nəzər yetirək.

Mətndə söyüşün əleyhinə olanlar, bir qayda olaraq söyüşə yer verən müəllifin «ucuz şou» hədəflədiyini, yazdıqlarının «diqqət cəlb etmə»yə yönəldiyini iddia edirlər. Bu stereotipin nə qədər əsaslı ya da əsassız olmasını sorğulamaq fikrində deyiləm, çünki «obscenus» adlanan senzurasız ifadə tərzi, hətta özünə diqqət cəlb etmək məqsədi ilə edilsə belə, məzmundan və mesajdan məhrum deyilsə məqbuldur, diqqətə layiqdir. Bugünəcən bu ittihamlar ənənəvi cavabla yola verilib – «əcəb edirəm diqqət cəlb edirəm». İndi isə bu məqbulluğun sərhədlərinin cızılmasında yaşadığımız sıxıntıları düşünməyin zamanıdır.

Axı hakimlər kimdir? Meyarları kim təyin edir? Ədəbiyyatın həyatı, hadisələri, psixotipləri necə, hansı ölçüdə əks etdirəcəyini kimdən öyrənməliyik? Həqiqətləri «bütün çılpaqlığı ilə göstərmək» nə deməkdir və bu çılpaqlığın harasının örtülməsi bizdən tələb olunur? Ümumiyyətlə həqiqət özü nədir? Razılaşın ki, mövzu özlüyündə psevdofəlsəfi mülahizə və spekulyasiyalara çox açıqdır. Reallığı olduğu kimi əks etdirmək iddiası ilə yola çıxan yazar «çox çılpaq alınıb» iradına tuş gəlməməkdən ötrü gərəksiz korrektələr etməyə, mətnin orasına sürmə, burasına allıq sürtməyə məcburdurmu? Çılpaq empirikanı üstüörtülü, ütülü biçimdə çatdırmaq mümkündürmü? Sərhədlər hardadır və bu sərhədləri kim cızır? İnstitutlar, sıravi oxucular, konstitusiya, bələdiyyələr, yoxsa yazıçılar birliyi? Dostumun anası, kitablarımdan birini oğlunun kitab rəfindən götürüb vərəqləmiş və dostuma belə bir sual vermişdi: «Ay bala, bu yazıçılar ittifaqı hara baxır, niyə bunun yazdıqlarını qadağan eləmir?»

Hədəflənən budurmu?

 

Azərbaycanlılar nə qədər abırlıdır?

Söyüşün psixo-sosioloji aspektlərinə dair «Söyüş meydanı» adlı sanballı əsərin müəllifi olan Vladimir İlyiç Jelvis, yaradıcılığında söyüşə yer verən yazarlar üçün nə az, nə çox – düz 27 söyüş motivi təsbit edib. Yuxarıda işarə etdiyim kimi, invektiv (senzuradan kənar) leksika adlanan bu ifadə tərzinin Azərbaycan insanına məlum olan yeganə - «özünü göstərmə, diqqət cəlb etmə» motivi, Jelvisin siyahısında sadəcə 27-dən biridir və heç də dominant olanı deyil.

Jelvisə görə bədii əsərdə söyüşün səbəbləri sırasında verbal aqressiya, üsyan, nəyəsə diqqət cəlb etmə, özünü dəliliyə vurma kimi banallıqlarla yanaşı katarsis, mesajın ünvanlandığı qrup ya da şəxsin sosial statusunun aşağılanması, o cümlədən müəllifin özünü qamçılaması, bundan toxtaqlıq tapması, tabulardan azad olduğunu vurğulaması, özünüinkar vasitəsilə özünütəsdiq etməsi, fikri dolaşdırmaq/çaşdırmaq arzusu və s. kimi ciddi əsaslar da dayanır.

