Alçaldılmışlar və təhqir edilmişlər

Zaur QURBANLI

 

Bu adamın hakimiyyətə nifrəti sonsuz idi. Çevriliş və bu çevrilişdə qan görmək istəyirdi. Polislərin adi nazirin gəlişinə görə saatlarla küçədə qalmasını, seçkilərdə necə oyuncaq kimi istifadə olunmalarını, öz hüquqlarını tələb edən insanları əzən aparat olmalarını da nəzərə alsaq, bu adamın nə qədər alçaldığını anlamış olarıq. Onun nifrəti də buradan qaynaqlanır – alçaldılmasından.

 
Məsələnin daha pis tərəfi budur ki, bu rəzil rəftara məruz qalan təkcə polislər deyil. Müəllimlər və həkimlər ən az maaş alan təbəqədir, lakin ən çox seçki karusellərində, iməciliklərdə, yaltaqlıqlarda iştirak edənlər də onlardır. İcra başçıları sırf kiminsə hakimiyyəti üçün öz rayonlarında hər cür əxlaqsızlığı edirlər. Hakimlər siyasi sifarişlər və pul qazanmaq naminə gözlərinin nurunu verib oxuduqları hüququ çeynəyib atırlar, özü də hər gün. Həkim Hippokrat andını, hakim qanunları, müəllim təhsilini tapdalayır. Bu ölkədə öz vəzifəsinə, ictimai mövqeyinə, öz seçiminə hörmətsizlik etməyən adam tapmaq çətindir. Hər kəs gündəlik və normaya çevrilən hərəkətlərində özünü alçaltmaqla məşğuldur. Valideynlərin əksəriyyəti övladlarına istədikləri kimi baxa bilmir və övladları qabağında utanırlar, ər arvadın, övlad ana-atanın qarşısında başıaşağıdır – hər kəs alçaldılıb və təhqir edilib.
 
Bundan da pisi budur ki, insanlar bunu bilirlər. Onlar əmindirlər ki, alçalırlar. Çünki onları buna mövcud durum, idarə edən rejim məcbur edir. Onlar könüllü alçalmırlar, məcbur olub alçalırlar. Bu isə təhqirdir. Hakimiyyət qurduğu bu qatmaqarışıq sistem vasitəsilə insanları fərdən hər gün, hər saat təhqir edir. İnsanlar da bunun fərqindədirlər, bunun fərqinə varmalar isə onların nifrətini daha çox artırır, daha çox rəzilliklər törədirlər. Hakim katibi vasitəsilə rüşvət alanda, müəllim süpürgə pulu yığanda, həkim xəstəni soyanda, icra başçısı korrupsiya yeyintisini gerçəkləşdirəndə nifrətlə edirlər bunu, özlərinə, onları bu hala salanlara nifrətlə.
 
Məsələnin ən pis tərəfi heç bu da deyil. Ən pisi orasıdır ki, bu nifrət həm də Avropaya, Amerikaya və digər inkişaf etmiş sivilizasiyalara və öz içimizdə alçaldılmışlardan fərqlənənlərə nifrətdə özünü göstərir. Məgər bizim alçaldılmış vətəndaşlarımız qərblilər kimi rahat yaşayışı, normal seçkisi olan, idarə edənləri xalqın təyin etdiyi, inkişaf etmiş iqtisadiyyatlı, sərbəst, kiminsə kiməsə qarımadığı həyatdan ibarət cəmiyyət arzulamırlar? Arzulayırlar, özü də nifrətləri məhz bu arzunun əlçatmazlığına inamlarından doğur. Bu rejim insanları digər xalqların, lap elə gürcülərin qabağında alçaltmaqla təhqir edir. Bu Qərb həsrəti məsələsi digər istibdad rejimlərində də oxşardır. Məsələn, Qəddafini öldürən 30 nəfərlik dəstənin üzvlərindən biri jurnalistə müsahibəsində “Siz nədən narazı idiniz? Axı deyirdilər, liviyalılar yaxşı yaşayır?!” sualına cavabında demişdi ki, “Amerikalılar da yaxşı yaşayır, amma 4-8 ildən bir prezidentlərini dəyişirlər”.
 
