post-title

Siçovulun canavara çevrilməsi

XX qurultay, Stalinin və ümumilikdə şəxsiyyətə pərəstişin ifşası, dünyada əsən azadlıq fırtınası, bir az sonralar Fransanı silkələyən tələbə hərakatı Sovetlər Birliyində yeni ziyalı tipinin ortaya atılmasını şərtləndirmişdi. Artıq köhnə yazıçılar dövrün tələblərinə cavab vermirdi. Onların yazdıqları lətifə mövzusuna çevrilmişdi. Kolxoz, sovxoz, quruculuq, kollektivləşmə söhbətləri daha işləmirdi. Həm də müəyyən mənada qarşıya qoyulan məqsədə nail olunmuşdu. Horadizdə nökər olan yazıçını "Kommunist" qəzetinin baş redaktoru təyin etmişdilər.

 

Proletariatın arasından çıxan yazıçı və şairləri tirajlayıb şəxsiyyətə çevirmişdilər. Onlar mövqe, titul, tiraj sahibləriydi. Zavodlara, pambıq sahələrinə zəhmətkeşlərlə, fəhlələrlə görüşə gedirdilər. Onu da obyektivlik naminə deyək ki, savadları az olsa da, onlar 60-cılardan daha səmimi yazıçılar idi. Bütün hallarda əsərlərində informasiya çoxdu. Lakin bu adamlar artıq dövrün tələblərinə cavab vermirdilər. 
 
Onların yaradıcılığı və hərəkətləri lətifə mövzusuna çevrilmişdi. Ard-arda baş verən hadisələr yeni ziyalı tipinin ortaya atılmasını şərtləndirmişdi. Bu yeni ziyalı tipi dövrün tələblərinə uyğun hərəkət etməli, həm də nəzarətdə olmalı idi. Qısası, onlar adamlarda yaranan azadlıq hissini bicliklə öldürməli və həm də müxtəlif orqanların gizli tapşırıqlarını yerinə yetirməli idi. Beləliklə, Xruşşov "qızdırması"ndan törəyən əldəqayırma ziyalılar meydana buraxıldı. Bu "KQB"-nin həyata keçirdiyi ən incə əməliyyatlardan biri idi. Bu elə bir əməliyyat idi ki, insanlar hələ də bu əməliyyatın nəticələrindən əziyyət çəkir. 
 
Zaman yeni ziyalı tipinin ortaya atılmasını zərurətə çevirmişdi. Xanımlar və cənablar, bələliklə, fotoaparatla gəzən, guya cazla maraqlanan Vaqif Səmədoğlu, mübtədayla xəbərin yerini qəsdən səhv yazan Elçin Əfəndiyev, "Yaxşı padşahın nağılı"nı yazıb, amma bir neçə padşaha qulluq göstərməyi bacaran Anar Rzayev arenaya atıldı. Bu adamlar zaman-zaman insanların zəif yerlərindən vurmağı bacardılar, zaman-zaman insanların hissləri ilə oynayıb, gündəmdə qaldılar. 
 
Onlara hər cür şərait yaradılmışdı. Sonralar Sovetlər Birliyi dağılanda, onlar deyəcəkdilər ki, biz kolxozdan, sovxozdan yazmamışıq. Halbuki, onların kolxozdan, sovxozdan yazmamağı göstəriş idi. Kolxoz, sovxoz mövzusunu mərkəzin ağıllı adamları bağlamışdılar. 
 
Ortaya atılan yeni ziyalı tiplərinin missiyası başqa idi. Elə bu gün də onlar öz missiyalarını uğurla yerinə yetirirlər. Yenə də dövlət büdcəsindən maliyyələşən qəzetlər və jurnallar, teatrlar onların əlindədir. Öz postlarından istifadə edərək, dədələrinin və özlərinin əsərlərini təbliğ edirlər. 
 
Onlar öz dekorativ, həyatdan uzaq əsərləri ilə adamları aldatmağı bacardılar. Floberin "Modam Bovari" romanının suyunun suyundan yaranmış Təhminə obrazı boz sovet mühitində adamlara maraqlı göründü. Onlar öz həyatları haqqında yaza bilmədilər. Çünki Belinskinin təbirincə desək, istedadsız adamlar öz həyatları haqqında yaza bilmirlər. Bir tərəfdən də öz həyatları haqqında yazsaydılar, özləri özlərini ifşa etmiş olardılar. 
 
Sistemin yaratdığı şəraitdən maksimum bəhrələnən 60-cılar sonradan özlərini hətta dissident yazıçı belə adlandıracaqdılar. Sovetin hər bir titulunu qazanmış bu adamların özlərini dissident adlandırmasını cəmiyyət normal qəbul etdi. Çünki onlar çox adamı aldatmışdılar. Onların yaratdıqları nağıllara inananlar minlərlədi. Bəziləri vaxtında inandıqları adamların bir əməliyyat nəticəsində ortaya çıxmasını həzm edə bilmirlər. Bəziləri aldadıldıqlarını heç cür özünə bağışlamır. Adamlar başa düşmür ki, şam əgər yanmırsa, deməli, ya deputat mandatı alıb, ya oğlu gömrükdə işə düzəlib, ya da harasa səfir göndəriblər. 
 
