Bir iclasbaz haqqında

Айдын АЛИ-ЗАДЕ

 

 

 
Bundan başqa onun bütün yaşamı bir böyük toplantıdır. Evində kiminsə ad günü olanda bu münasibətlə yeyib-içməklə dolu olan masa arxasında qonaqlarla toplantı keçirir. Orada nitq söyləyir, ad günü olanın özəllikləri və üstünlüklərindən, onun tarixi yolu haqqında məruzə oxuyur. Qonaqlar dincəlmək, sərbəst olmaq istəsələr də, buna imkan vermir. Rəsmi olaraq onlardan hərəsinə söz verir, moderatorluq edir.
 
Gəlir iş yerinə. İşçilərə hansısa tapşırıq vermək, kiməsə etirazını bildirmək üçün onları çağırıb danışmır. Mütləq toplantı yığır, orada məruzə ilə çıxış edir, məsələnin aktuallığını, verdiyi tapşırıqların önəmliliyini vurğulayır.
 
İş yerində Novruz bayramı, yeni il, qadınlar bayramı keçirirlər. Orada hamı yeyib-içməklər gətirir, sərbəst olub bayramları dolu masa arxasında keçirmək, ürəkləri açan söhbətlər etmək istəyir. Ancaq bu dəfə də dostumuz gəlib hər şeyi rəsmi edir, nitqlərlə çıxış edir, başqalarına söz verir, hər şeyi rəsmiyyətə salır.
 
İşçilərimiz də, öyrəncəli olsalar belə, hər dəfə ondan gileylənirlər və gülürlər. Deyirlər istirahət etməyə belə qoymur öz rəsmi toplantıları ilə.
 
Buna cavab olaraq, mən onlara hər zaman deyirəm ki, bu dostumuzu anlamaq gərəkdir. Hamı bir şeyin düşkünüdür. Kimsə arvadların, kimsə içkinin, kimsə oyunun və s. Başqa sözlə, kimsə arvadbaz, kimsə yerlibaz, kimsə uşaqbaz, kimsə qumarbazdır. Bu kişi də iclasbazdır. İndi nə edək? Onu başa düşmək gərəkdir. Arvadbaz gözəllərdən, qumarbaz oyundan həzz aldığı kimi bizim bu dostumuz da toplantılardan həzz alır. Onun bu duyğusuna mane olmayın.
 
Mənə deyirlər, bəs onda nə edək? Mən də cavab verirəm ki, siz hamınız onun bu kimi davranışına hər zaman gülürsünüz. Deməli siz də onun bu iclasbazlığından həzz alırsınız. Onun bu özəlliyi sizə də xeyirdir. Axı siz gülürsünüz, onun haqqında hər yerdə danışırsınız. Bu barədə bölüşdüyünüz insanlar da gülürlər, kehfləri açılır. Deməli onlar da həzz alırlar. İndi baxın görün ki, onun bu iclasbazlığı sizə və başqalarına nə gədər sevinc və gülmək gətirir. Bu da sizin sağlamlığınız üçün xeyirdir, çünki təbəssum və gülmək yaşamı uzadır.
 
Bunu mən onun işçilərinə bir neçə dəfə deyəndən sonra bu olayı yazmaq qərarına gəldim. Bundan özüm də həzz aldım, oxucularım da alacaq. Beləliklə bu dünyada boş və mənasız bir şey yoxdur. Hər şeydə bir hikmət və başqa adamlara təsir edən bir özəllik vardır. İndi o iclasbaz dostum sağolsun ki, mənə öz davranışı barəsində yazmaq, işçilərinə ona gülmək, oxucularıma isə onun haqqında oxumaq imkanı verdi. Sonda da onunla birlikdə biz hamımız həzz aldıq. Əslində elə həzz almaq həyatın mənasıdır.
 
Aydın Əli-zadə
 
Kultura.Az
Kultura.az | Developed by Samir Yahyazade