“Sarı gəlin”in ermənicəsi

Dilqəm Əhməd

 

 
Tamaşanın izləyiciləri içində Üzeyir bəyin özü də var idi, elə bu məqaləsini də başqa imza altında öz təəssüratlarını bölüşmək üçün yazıb. Yazıdan məlum olur ki, ermənilər operattanı olduğu kimi ermənicəyə tərcümə ediblər, lakin tərcüməçidə notlar olmadığına görə bəzi havaları ifa edə bilməyib osmanlı və erməni havaları qoşublar. Üzeyir bəy tamaşanın ümumi olaraq yaxşı keçdiyini qeyd edir, lakin Sultan bəy rolunu oynayan Torosyanın Əliəkbər Hüseynzadənin yerini vermədiyini bildirir.
 
Əsgər rolunu ifa edən erməninin zənguləsi olmadığından segahı pis, amma erməni təsnifini yaxşı oxuduğunu, lakin Əsgər obrazının mahiyyətini tam olaraq anlamadığından tamaşaçıların zövqünü korladığını bildirir. Təbii ki, müsəlman tamaşasından fərqli olaraq ermənicə tamaşada Gülçöhrəni, Asiyanı, Tellini xanım aktyorlar ifa edir, Üzeyir bəy xanımların ifasının uğurlu alındığını qeyd edir. Tamaşanın sonunda isə izləyicilər Üzeyir bəyi səhnəyə dəvət edib, onu alqışlayırlar. 
 
Bu hadisəni ona görə xatırlatdım ki, Üzeyir bəy erməni dilində tamaşa səhnəyə qoyulmamışdan 9 il öncə yazdığı “Biz hamımız qafqazlı balalarıyıq” adlı məqaləsində ermənilər, gürcülər və türklərin eyni problemlərlə yaşadığını, birinə bir müsibət baş verdikdə, bunun digərinə də təsiri olacağını qeyd edirdi. 
Üzeyir bəy bunu yazanda, 1905-06-cı il hadisələrinin kəskin dönəmi idi. Çünki Üzeyir bəy ziyalı idi, problemlərə hansı adekvat cavabı verəcəyini bilirdi.
Necə ki, Andronikin  fitnəsi dönəmində Üzeyir bəy ermənilərin Qarabağdakı fitnəsinin səbəblərini peşəkarcasına göstərmişdi. Üzeyir bəy, mədəniyyətin də, siyasətin də hansı özəlliklərə sahib olduğunu bilirdi. 
 
Doğrudur, ermənilər Üzeyir bəy irsinə tarixən təcavüz ediblər, Sedrak Maqalyan adlı teatr truppası sahibi onun əsərlərindən biznes maraqları üçün istədiyi qədər istifadə edib. Hətta erməni rejissor Ruben Mamulyan 1937-ci ildə ABŞ-da “Arşın mal alan”ı ekranlaşdırıb. Bu barədə xəbər tutduqdan sonra Üzeyir bəy Mircəfərin məsləhəti ilə Molotova, sonuncu isə Satlinə məlumat verir və filmin orijinalı çəkilir. 
 
Yəni dünyaca məşhur bir əsərin hansısa millətin özününküləşdirməsinə çalışması, sonuc olaraq olduqca mənasızdır, həmin xalqın adına utancdır. Tarix isə başqa bir önəmli bir faktı özündə saxlayıb. Belə ki, 1941-ci ilin mayında Bakıda erməni bəstəkarı Tiqranyanın "Anuş" operası tamaşaya qoyulur, premyeradan sonra təşkil edilən ziyafətdə Tiqranyan deyir: "Mən açıq etiraf etmək istəyirəm. Bu ilk erməni operasının yaranmasında əsil səbəbkar Üzeyir bəy Hacıbəyovdur. Hələ 1908-ci ildə "Leyli və Məcnun" operasını dinlərkən mən də milli opera yazmaq qərarına gəldim və dörd il keçəndən sonra 1912-ci ildə "Anuş" operası yarandı".
 
Sözüm ondadır ki, istər indinin özündə belə hansısa erməni “Arşın mal alan”a iddia etsin, tara, saza, qavala, “Sarı gəlin”ə-bunlar sadəcə gülünc bir şeylərdir, buna görə də hansısa itki kimi qəbul etmək yersizdir. Hrant Dink “Sarı gəlin” havasında dəfn oluna bilər, Ərdoğan “Sarı gəlin”i erməni havası kimi təsəvvür edə bilər, Sezen Aksu erməni dilində oxuya bilər. Bunları təbii qarşılamaq lazımdır. 
 
Əgər Ərdoğanın deməyi ilə, Sezen Aksunun ermənicə oxuması ilə hansısa Azərbaycan türkünün ürəyində “Sarı gəlin” oxunarkən bunlar yadına düşəcəksə, kültür olaraq özünü inkişaf etdirməsi lazımdır. “Sarı gəlin”in türklərin özləri də fərqli sözlərlə oxuyur, xalq mahnısı olduğundan sabah bunun yunancasını da, ispancasını da eşidə bilərik. Erməninin “Sarı gəlin”i işğal etməsi deyil, torpaqlarımızı işğal etməsi prioritet məsələdir. Ayrıca ermənicə oxuyacağına görə Sezen Aksunun dışlanması kimi fikirlər sənətə verilən münasibətə qeyri-mədəni davranışdır. 
 
Azərbaycanda müəyyən kəsim arasında sevilsə də, mən Ahmet Kayanı çox da sevmirəm. Bu onun kürd olması, kürdcə mahnılar oxuması ilə qətiyyən əlaqəli deyil. Sadəcə bir dəfə PKK bayrağı altında Abdullah Öcalana şərqi oxuması ilə bağlıdır. Bəlkə də, mövqeyim yanlışdır. Amma mənə görə bütün hallarda sənətçi doğru olanı təmsil etməlidir. 
 
Dilqəm Əhməd
“Gündəlik teleqraf”
Kultura.az | Developed by Samir Yahyazade