post-title

Siyasi rejimlərin mədəniyyət fərqinə nümunə

Bu mövzu barədə bloqçular və jurnalistlər çox yazıblar – Gürcüstanın inqilabdan sonrakı hakimiyyətinin yaratdığı fərq. Bu dəfə sərhəddə şahidi olduğum maraqlı mənzərə haqqında danışmaq istəyirəm.

 

 
Həmişəki kimi Azərbaycan sərhəd-keçid məntəqəsində növbəsizlik, basabas idi. İnsanlar top kimi yumrulanıb bir nəfərin keçə biləcəyi keçidin ətrafında yığışmışdılar. Məsul şəxslərin isə heç nə vecinə deyildi, hərdən əsgər 2-3 nəfərin keçməsinə izn verirdi. Birtəhər keçib getdik Gürcüstan tərəfə. Dəfələrlə keçdiyim yer olduğuna görə gürcü tərəfində də eyni mənzərə mənə təəccüblü gəldi. Baxmayaraq ki, eyni adamlardır, gürcü tərəfdə sıra ilə dururlar. Bu dəfə isə qarşıqlıq idi, azərbaycanlılarımız Azərbaycan tərəfdə durduqları kimi durmuşdular.
Əlqərəz, birtəhər, sıxlaşa-sıxlaşa, söyüşə-söyüşə, itələşə-itələşə, sürtüşə-sürtüşə çatdım Sirat körpüsünün axırına. Növbə mənim idi, getdim qabağa, pasportu uzatmışdım ki, bir də eşitdim, arxadan biri məni rus dilinin gürcü aksenti ilə səsləyir. Çevrildim ki, polisdir.
 
Göstəriş verdi ki, qayıdım. Pasportu geri çəkib qayıtdım. Məni növbədəki kütlənin içinə qaytarıb qırmızı lenti çəkib dedi ki, hamı arxadakı qırmızı lentdən də arxaya keçib tək sıra növbəyə durmasa, heç kimi buraxmayacağam. Başqa polis də gəldi bunun yanına və ikisi də yolumuzun üstündə sakitcə durub geri qayıdıb təxminən 5 metr arxadakı lentdən dala keçməyimizi və sıraya düzülməyimizi gözləməyə başladılar.
 
Bütün bu müddət ərzində, biz növbəsiz şəkildə bir-birimizi yeyə-yeyə irəliləyərkən, gürcü sərhəd xidməti əməkdaşları, polisləri bizə baxıb gülürdülər. O gülüşün üzərimdəki ağırlığını burda təsvir edə bilməyəcəyəm, çünki haqlı istehza idi.
 
Amma bu gülüşlər hələ jurnal imiş. Polis göstərişi verəndən sonra mən geri döndüm, gördüm ki, heç kim arxaya getmir. Səslər ucaldı ki, “Getməyin. Düzülməyin. Meyit millətik də. Gürcü polisi bizi düzür.” Bunu deyənlərdən birinə dedim ki, “Axı o, qanunsuz iş görmür. Mədəniyyət öyrədir də.” 1-2 nəfərin yalvar-yaxarından sonra əksəriyyəti Borçalı sakinləri olan həmyerlilərimiz tək sıraya keçdilər, amma sıranın başında olan mən yerimdə qalmalı oldum, çünki kütlə arxaya getmirdi.
 
Çevrildim polisə doğru. Dedi, “Yox. O arxadakı qırmızı lentdən dala çəkilməsəniz xeyri yoxdur. Heç kimi buraxmayacağam.” Dedim, “Azərbaycanlıları tək sıraya düzə bilmisən. Uğurunun ölçüsünü təsəvvür edə bilirsən?” Onun üçün fərqinin olmadığını dedi və yenə qırmızı lenti göstərdi. Bir də camaata çevrildim. Xahiş elədim, tələb elədim, başa salmaq istədim. Hamısı üzümə baxırdılar, yazıq, bir tikə çörək üçün hər şeyə hazır olan müti sifətləri ilə eləcə baxır, heç bir hərəkət eləmirdilər. Nəhayət içimizdən bir orta yaşlı kişi çəmini tapdı. Mənə dedi ki, “Sən ən başdasan. Sən yerini buraxıb polis deyən lentin arxasına keçsən, hamı sənin arxanca gələcək”.
 
Düzü inanmadım ki, insanlar bu qədər sürü əhvalında olsunlar, çünki mən yerimi buraxandan sonra mənim ardımca gələn yenə dirəşə bilərdi polisə. Amma yanılırmışam. Yerimi tərk edib arxaya keçən kimi, kütlə hərəkətə gəldi. O kütlənin hərəkəti mənzərəsi dəhşət idi. Sanki 2003, oktyabr mitinqində olduğu kimi təşkilatçılar mitinqə çıxmayıb, ortada polisin əlində bir qrup adam yazıq qalıb. Sürü kimi bir-birindən ayrılmadan, ordan-ora, burdan-bura itələnərək polis göstərən lentə doğru irəlilədilər. Mən əvvəldən lentin yanına gəlmişdim, gözləyirdim ki, camaat məndən arxaya keçsin, sonra polis buraxsın. Bayaqdan bizə gülən gürcülərin istehzalı baxışları altında, bədbəxt Azərbaycan xalqının başsız sürü kimi necə hərəkət etdiyini görmək məni çox ağrıtdı.
 
Polisə zərrə qədər antipatiya duymadım. Tək nifrət hiss etdiyim başımızda duran hakimiyyət idi. Fərqi yoxdur, hansı xalqın başında bu cür hakimiyyət olsa, ya onu devirər, ya da beləcə yazıq, başsız kütləyə çevrilər. İnsanların sifətlərində özlərinə, öz hakimiyyətlərinə inamsızlıq, Azərbaycanda hər şeyin uğursuzluğa məhkum olduğuna inam, özlərindən daha aşağı bildikləri gürcülərə qibtə, bu qibtənin qabağında alçalmalarını hiss etmələri açıq oxunurdu.
... Sonda hər kəs lentdən arxaya keçdi, polis də bizi tək-tək buraxmağa başladı. Keçəndə ona “Afərin sizə” dedim, əlacım olsa, qucaqlayıb öpərdim.
 
Zaur Qurbanlı
Kultura.az
 

 

Yuxarı