Azərbaycanlılar olaraq bizlər gündəlik leksikonumuzun vazkeçilməz atributu olan söyüşə hər yerdə - ictimai nəqliyyatda, küçədə-bayırda, dükanda-bazarda, divar yazılarında - hər an rast gəlirik desəm, heç kimi təəccübləndirmiş, xətrinə dəymiş olmaram. Çünki əksini iddia etmək lap ağ olar. «Ümumiləşdirmələr səhvdir» kimi çeynənilmiş bəhanələrə də əl atmadan, cəsurca etiraf edək - azərbaycanlılar artıq qadın-qız, arvad-uşaq, kiçik-böyük demədən, hər yerdə söyüş söyürlər. Yəqin ki, buna səbəb biz, iki minlik tirajı olan yazarlar deyil? «Götverən», «gicdıllaq», «sikim-soxum», «göt», «amcıq», «daşşaq» kimi fel, sifət və isimlər güllə sürətilə hər gün, hər addımda qulaqlarımızın dibindən vıyıltıyla ötüb keçir. Artıq bu söyüşlərin eşidilməsi, yanında zənən xeylağı olan Azərbaycan kişiləri üçün də namusa təcavüz kimi yozulmur, adekvat cavabı şərtləndirmir. Hansı biri ilə dava edəsən?

Bəs hal belə ikən, ictimai məkanlarda əsla qeyri-normativ leksikaya müraciət etməyən bizlər niyə hədəfdəyik? Bu paradoksa dair, bir ziyalı dostumla fikir mübadiləsi aparmışdım. Qısa söhbətin sonunda, onun «Azərbaycanlıların refleksləri üzərində baş sındırmağı vaxt itkisi hesab edirəm. Это крайне несерьезно» deməsi də problemin həllinə kömək etmir, əksinə problemi dalana dirəyir. Yüz minlərlə kitabın içindən azərbaycanlı oxucu bizim kitablarımızdakı iki-üç söyüşü tapıb, bunu faciəyə çevirirsə, bu işdə bir anormallıq var. Yaxşı, bəs bizim xalqımız necə danışır, nə danışır? Özlərinə etalon kimi AzTV-nin - Elmir Mirzəyev demişkən – kubistik məmur dilini seçən azərbaycanlıların bu dilə olan hakimiyyəti də təəssüfvericidir! Mikrofonu görcək özünüifadədə çətinlik yaşayan, dili dolaşan azərbaycanlılar öz təbii areallarında səliqəsiz, kobud, nəzakətsiz və kifayət qədər söyüşcüldürlərsə, bizdən nə istəyirlər?

Sosioloq deyiləm, hərçənd yazar hər şeyin diletantı olduğu kimi, az-maz psixologiya və sosiologiyadan da baş çıxarmalıdır. Elmilikdən uzaq, şəxsi müşahidəmdir – azərbaycanlılar tarixdə artıq neçənci dəfədir ki, şiddətli dezorientasiya problemi ilə üz-üzə qalırlar. Əfkarı ümumiyyədəki bu çaşqınlıq, rabitəsizlik, qeyri-müəyyənlik və hipertrofik riyakarlıq da bu səbəbdəndir.

 

Mətndən qorxu, yoxsa mətnə sayğı?

İstər mənfi olsun, istər müsbət – emosiyanın sərrast təsviri müəllifin bədii gücünü, ustalığını göstərir. Triller, qorxu, dəhşət janrında çəkilən filmlər müəyyən kəsim üçün nəzərdə tutulduğu kimi, mətndə mənfi emosiyaları qabardaraq oxucusunu iyrəndirən, diksindirən, melanxolik və depressiv ovqata salan yazıçı da müəyyən bir «target» qrupa, kəsimə xitab edir. Oxucu, obrazların həyatı ilə yaşayır, onlarla birlikdə həyacanlanır, onlarla birlikdə iyrənir, bəzən də ağlayır, üsyan edir. Belə intellektual məhsulları istehlak etməmək (baxmamaq, oxumamaq) də olar. Bu tipli bədii əsərlərin hədəf kütləsi deyilsinizsə onların motivi, mesajı, müəllifin keçirdiyi hissləri başa düşməyə, özünüzü yormağa çalışmayın. Buna dəyməz. Hazırlıqlı, mütaliəli, dünya ədəbiyyatı ilə tanış olan oxucular əsərdə söyüşə hansı məqsədlə, nə üçün müraciət olunduğunu çox dəqiq başa düşürlər, bilirlər. Sizdə bu hazırlıq, baza yoxdursa, epataj ürəyinizi bulandırırsa əsəri sadəcə iqnora qoyun – onu müəllif qarışıq, bəşəriyyətin ən öldürücü silahı ilə vurun. Hərçənd, epataj sözünün nə özünü, nə də daşıdığı mənanı sevmirəm. Bu sözə skeptik münasibətimin kökündə, onun «kiçik şıltaqlıq», «ərköyünlük», hətta «məsumluq» kimi - şəxsən mənə yad - sifətləri «ehtiva etməsi» dayanır. Daha doğrusu məndə doğurduğu assosiasiyalar bunlardır. Bəli, bu mənada lağlağı mənə yaddır. Halbuki məzmunsuz, sırf formaca «sikim-soxum»lu yazılara da etirazım yoxdur. Məzmunsuzluğun müvəqqəti mahiyyətini bildiyim üçün. 

