Yaradıcı gənclərin problemləri necə həll olunmalıdı?

Фирудин АЛЛАХВЕРДИ

 


Tələbələlik illərini Picasso, Rembrandt, Beethoven, Çaykovski, Fellini, Tarkovski, Stanislavski, Tolstoy, Markes ilə “keçirən” gənclərimiz təhsil ocaqlarından çölə çıxan kimi bayırda JEK-lə, bazarla, toy adamlarıyla, əlqərəz cəmiyyətimizin dominant sifətləriylə qarşılaşırlar.
 
Bu zaman onlar depressiyaya düşür, nə onlar bunları, nə bunlar onları anlayır. Bu yaradıcı gənclər də birdən ayılırlar ki yaş ötüb keçib, ortalıqda da heç nə yox.
 
Bu gün ölkəmizdə yaradıcı insanların normal yaşayışı üçün şərait çox zəifdir. Kasıb ölkə də deyilik ki günahı taleyin, gərdişin üstünə ataq. Maşallah, təbiət də yaxşı, sərvət də var, pul da var. Olmayan bir şey varsa o da mədəniyyət və ona sərmayə qoymağı hələ də anlamamağımızdır.
 
Nə qədər gənc rejissor, rəssam, musiqiçi, yazıçı tanıyıram ki beyinlərində bir-birindən maraqlı ideyalar küçələrdə qalıblar.
 
Bir rejissor tanıyıram. Əslində çox perspektivli gəncdir, istədiyi nədirʔ Sadəcə kamera. Sadəcə kamera lazımdır ki bu heç olmasa qısametrajlı filmlər çəkməyə başlasın.
 
Rəssamlar tanıyıram - istədikləri şey sadəcə emalatxanadır.
 
Bəstəkarlar tanıyıram - əsərlərinin keyfiyyətli səslənməsinə (musiqiçilərin qonorarı, studiya xərcləri və s.) nail olmaq üçün heç bir imkanları yoxdur.
 
Bunların avara qaldığı küçələrdə isə bir yemək-içməyə onminlərlə manat xərcləyənlər yaşayır..
 
Və kənardan Azərbaycan necə görünür? Çoxlu pullu, amma zövqsüz yaşayan insanların cəmiyyəti. Təxminən pullu ərəb ölkələri kimi. Bunun isə ziyanını bütünlükdə özünü “azərbaycanlı” kimi təqdim edən hər kəs çəkir. Əvvəllər dünyada tanınmırdıq və bunu dərd edirdik. İndi tanınırıq, amma bu da bir başqa dərd yaradıb.
 
Qonşu Türkiyəyə baxaq. Orada bir yaradıcı gənc nəsə yaratmaq istəsə bunu gerçəkləşdirmək üçün yüzlərlə, bəlkə minlərlə ünvan var ki onu dinləyəcəklər, kömək edəcəklər. O qədər fond, bank, şirkət var ki özləri bunda maraqlıdılar. Özlərinin də adı sənət tarixində qalır, həm də çox müsbət reputasiyaya malik olurlar.
 
Hətta bankların, şirkətlərin orkestrləri var. Festivallar təşkil edirlər, kitabların, jurnalların nəşrinə kömək edirlər, tamaşaların səhnələşdirilməsinə vəsait ayırırlar. Kinonu da demirəm..
 
Türkiyənin son onillərdə mədəni inkişafının sirrlərindən biri də budu. Nobelçisi də var, bütün böyük şəhərlərində Opera və Balet teatrları da, simfonik orkestrləri də. İncəsənət sahəsində təhsil alan türk gənc də gələcəyi özünə çox problem eləmir.
 
Hələ bu Türkiyədi. İndi görün Qərbə getdikcə incəsənət adamlarının vəziyyəti necədi.
 
Bizdə niyə vəziyyət belədi?
 
Çünki varlı təbəqəmizin çoxu sərvəti təsadüf nəticəsində əldə edib. Çox azsaylı şəxsləri çıxmaq şərtiylə əksəriyyətinin nə zövqü var, nə dünyagörüşü. Gözləri də heç nədən doymayıb.
 
Neçə-neçə ölkələrdə müşahidə etmişəm – yuxarı təbəqə həmişə yüksək incəsənətlə məşğul olur, qalareyalar, konsert zalları tikir, studiyalar açır, rəssamları emalatxanalarla təmin edir.
 
Bizimkilər isə aşağı kalibrli incəsənətin vurğunudu. Süni komputer səsləri, sintezatorlarla yazılan, bir-birinə bənzəyən mahnılara qulaq asır, ucuz şoulara maraq salırlar.
 
Bəs necə edək?
 
Banklar, şirkətlər, imkanlı adamlar incəsənət və ədəbiyyat layihələrinə açıq olmalı, təklifləri dinləməlidilər.
 
Olmasa belə özləri axtarmalıdır. Ədəbiyyat və incəsənət sahələrində qrant layihələri elan olunmalıdı. Qoy gənclər öz ideyalarını yazsınlar, göstərsinlər.
 
Amma münsiflər heyəti əsla qoca, sovetlər zamanı yaradıcı birliklərdəki intriqalarla məşğul olan, ədəbiyyat və incəsənətə təsadüfən gəlmiş adamlar olmamalıdı. Çünki onların çoxunun zövqü çox aşağı səviyyədə olur.
 
Daha proqressiv, dünya incəsənətindən anlayan, müasir tələbləri bilən dəyərli sənət xadimləri tapmaq olar ki onlar gənclərin layihələrini qiymətləndirsinlər. (lap bədəbəddə münsifləri xaricdən gətirmək olar, bu qədər texnika gətiririk, alınmır, bəlkə adam gətirək, alınsın.)
 
Dövlət də incəsənətə sərmayə yatıran şirkətlərin, qurumların vergisini azaltmalı, ya da buna bənzər güzəştlər etməlidir. Bir çox ölkələrdə, hətta qonşu Gürcüstanda kitab üzərindən ƏDV götürülüb. Belə getsə bir neçə onilliklər sonrakı gürcü və azərbaycan xalqının mədəni səviyyəsi arasında fərq daha çox olacaq. Onda da başlayacağıq günahkar axtarmağa, 
 
Bu zaman bir neçə il ərzində biz Azərbaycan incəsənətinin bütün sahələrində necə inkişaf baş verəcəyinin şahidi olacağıq.
 
İncəsənətə qoyulan sərmayədən bütün cəmiyyət xeyir götürür. Özü də uzun müddət boyunca.
 
Firudin Allahverdi
Kulis.Az
Kultura.az | Developed by Samir Yahyazade