8 martda hədiyyə umub, Clara Zetkin`i dananlara

Гаджи Гаджиев

 

 
Lakin İzolda Ağayeva adlı xanım mənə köşə ilə cavab verib. Bu - təqdirəlayiq haldır və ona cavab verməyimin səbəbi də budur. Bizim çalışdığımız da budur. İki cümləlik "şərh dahiliyi" etməkdənsə, özünüzü şərhlərdə təsdiq etməkdənsə, yazı yazın!
 
Onu da qeyd etməliyəm ki, ilk yazını yazmaqla mən əvvəlcədən həm bakirəliyini “alınmaz qala”ya çevirənləri, həm namus-qeyrət keşikçilərini, təsbeh gəzdirənləri, həm də İzolda xanım kimi bu problemi qəlbən ağır qəbul edən şəxsləri bərk qıcıqlandırmışdım. Onların fikirləri sözsüz ki, mənim dediklərimdən daha populist səslənir. Belələri nə desə, publika ayaqda alqışlayacaq. Amma unutmayın ki, mənim yanaşmam ilk növbədə məsələyə elmi baxış idi.
 
Bununla belə, dediklərimin ictimai əhəmiyyəti barədə də özümə hesabat verirəm. Şəxsimə qarşı suallara bir kəlmə ilə cavab verim ki, bəli mən bu məsələyə məhz yazdığım kimi yanaşıram və əks cinslə münasibətdə də bu yazıya adekvat davranıram. Bundan o yanası isə mənim şəxsi işimdir. 
 
Bakirəliyi pozulmuş qızla gəzib bakirəylə evlənmək məsələsini misal gətirən opponentimə demək istəyirəm ki, bəli nə qədər ki, qızlarımızın əsas problemi ərə getmək olacaq, onlar bakirəliklərini qoruyaraq cinsi tələbatlarını oral, anal yolla və ya onanizmlə ödəyəcəklər.
 
Qızlar sözüm sizədir. Axı niyə siz özünüzü bu qədər rəzil, ucuz  günə qoyursunuz? Niyə sizin əsas prioritetiniz oxuyub adam olmaq yox, cehizə əlavə etmək üçün diplom almaqdır? Niyə əsas qayəniz bəşəriyyətə xeyir vermək yox, sərfəli ərə getmək problemidir? 8 martda hədiyyə almağa alışmısınız. Amma heç bilirsinizmi o 8 martı sizin üçün qazanan kimdir? Ümumiyyətlə, siz heç bu günün anlamını bilirsinizmi?
 
Clara Zetkin və Rosa Lüksemburg sizin hüquqlarınız uğrunda mübarizəyə qalxanda, ikinci hətta həyatını bu mübarizəyə fəda edəndə inanın ki, sizin təzədən mağaraya qayıdacağınıza ümid etmirdi. Setkin bir tərəfdən inqilab edirdi, insanların həm cinsi, həm sosial bərabərliyi uğrunda mübarizə aparırdı, amma həm də öz şəxsi həyatını qururdu. Onun ömür-gün yoldaşı Osip həm də onun bu mübarizədə silahdaşı idi. Onlar ömürlərinin axırınadək rəsmi olaraq evlənmədilər, amma buna baxmayaraq dünyaya iki oğul gətirdilər və ölənədək bir yerdə oldular.
 
Niyə oturub gözləyirsiniz ki, kimsə sizin hüquqlarınızı sizin əvəzinizə gəlib qorusun? Ağlamayan uşağa məmə yoxdur! Məmə (oxu azadlıq) istəyirsinizsə, özünüz hərəkətə keçməlisiniz.
Siz oxuyun, elm, savad sahibi olun, bəşəri dəyərlərə yaxınlaşın. İnanın, indi sizə yuxarıdan aşağı baxan, sizi ikinci növ insan sayan oğlanlar ayaqlarınızda sürünəcəklər. İndi belə danışmaqlarına baxmayın. Mən bunu sizə əks cinsin nümayəndəsi kimi deyirəm. Mən bu "əclafları" yaxşı tanıyıram =)
 
Təbii ki, bu yolda maneələr az olmayacaq - mentalitet, din, ailə. Amma bunu aşmaq lazımdır. Öz missiyanızı heyvani funksiya ilə, doğub-bəsləməklə məhdudlaşdırmayın!
 