Mətləbdən uzaqlaşdığımın, ümumidən xüsusiyə keçdiyimin fərqindəyəm. Yarımbaşlığın ruhuna uyğun davam edək.

Toplumumuzda mətnə münasibət, mətni qavrama, mətnlə işləmə, şifahi ilə yazılı mətn arasındakı balans kimi son dərəcə ciddi, fəlsəfi aspektləri təhlil edəcək ixtiyarda deyiləm. Deyəcəklərim şəxsi müşahidələrimdir - şifahi dilin mətni üstələdiyini, şifahi dilin yazılı mətni azərbaycanlıların həyatından sıxışdırıb atdığını düşünürəm. Daha doğrusu bunu açıq-aydın görürəm. Məhz yazıya olan yadlığımız, bir janr kimi meyxananın çiçəklənməsinə gətirib çıxarıb. Şifahidən yazı dilinə keçə bilməyən azərbaycanlıların meyxana sevgisi yalnız bununla izah oluna bilər. Diqqət edin, meyxanadakı söyüş bolluğu, azərbaycanlılar tərəfindən «janrın zərurəti» ilə açıqlanır. Meyxanaçı qafiyəli söyüşlərin, ya da söyüşlü qafiyələrin dozasını artırdıqca, alqış qazanır. Belə olan halda, mənim romanlarımda yer alan Milli Məclis, Azərbaycan polisi, siyasi isteblişment təsvirlərindəki söyüşlərin də zərurətdən qaynaqlandığını nə üçün qəbul etmək, bu sadə arqumentə qane olmaq istəmirlər? İndi mən nə edim ki, Azərbaycan reallığı bu qədər iyrəncdir? Mən bu reallıq qarşısında acizliyimi dərk edir və sizi əmin edirəm ki, bu söyüşlər mənim istedadımın yetərsizliyi, ya da söz ehtiyatımın qıtlığından irəli gəlmir. Mən gülərkimiləri, siyavuşkimiləri, toyları təsvir edərkən, sizə iyrənc görünən ifadələr olmadan bunları edə bilmirəm. Qaldı ki, reallıq mənim söyüşlü ifadələrimdən daha acınacaqlı və qeyri-normativdir.

Beləliklə, söyüşdə üç əsas vektorun olduğunu nəzərə alsaq - nominativ (hər şeyin öz adı ilə çağırılması), emosional (duyğuların ötürülməsində zərurət kimi) və sintaksis (heç bir zərurətdən doğmayan patologiya) – bədii mətndə birinci, uzaqbaşı ikinci xəttin, meyxanada isə sırf üçüncü, patoloji xəttin olduğunu görərik. Azərbaycanlıların addımbaşı söyüş söymələrini, ağızlarının yalaqlığını da sonuncu söyüş tipinə qarşı duyduqları xüsusi məhəbbətlə, ürpərişlə izah etmək olar.

