post-title

İndi o həmişəlik getdi

Təqribən bir il bundan əvvəl 5 oktyab 2011-ci ildə ABŞ-da 57 yaşında “Apple” şirkətinin qurucusu dünyasını dəyişdi. Bundan 15 gün öncə Stiv Cobs ömrünün sonuna lap az qaldığını bilərək, son 14 ildə çalışdığı “Apple”nin baş direktoru vəzifəsindən uzaqlaşdı. O, iş yoldaşlarına gedişini bir vida məktubunda izah etmişdi. Dünyanı dəyişən insanın “həyat qaydaları” onun ölümündən sonra da gündəmdə olacaq.

 

 
Stiv Cobs: “Tezliklə öləcəyimin fərqində olmaq, mənə çətin qərarları verməkdə kömək edən əvəzsiz vasitədir”.
 
“Bəzən küçədən insanlar mənə yaxınlaşır. Onlar iPhone-nu necə bəyəndiklərini deyərək ya pul istəyirlər, ya da ən azından onların çiyninə vurmağımı xahiş edirlər. Əgər həmin an yorğunamsa, adətən başımı dik tuturam, deşici baxışlarla, gözlərimi qırpmadan onların gözünə baxıram. Onlar bir neçə anlıq özlərini itirirlər və cəld yolun o biri üzünə keçirlər”.
 
“Biz başqalarının yetişdirdiyi qidaları yeyirik. Başqalarının tikdiyi paltarları geyinirik. Başqa adamlar tərəfindən düşünülmüş dildə danışırıq. Məncə özümüzün də insanlığa faydalı olmağımızın vaxtı yetişib”.
 
“Etdikləriniz haqqında başqalarına tez-tez danışmaq lazımdır. Əlbəttə bunu zorla camaatın beyninə yeritmək, özündən razı, özünü idellaşdıran birisi kimi görünmək də lazım deyil, bu insanları ancaq qorxuda bilər. Lakin yenə də, vaxtı gələndə etdikləriniz haqqında insanlara məlumat verməkdən utanmayın”.
 
“Mən bir il ərzində 250 milyon dollar itirməyin nə olduğunu bilən nadir insanlardanam. Bu şəxsiyyəti çox yaxşı formalaşdırır”. 
 
“Televizor insanı keyləşdirir və çoxlu vaxtını öldürür. Onu söndürməklə beyninizin bir neçə hüceyrəsini qorumuş olarsınız. Ancaq yenə də ehtiyatlı olun, Apple komputerlərinin qarşısında oturaraq da keyləşmək mümkündür”.
 
“Bir az ağlımızı itirməsək, yaşamaq heç cür mümkün olmaz”.
 
“Elə vaxtlar olub dostlarımın evində döşəmələrdə yatmışam və vegeterian burqeri almaq üçün butulka yığıb satmışam. İndi şirkətlərdən paylar və bir neçə milyard dollarlıq əmlaklar əldə etdikdən sonra, məişət həyatım bir az dəyişib, amma and olsun ki, özüm heç dəyişməmişəm”.
 
“Bəli mən marixuana çəkmişəm və LSD-nin də dadına baxmışam. Burda utanacaq heç nə yoxdur”.
 
“Ancaq məqsədin mövcud olması həyata məna və tamlıq gətirir. Bu təkcə sağlamlığın yaxşılaşması və uzunömürlülük gətirmir, həm də çətin zamanlarda bir damcı optimizm kimi köməyinizə gəlir”.
 
“Yaradıcılıq sadəcə əşyalar arasında əlaqə yaratmaqdır. Yaradıcı adamdan nəyisə yaratmaq ideyasının necə başa gəldiyini soruşanda, onlar özlərini bir qədər günahkar hiss edirlər, çünki onlar əslində heç nə etməyiblər sadəcə əşyalar arasında hansısa əlaqəni üzə çıxardıblar. Bu onların özünə də zamanla aydın olur. Onlar təcrübələrinin ayrı-ayrı parçalarını birləşdirib, nə isə yeni bir şey sintez edirlər. Bu ona görə baş verir ki, onlar yaşayıb başqalarına nisbətən daha çox şey görüblər, ya da daha çox şey haqqında düşünüblər”.
 
“Uğurlu sahibkarların yarıdan çoxunu, uğursuzlardan fərqləndirən tək cəhət inadkarlıqdır”.
 
“Mənim çoxlu bir-birindən fərqli qadınlarım olub, amma ən yaxşıları həmişə öz arvadlarımın arasından çıxıb”.
 
“Əgər mənə Apple və Pixar şirkətləri arasında seçim etmək, hansını saxlayıb, hansını başqalarına vermək təklif olunsaydı, mən keçmişə qayıdım hər şeyi elə qurardım ki, hər ikisinə sahib olum”.
 
“Heç vaxt büdrəməyən və səhv etməyən uğurlu insanın var olması tamamilə yanlışdır. Ancaq səhv edən və planlarını bu səhvlərin əsasında yenidən quran uğurlu insanlar var. Mən də elə o oğlanlardan biriyəm”.
 
“Microsoft” məhsullarının təkmilləşdirilməsi və inkişafı üçün çoxlu milyonlar xərclədi, ancaq onlar hamısı hansısa bir cəhətinə görə “Apple” məhsullarının oxşarı kimi görünür. Mən əhvalımı qaldırmaq istəyəndə, dərhal bun faktı yada salıram”.
 
“Böyük bir işi görməyin yalnız bir yolu var, onu sevmək. Əgər hələ buna gəlib çıxmamısınızsa, gözləyin. İşə girməyə can atmayın”.
 
“İnsanlarla nə qədər çox söhbət etsəm, bir o qədər çox onların bu həyatda yalnız bir məqsədlə yaşadığını, qəbirsanlıqda ən varlı ölü olmaq məqsədini görürəm”.
 
“Tezliklə öləcəyimin fərqində olmaq, mənə çətin qərarlar verməkdə kömək edən əvəzsiz vasitədir”.
 
“Artıq 33 ildir ki, hər gün güzgüyə baxıb özümdən soruşuram:
“Əgər bugünkü gün həyatımdakı sonuncu gün olsaydı, yenə də bu gün görəcəyim işləri görmək istərdimmi?” 
Belə ki, özümə cavabım “Yox” olur. Bir neçə gün ərzində həyatımda nələrisə dəyişdirməyin vacib olduğunu anlayıram”.
 
“Mən bir adamı işdən qovub, daha sonra ona zəng edərək hanısasa layihəni müzakirə edə bilərəm, ya da onu yenidən işə götürərəm. Keçmiş məni maraqlandırmır, yalnız indiki zaman vacibdir”.
 
“Əgər mənim keçmişə qayıdıb, 25 yaşımda özümə məsləhət vermək imkanım olsaydı, deyərdim ki: “Axmaq müsahibələrə razılıq vermə, sənin fəlsəfi boşboğazlıqlara vaxtın yoxdur!”
 
Çeviri: Namiq Hüseynli
Kultura.az

 

Yuxarı