Bir dəfə Xaliq Bahadır məndən soruşdu ki, necə oldu siz onlara aldanmadınız? Yalançı, əldəqayırma qəhrəmanlara, "Kitayski" ziyalılara inanmamaq üçün gərək insan daxilən azad olsun.
 
Azərbaycan camaatının böyük əksəriyyəti daxilən azad deyil.
 
Bizim siyasətçilərimiz, hətta hakimiyyətə qarşı əzmlə mübarizə aparan siyasətçilərimiz belə, 60-cılar nəslinin nağıllarına aldanıblar. Onların tirajı, titulu qarşısında qorxaqlıq nümayiş etdiriblər. Monarxiyaya qarşı mübarizə aparanlar Yazıçılar Birliyində bir adamın 24 il sədr vəzifəsində oturmasına normal yanaşıblar. İsa Qəmbər, Əli Kərimli bu vaxta qədər bir dəfə də olsun mövcud hakimiyyəti dəstəkləyən əldəqayırma ziyalılara qarşı çıxış etməyib, onları ifşa etmək üçün heç bir cəhddə bulunmayıblar. Tam tərsinə, əllərinə imkan düşəndə öz heyranlıqlarını nümayiş etdiriblər. 
 
Çox gənc idim. İsa bəydən müsahibə almağa getmişdik. Başının üstündə Anarın kitabını gördüm. Redaksiyaya qayıdıb yazdım ki, başının üstünə Anarın kitabını qoyan adam hakimiyyətə gələ bilməz. Bu, 2003-cü il hadisələrindən əvvəl olmuşdu. Əlbəttə, bir çoxları yazıdakı fikirləri birbaşa mənada qəbul etmişdilər. Söhbət ondan gedir ki, bizim ölkədə Zeynəb Xanlarovadan, dindən, polisdən, mentalitetdən, 60-cıların tirajından və titullarından qorxmayan, bu anlayışların üstünə gedən siyasətçi yoxdu. 
 
2005-ci ildə camaatımız Gürcüstanda və Ukraynada baş verən dəyişiklikdən ruhlanaraq küçələrə çıxmışdı. Həmin günlərdə müxalifətin gənc lideri Əli Kərimli "Yaşa prezidentim, yaşa!" şeirinin müəllifi Fikrət Qocanı alovlu cümlələrlə "Azadlıq" qəzetində təbrik etmişdi. İndi özünüz təsəvvür edin, hakimiyyəti dəyişmək istəyən siyasətçi hakimiyyəti tərənnüm edən bir şairi təbrik edirsə, sadə insanlardan nə gözləyəsən? 
 
60-cıların həm də nə qədər istedadsız və içiboş adam olduqları müstəqillik dövründə ortaya çıxdı. Məlum oldu ki, bu adamları sadəcə şişirdiblər. Onlar - yəni atalarının tortyeyen balaları həyatda heç bir çətinlik görmədilər. Gənc yaşlarından dərc olundular. Bəzi dolayı mövzularla azadlığa susamış adamların rəğbətini qazana bildilər. Əlbəttə, onlara bəzi mövzularda yazmağa icazə verilmişdi. Bu icazəli cəsarət bu günə qədər də insanları çaşdırmaqdadır. 
 
Onlar öz əlaqələrindən istifadə edərək, dünyada gedən ədəbi prosesdən xəbər tuturdular. Plagiatlıq edirdilər, lakin çox az adamın onların plagiatlığından xəbəri olurdu. Qəsdən ən zəif əsərləri tərcümə edirdilər ki, adamlara göstərsinlər - baxın, biz heç də onlardan pis yazmırıq. Bu adamlar müstəqillik dövründə bir dənə də normal əsər ortaya qoya bilmirdilər. Çünki sovet dövründə onların cızma-qaralarını rus və yəhudi yazıçıları normal vəziyyətə salırdı. Bu insanların təbii halını görəndə insanlar çaşdılar. Lakin bu günə qədər 60-cıların tirajı və titulu qarşısında qorxularından əsməkdədirlər. Əli Kərimlidən tutmuş İsa Qəmbərə qədər. 
 
Müstəqillik dövründə 60-cıların nə qədər istedadsız olduqları ortaya çıxdı. Çünki onların yazdıqlarını düzəldəcək ruslar və yəhudilər artıq yoxdu. Onlar sifarişlə yazmağa öyrəşmiş əldəqayırma yazıçılardı. Əkrəm Əylisli, Anar Rzayev, Elçin Əfəndiyev müstəqillik dövründə ortaya çıxardıqları əsərlərlə özlərini biabır etməklə, həm də öz təbii hallarını nümayiş etdirdilər. 
 