Etiraz oluna bilər ki, «Söyüş hər bir yazarın arsenalında olmadığına görə, deməli zərurət də deyil». Razıyam. Lakin ütülü, söyüşdən tamamilə arınmış mətnlər, əsasən sosrealizm dövrünün məhsullarıdır və adətən yuxarıdakı əks-arqumenti, sovet dövrü ədəbiyyatı ilə (o da kifayət qədər səthi) tanış olanlar dilə gətirirlər. Sovet dövrünün məhsulu olan, ya da o illərin xiffətini çəkən opponentlərimizin «Bizim dövrümüzdə belə şeylər yox idi» deməsi olduqca riyakar gedişdir, cığallıqdır. Əkrəm Əylisli azad ortamı görən kimi «Ətirşah masan»ı qələmə almasaydı, razılaşa bilərdim. Sovet dövründə evfimizmlərlə kifayətlənən yazıçılar bu gün  (Əkrəm kimi) ya qismən yeni şəraitə uyğunlaşıblar, ya da Anar kimi nekrofiliya və koprofagiya ilə məşğul olmağa davam edirlər. O ki, qaldı Avropanın, ABŞ-ın və Rusiyanın ədəbiyyat çevrələrinə - tənqidçilərə, yazıçılara və ümumi ictimai rəyə - onlar üçün «Bədii əsərdə söyüş» bir mövzu kimi ya çoxdan tükənib, ya da Rusiyada olduğu kimi, bir qisim çevrələr tərəfindən hələ də «qədəri»(!) və «sərhədləri»(!) müzakirə olunur. Əlbəttə, bədii əsərdə söyüşə müraciət edən müəllif riskə gedir. Ölçü hissi itirilməyəcəksə, ədəbi zövqünə şübhə yaranmayacaqsa və bunların istifadəsi əsaslandırılacaqsa - ədəbiyyatda söyüş yolveriləndir. Yəni, hər şey kontekstdən asılır. Tarixdən və günümüzdən bunun nümunələri o qədər çoxdur ki, burada hətta iki-üç ad çəkməyin də mənasını görmürəm.

Qayıdaq azərbaycanlıların bizim yazdıqlarımıza göstərdikləri acıqlı reaksiyaya (bütün məsuliyyətimlə deyirəm ki, əksəriyyəti oxumadan fikir bildirir). Mənə elə gəlir ki, mətndəki qeyri-normativ leksikaya qarşı duyulan - istər səmimi, istərsə də riyakar allerji, insanlarımızın söyüşün şifahidən yazıya keçidinə psixoloji hazır olmamasından, kitab haqqındakı yanlış təsəvvürlərindən və ümumi, mental şərtlənmişlikdən qaynaqlanır. Çox maraqlıdır ki, bu günə qədər kitablarımdakı söyüşlərə görə məni tənqid edənlər illərdir intizarında olduğum bu çox əsaslı, ciddi, daşdan keçən arqumenti səsləndirməyiblər - «Biz, gündəlik həyatda bu söyüşləri eşitməkdən cana doymuşuq. Reallıq onsuz da yazdıqlarından iyrəncdir. Ona görə də mütaliə edəndə bunları oxumaq istəmirik».

Baxın, nə qədər sadə və anlaşıqlı, nə qədər dəqiq və konkretdir! Bir daha yazıram: «Biz, gündəlik həyatda bu söyüşləri eşitməkdən cana doymuşuq. Reallıq onsuz da yazdıqlarından iyrəncdir. Ona görə də mütaliə edəndə bunları oxumaq istəmirik».

Yox, tolerantlığınıza sığınıb, üçüncü dəfə də yazacam: «Biz, gündəlik həyatda bu söyüşləri eşitməkdən cana doymuşuq. Reallıq onsuz da yazdıqlarından iyrəncdir. Ona görə də mütaliə edəndə bunları oxumaq istəmirik».