Bu gün bakirəlik kompleksini aşmaq, əsrin əvvəlində çadranı atmaq kimi çətin bir işdir. Amma onda da Cəfər Cabbarlı "Sevil"i yaratdı, ilk qadın çadrasını atdı və zəncirvari reaksiyayla hamı çadradan imtina etdi. Nəticədə Azərbaycan nəyinki Şərqdə, bütün dünyada qadınlara seçki hüququ tanıyan ilk dövlətlərdən oldu. Müstəmləkə olsaq da, bizdə qadınlar səs verəndə, bir çox Avropa dövlətlərinin qadınları bu hüquqdan məhrum idilər. İndi isə bu qədər zəhmətə, insan həyatına başa gəlmiş həmin nailiyyətlərdən özünüz imtina etmək istəyirsiniz, onları qorumaq istəmirsiniz.
 
Bakirəlik pərdəsilə təcəssüm olunan namusunuzu qorumaqdansa, hüquqlarınızı qoruyun! Uşaq doğma yarışına girmək lazım deyil. Azərbaycanda demoqrafik problem müşahidə olunmur, əqidə və təhsil böhran yaşanır. Ondansa, bir elm sahəsinin inkişafında qatqınız olsun. Bu o demək deyil ki, şəxsi həyatdan imtina edəsiniz. Qətiyyən. Sadəcə bunu həyatınızın prioritetinə çevirmək lazım deyil. Sizi cəhalətə zəncirləyən doqmalardan qurtulmağa çalışın!
 
Mənim yazıma cahil kişilərin reaksiyası başa düşüləndi. Onlar istəmirlər ki, siz azad olasınız. Onlar sizi öz oyunlarında piyada görməkdə maraqlıdırlar. Amma qadınların, qızların belə reaksiyası məni həqiqətən də təəccübləndirir.
 
Tiflisin küçələrində 16 yaşdan başlayaraq qızları siqaret çəkən, içki içən görmək adi bir şeydir. Amma bununla belə fahişəliyin səviyyəsinə görə Azərbaycan Gürcüstanı xeyli qabaqlayır. Özü də təkcə Azərbaycanda deyil, həm də Dubay və digər yaxın və uzaq şərq ölkələrində. Mənim bir gürcü dostumun qızı bu il yüksək balla instituta qəbul olub. Tiflisdə onların qonağı olanda söhbət pivədən düşdü. Dostumdan soruşdum ki, yerli pivələrinizdən hansı daha yaxşıdır? Qızı cavab verdi ki, hamısından yaxşı "Heineken"-dir. Bir daha xatırladım ki, pivə işində pərgar olan bu cavan qız həm də çox yüksək balla universiteti qazanıb və bildiyimə görə təhsilini indi də müvəffəqiyyətlə davam etdirməkdədir. 
 
Keçmişə baxsanız Janna D`Arkı xatırlayın. Bəşəriyyətə demokratiyanı bəxş etmiş Fransa inqilabı zamanı əlində inqilabın bayrağı olan fahişəni yada salın. Günümüzdən misal istəyirsinizsə, FEMEN-ə, Pussy Riota diqqət edin. Bu qızlar lüt aksiya edəndə, fahişəliyi təbliğ etmirlər. Əksinə onların şüarları "Ukrayna qızlarına fahişə kimi baxdığınız kifayətdir!", "Bizim bədənimiz satılıq əşya deyil!" kimi şüarlardır. Çılpaqlıq, epotaj isə sadəcə problemə diqqət cəlb etmək yöntəmidir.
 
Mən sizdən soyunub, küçədə etiraz aksiyası keçirməyi gözləmirəm. Bunun üçün biz hələ çox geridə qalmışıq. Amma nədənsə başlamaq lazımdı. Mütləq lazımdı.
 
Hacı Hacıyev
Kultura.Az
Kultura.az | Developed by Samir Yahyazade