Anar Rzayevin yazdığı həcvin altına özünə hörmət edən 5-ci sinif şagirdi öz imzasını qoymazdı. Bəli, o həcv 60-cılar nəslinin məğlubiyyətinin yazılı təsdiqi idi. Anar Rzayev o həcvi yazanda bir çox insanlar - azadlığa nifrət edənlər, öz köləliklərini hər cür bəhanəylə əsaslandıranlar dərin kədərə batdılar. Çünki kölələr öz yalançı qəhrəmanının məğlub olmasına dözə bilmirlər. Onlar açıqca deyirdilər - Anar müəllim, axı sən o həcvi niyə yazdın, axı biz səni müdafiə edirdik... Kölələr Anar müəllimin həcv yazmasından dilxor olmuşdular. Çünki kölələrin yalançı qəhrəmanı öz məğlubiyyətini yazılı formada təsdiqləmişdi. 
 
Aldadılmış adamlar, 60-cıların nağıllarına inananlar həqiqətlə deputat mandatı arasında çabalayan Əkrəm Əylislidən qəhrəmanlıq, Anardan vətəndaş mövqeyi gözləyirdi. Lakin İsmayıl Ömərov "Təhminə" filminin söyüşlü yərlərini "qayçılayanda" Anar susmaq məcburiyyətində qaldı. İsmayıl Ömərova söz deyə bilməyən adamın dissident olmasına inananların halına acımaq lazımdı.
 
Qədimlərdə dənizçilərin siçovullara qarşı qəribə bir mübarizə üsulu olub. Bir neçə siçovulu qutuya atıb ac saxlayırdılar. Siçovullar başlayırdılar bir-birilərini yeməyə. Ən güclü siçovul vəhşiləşirdi. Dənizçilər qutuda başqa siçovulları yemiş siçovulu buraxırdılar gəmiyə. Vəhşiləşmiş siçovul gəminin bütün dəlmə-deşiklərindəki siçovulları tutub yeyirdi. Əlbəttə, o yerlərə motrosların, dənizçilərin əli çatmırdı. "İt ürəyi" filmində Şarikovun dediyi kimi - mən pişiklərin yerini ürəyimlə hiss edirəm. "KQB" də eyni üsuldan istifadə edirdi. 60-cılar nəslinin ortaya atılması əməliyyatına "Siçovulun canavara çevrilməsi" texnologiyası adı verilmişdi.
 
Dünyada baş verən hadisələr nəticəsində köhnə sovet yazıçıları qəfildən dəbdən düşdülər. Yeni ziyalı tipinə ehtiyac yarandı. Bu yeni ziyalı tipi həm də guya azad olmalı idi. Onlara bəzi hoqqabazlıqlar etməyə icazə verildi. Boz sovet mühitində minlərlə insan bu incə əməliyyatın nəticələrinə inandı və hələ də inanır. Guya millətin dilinin qeydinə qalan, xalqın ikiyə bölünməsindən poema yazan şair sovetin bütün titullarını aldı. Deputat oldu. Krımda, Qafqazın kurortlarında, sanotoriyalarında kef çəkdi. Pul qazandı. Onun yazdığı poemaya inananlar isə universitetdən qovuldu, istedadları söndürüldü, zərərsizləşdirildi. 
 
60-cılar öz mövqelərindən istifadə edərək, neçə-neçə istedadı təlxəyə, özlərinin tamadasına çevirməyi bacardılar. Ədəbiyyata yalnız onların və onların atalarının yaradıcılığına heyranlıq bildirəndən sonra gəlmək olardı. Bəli, əbəs yerə bu əməliyyata siçovulun canavara çevrilməsi texnologiyası adını qoymayıblar. 
 
Metod eynidi. Yeni tip ziyalı ortaya atılır, onlar sıxışdırılır, icazəli cəsarət nümayiş etdirilir və onlar, Xruşşov "qızdırmasından" törəyənlər həqiqi istedadların, həqiqətən azadlıq axtaranların qəniminə çevrilirlər. Onlar çox asanlıqla adamları azdırırlar. Bu gün də onlar öz missiyalarını yerinə yetirməkdədirlər. Əllərində imkan olsa bütün azad düşüncəli adamları güllələyərlər. Necə ki, onların ataları bir vaxtlar donos yazmaqda püxtələşmişdilər. Bu gün də onlar ətraflarındakı adamları özlərinin tamadalarına çevirməklə məşğuldurlar. 
 
Sveyq deyir ki, azad insan məhsuldar düşünür. Azad olmayan insanın yazdıqları öz təsir qüvvəsini itirir. Nə qədər adama Prezident təqaüdü versələr də, əllərində nə qədər tribuna olsa da, beş-altı azad düşüncəli adamın qarşısında aciz qaldılar. Onların yedəyində ədəbiyyata gəlmək istəyənlər isə öz əlləri ilə istedad bulağının ağzına daş basdılar. Qurudular.
 
Seymur Baycan
Reytinq qəzeti
Yuxarı