Təkrarçılıqda mübaliğəm sizə yersiz görünməsin. Ciddi sözümdür – illərdir yazdıqlarımı bəyənməyən, ağız büzən bir qızın, ya da bir oğlanın; bir kişinin, ya da bir qadının çıxıb mənə bunları deməsini gözləyirəm. «Niyə söyüş söyürsünüz, axı…» ilə başlayan iradların, tənqidlərin, lənətlərin üç nöqtəsini mənim yuxarıda yazdığım bu sadə cümlə ilə tamamlamaq bu qədərmi çətindir? Deməli çətinmiş. Söyüşlə, tərbiyəsizliklə, ədəbsizliklə, əxlaqsızlıqla əhatə olunmuş; bütün bunların üzvi hissəsi olan azərbaycanlıların kitabda, mətndə söyüş görəndə: «Barı sən etmə» deməyə, sadəcə cəsarətləri çatmır. Onlar hər şeyi deyirlər - hər yalana, hər böhtana əl atırlar, «Dünyanın ən əxlaqlı, ən namuslu, ən pak xalqı bizik» deyəcək qədər həddlərini aşırlar – təki üzlərinə tutulan bu aynaya baxmasınlar. Belə də olmalı idi. İnsanların sifətinə güzgü tuşlamaq, zorla «Gəlin, özünüzə baxın» demək aqressiya doğurur. Eyni ağrıları, sancıları Zolyadan Selinə, Pazolinidən Dovlatova qədər bir çox işıqlı insan keçirib.

Topluma ayna tutmaq çətin işdir. Ən yaxşı halda üzlərini çevirib qaçırlar, ən pis halda isə tutduğun aynanı təpiklə sındırırlar. Ayna da çilik-çilik olur, əllərin qanayır.

Qan itkisi labüddür.

 

Azərbaycanlılar dünyadan nə istəyir?

Müxtəlifliklə zəngin dünyada yaşayırıq. Özümüzə nə qədər çox qapansaq, «özünəməxsusluğumuzla» lovağalansaq(!) da, bu gücün qarşısında acizik – dünya bizi istila edir. Özünəməxsusluğu qorumaqda ən gözəl nümunə Şimali Koreyadır. Deməli, nəinki siz, hətta Yer kürəsinin İran və Kuba kimi odioz subyektləri də Şimali Koreya qədər özünəməxsus ola bilməzsiniz. Tez-tez Yaponiyanın adını çəkirsiniz – bu ölkəni özünəməxsusluğun ən uğurlu nümunəsi kimi bizə sırımağa çalışırsınız. Lakin unudursunuz ki, bu ölkədə samuraylar da, geyşalar da, çay mərasimləri də bizim Qız Qalamız kimi, çoxdan turist cəlb edən suvenirlərə çevrilib.

Yol ayrıcındayıq. Nəhəng bir imperiyanın qalıqları üzərində, özümüzə balaca bir məkan düzəltmişik. Bu məkanın sərhədləri, bayrağı, konstitusiyanı xatırladan kitabı, müxtəlif atributları var və bunların varlığı, bizdə dünya üzərində bərabərhüquqlu oyunçu olduğumuz illüziyasını yaradır. Belə baxanda nə ziyanı var ki? Dünya üçün, ümumiyyətlə ziyanı yoxdur. Perspektivdən baxanda isə, dünyadakı mövqeyimizi qavrama prosesində insanlarımızın necə əziyyət çəkdiyini və bunun gözlənilən fəsadlarını aşkar görürük.

Epoxaların dəyişməsi dilimizə, ədəbiyyatımıza yeni ifadələr qazandırır. İstəsək də, istəməsək də bu dəyişim sürətlə baş verir. Prinsipcə hər şey Qərbdən gəldiyi kimi, yeni ifadə formalarının da coğrafiyası Qərbdir. Azərbaycanlı bu ifadə formalarına, yeni estetik dəyərlərə qapalılığını milliliyi ilə əsaslandıraraq, özünü qoruduğunu sanır. Bu saxta və əsassız arxayınlıq, incəsənətə münasibətdə özünü daha qabarıq göstərir. Halbuki dərin, fəlsəfi özülü olan texnologiyalar, onları yaradan təfəkkür tərzi nəzərə alınmadan, azərbaycanlılar tərəfindən rahat istehlak olunur. Əlbəttə, texnologiya verbal təsiretməyə iddialı olmadığından, istifadəsi ağrısızdır. Texnoloji yeniliklərə qarşı tolerantlığın səbəbi də budur. Düzdür, bu tolerantlığın özü böyük nailiyyətdir, azərbaycanlıların tarixi uğurudur (araxçında, çuxada gəzmirlər, sadəcə möhtəkirlik edirlər), amma yarımçıq təkamül də çox əcaib bir görüntü yaradır – Pal Zileri kostyum, Balli ayaqqabı, Prada kəmər, Omega saat, Porsche Panamera avto və bütün bunların içindəki adamın ağzından tökülən sözlər, nümayiş etdirdiyi davranış, malik olduğu təfəkkür, həyatdan gözləntiləri… Onun özünəyetərliliyə və özünəməxsusluğa dair saatlar boyunca, rabitəsiz və mənasız nitq irad etmə istedadı da var. Amma özü də içinə düşdüyü ziddiyətli durumun fərqindədir. Çapaladıqca çapalayır, Qərbə möhtac olmadığını sübut etməyə çalışır, əynindəkiləri və altındakı maşını doğuran fəlsəfəyə, dünyagörüşünə nifrətini bildirir, axırda da Qərb sivilizasiyasının və sürdüyü Porschenin qarşısına nehrə yağı və motal pendiri ilə çıxır.