İnsanlar təhqirləri həzm edirlər, alçalırlar və bunları hər saat hiss edərək, nifrətlərini daim artıraraq, qisas anını gözləyirlər. Həlledici qisas anının gəlməsi uzandıqca onlar bu qisaslarını gündəlik olaraq, özlərindən fərqlənən insanlardan çıxırlar. Kimsə daha sərbəst geyinirsə, daha sərbəst davranırsa, rüşvətin əleyhinə çıxıb təhqirdən yayınırsa və nəticədə daha az alçalırsa, kimsə məhz bu rejimin quraşdırdığı köləlik mentalitetini danırsa, kimsə bu rejimə nökərçilik edən saxta dindarlıq əleyhinə çıxırsa, kimsə daha azad olursa, alçaldılmış və təhqir edilmiş olmaq istəmirsə, kütlə nifrətini ona çevirir, onu özünə oxşatmağa çalışır. Onlar bu qədər təhqir edilərək və alçaldılaraq, Qərbə nifrət etməyə və öz içərilərində azacıq da olsa, qərbli olan birinin yaşamasına dözə bilməzlər.
 
Sırğalı oğlana “petux”, ateistə “kafir”, sərbəst geyinənə “bambılı”, müxalifətçiyə “dəli” demək məhz rejimə olan nifrətdir ki, içimizdəki azadlıq adalarının başında partlayır. Çünki təhqir olunaraq alçalan insan hər kəsi özü kimi təhqir edilmiş və alçaldılmış görmək istəyər. Onun üçün ən böyük əziyyət özündən daha azad, daha şərəfli, daha vicdanlı insan görməkdir. Onlar məhz buna görə Avropaya nifrət edirlər, milli-mənəvi dəyərləri müdafiə edirlər. Çünki bu milli-mənəvi dəyərlər ətrafdakı hər kəsi onlar kimi alçaldır. Fərqlənməmək alçalmaq deməkdir. Başqa sözlə, fərqlənmək alçalmamaq deməkdir – bu isə həm rejimin siyasətinə, həm də onun yetişdirdiyi nəhəng alçaldılmışlar və təhqir edilmişlər kütləsinin mənafeyinə ziddir.
 
Fərqli olmaq lazımdır. Mentaliteti qəbul edən də öz yozumunda qəbul etməlidir, ibadət edən də özünə hörmət edərək ibadət etməlidir, geyimdə də kütlədən fərqlənmək lazımdır, davranışda da onlar kimi, onlar sifariş verən kimi olmamalıyıq. Çünki biz təhqirləri götürməməliyik, nəticədə alçalmamalıyıq, bunun da nəticəsində nifrət etməməliyik, xilas etməliyik, ən azı özümüzü xilas etməliyik, daha sonra isə cəmiyyəti. Çünki bütün bunların əsasında duran təhqirlər hakimiyyətdən gəlir, alçalma da, nifrət də hakimiyyətin sifarişidir, onların çaldığı mahnıdır. Bu kütlədə isə mütləq əksəriyyət bu mahnıya oynayır, fəhləsindən tutmuş nazirinə, hətta prezidentinə qədər. Çünki prezident də özünün qurulmasında yaxından iştirak etdiyi bu sistemin köləsidir, alçalmışlardan fərqli görünsə, nifrət obyekti olacaq. Hamı təhqir olunur və alçalır və nifrət edir.
 
Bu kütlənin gözündə “petux”, “kafir”, “bambılı”, “dəli” olun, yetər ki, fərqli olun. Budur missiyamız – fərqli olmaq, təhqiri götürməmək, alçalmamaq, nifrət etməmək, xilas olmaq, xilas etmək.
 
 
P.S. Yazıda Mana Neyestaninin “Square heads” (“Kvadrat başlar”) karikaturasından istifadə edilmişdir.
 
Zaur Qurbanlı
Kultura.az

 

Kultura.az | Developed by Samir Yahyazade