Təəccüblü deyil ki, belələri müasir ədəbiyyat nümunələrinə, yeni ifadə formalarına nifrət edirlər. Birincisi, özləri bu əsərlərə mövzu olduqlarını bilirlər. İkincisi isə, heyvani instinktləri ilə hiss edirlər ki, müasir incəsənət, ədəbiyyat Porsche deyil ki, qaza basıb gedəsən. Bunlar təfəkkürdə transformasiyanı hədəfləyir, belə bir nəticəyə hesablanıb.

Biz, bu transformasiyaya hazır olmayanların nəhəng ordusu ilə üz-üzəyik.

 

Sizin penisiniz/vaginanız var?

Yazı uzun alındı, yordum sizi. Eybi yox, indi relaks olarıq. Bir az gülər, bir az da düşünərik.

Millilikdən, özünəməxsusluqdan, əsrlərin sınağından çıxıb gəlmiş, bulaqlardan süzülmüz türkcədən danışan hörmətli dilçilər. Ağlıma gəldi, dedim soruşum. Biz azərbaycanlılar bu qədər milli və özünəyetərliyiksə, kişi cinsi orqanına latınca «penis», qadın orqanına isə «vagina» deməklə ikiüzlülük etmiş olmuruq ki? Sik sözü ədəbsiz, tərbiyəsiz sözdürsə, o zaman bu orqanın dilimizdə tərbiyəli qarşılığını mənə deyə bilərsinizmi?

Məncə yox. Bir sürü sinonim də gətirmək olar – amma onların heç biri, ictimai yerdə rahatlıqla işlətdiyimiz «penis» sözünü əvəz etməyəcək. Niyə latına sığınmışıq? Nə məsələdir? Vagina, vulva, penis kimi yabançı terminlərin arxasında gizlənib «amcıq»dan, «sik»dən qorxmağın adı nədir? Bəli, bizim dildə kobud səslənir, başa düşürəm. Amma bu bizim dilimizdir, olanımız budur. Necə olur ki, sümük, ürək, qaraciyər, damar, böyrək, xayalar, döş, ağız, burun, ilik, selikli gişa, beyincik, dalaq kimi anatomik xüsusatları ifadə etmək üçün latıncaya ehtiyac duymadığımız halda, SİK və AMCIQ-da bu ölü dilə əşəddü ehtiyac duyuruq?

Yoxsa biz azərbaycanlılar «penis» sözü ilə tanış olmazdan əvvəl, bizdə bu orqanın tərbiyəli adı yox idi? Bəlkə, Herisçi demişkən, bu orqanlar bizdə ümumiyyətlə yox idi? Yoxsa genitaliyalarımız bizdən, ya da biz genitaliyalarımızdan üz çevirmiş(d)ik?

Bax belə olur. Azərbaycanlılar eşşək arabası sürməli ikən Mercedesə mindikləri kimi, sik və amcığı ifadə etmək üçün də latıncaya möhtacdırlar. Acınacaqlı haldır.

Əli Əkbər

Kultura.Az

Yuxarı