post-title

Çarlz Bukovski - Marixuana ilə təhlükəli oyun

Bu yaxınlarda izdihamlı bir qonaqlığa qatıldım. Mənim üçün heç xoş olmayan haldır. Düzünü desəm, mən insanları sevməyən, qoca əyyaşam və onlarla birlikdə içməməyə çalışıram, ümidimi radioda Malerin ya da Stravinskinin musiqisinə bağlayıram.

 

 
Bütün bunlara baxmayaraq, mən oraya, ağlını itirmiş kütlənin arasına düşdüm. Durub səbəbini izah etməyəcəm, ola bilsin çox uzundur, ola bilsin çox qarışıq, ancaq təklikdə dayanıb pivəmi qurtumlayaraq bir yandan da oranın səs-küyünə qarışmış “Dorz”, “Bitlz” yaxud “Aeroplan”ı dinləyərkən ürəyim siqaret istədi. Mənimkilər qurtarmışdı. Adətən məndə tez qurtarır. Elə bu dəmdə bir az aralıda iki oğlan gördüm. Onlar söhbət edir, iradəsizcə əllərini qaldırıb-endirir, bədənləri xiyar kimi əyilmiş, boyunları ikiqat olmuş, əl barmaqları iylənmiş ət kimi sallanır, bir sözlə rezinə oxşayırdılar, eləbil bunları rezindən kəsib düzəltmişdilər. Onlar sağa-sola əyilir, uzanır, qısalır, sanki bu dəqiqə aşacaqdılar. Durub onlara yaxınlaşdım.
 
- Ey, siqaret varınızdı?
 
Bu zaman rezin parçaları durduqları yerdə yırğalanıb tullanmağa başladılar. Mən dayanıb baxırdım onlarsa, oyun çıxardır, atlanıb-düşürdülər.
 
- Biz çəkmirik ağsaqqal! AĞSAQQAL, biz heç... siqareti hopdurmuruq.
 
- Yox ağsaqqal, biz çəkmirik, bax belə, deməli, necə, yox, ağsaqqal.
 
- Xlop-şlyop. Top-xlop –deyə rezinlər təkrarladılar.
 
- Biz Ma-li-bu-u-u –ya gedirik, ağsaqqal! Aha, biz Mallli-bUUUYA! gedirik ağasaqqal, biz gedirik Ma-li-buuuu!
 
- Elədir, ağsaqqal!
 
- Elədir, ağsaqqal!
 
- Aha!
 
- Top-xlop ya da şlyop-şlyop.
 
Onlar mənə adam kimi, siqaretləri olmadığını deyə bilmədilər. Gərək durub, nəzər nöqtələrini, dinlərini açıb desinlər ki, siqareti ancaq kütbeyin düdəmələr çəkir. Bunların işləri-gücləri Malibuda yığışmaqdır. Malibuda hansısa rahat, sakit nəşəxanalardan birində yığışıb nəşə çəkmək. Bəzi cəhətləri ilə onlar mənə “Watchtower” döngəsində dayanıb, nəşə satan kaftar arvadları xatırladılar. LSD, STP, marixuana, heroin, həşiş, reseptlə buraxılan öskürək dərmanlıarının alüdəçiləri “Watchtower” arzusunundan əziyyət çəkirlər. Sən də onların yanında olmalısan oğlan, əks halda sənin başın dərtdədir, sən ölü kimisən. Narkotika istifadəçisi olmayanlar üçün belə tərifnamələr qarşıqoyulmaz, yalançı ehtiyaca çevrilir. Təsadüfi deyil ki, onlar gedib təkbaşına nəşələrini hopdurmağı özləri əskiklik bilirlər, gərək şəxsi zövqdən ötəri, mütləq hamının eşidəcəyi tərzdə nəşəni təbliğ etsinlər. Bu azmış kimi, bunu həm də incəsənətlə, sekslə, cəmiyyətdə yaşamaqdan imtina ilə bağlayırlar. Onların Turşumuş Tanrısı, Liri (Timati Liri – narkotikanı təbliğ edən Amerikan yazıçısı və psixoloqu) əmr edir ki: “cəmiyyətdən uzaqlaşın, mənim arxamca gəlin”, daha sonra şəhərdə bir zal kirayələyir, sonra onun boş-boş danışıqlarını dinlədikləri üçün adambaşına beş dollardan yığır. Sonra onun yanında Allen Qinzberq peyda olur, o da təntənəli surətdə böyük şair Bob Dilanı səhnəyə dəvət edir. Bütün bunlar hələ uşaq qarşokundan düşməmiş, məşhurların özünü reklamıdır. Bu da sənin Amerikan. 
 
Belədir də, tanrı onların yanındadır bu artıq başqa söhbətin mövzusudur, onları havda saxlayan çoxlu əl və çox az baş var. Qayıdaq “səbəbkarlarımız” olan, marixuana sevənlərə. Onların danışıqları. Zordur, ağsaqqal, dəmləmək, əjdaha, bizim uşaqlar, onların uşaqları, lomka, lox, bicbala, piston, quşbala, babalıq və sayr və ilaxır. Eyni sözləri mən hələ 1932 –ci ildən, mənim 20 yaşım olanda eşitməyə başlamışam. Üstündən iyirmi beş il keçib və hər addımda eşidilməklərinə baxmayaraq narkotik aludəçiləri xüsusi hörmət sahibi deyillər. Əsasən də onlar narkotik istifadə etməyi ali təbəqənin əlaməti hesab edərkən dərindən yanılırlar. Bu söz yaradıcılığının kökü əsasən, qaşıq və şprisli insanlar olan ciddi narkotik aludəçulərindən, həmçinin köhnə zənci caz müğənnilərindən gəlir. Əsl “səbəbkarlar” tərəfindən yaradılıb istifadə olunan terminologiya indi artıq dəyişib, lakin mənim siqaret istədiyim oğlanlar kimi südəmərlər hələ də 1932–ci ilin jarqonları ilə danışırlar. 
 
Marixuananın sənət yaratmaq gücünüdə olmasına gəlincə, bu şübhəlidir, özü də olduqca çox. Dekvinsi bir neçə babat şey yazıb, onun “Opium udan”əsəri isə, bambaşqa bir üslubda yazılıb, əlbəttə bəzi darıxdırıcı yerlərini çıxmaq şərtilə. Həm də sənətkarların çoxu, hər şeyi sınaqdan keçirməyə can atırlar. Onlar eksperimentə, çılğınlığa, intihara bağlı adamlardır. Lakin, marixuana sənət yarandıqdan sonra ortaya çıxıb. Həmçinin sənətkardan da sonra. Nəşə sənət filan yaradan deyil. Lakin, o tez-tez sənətkar üçün ilham vasitəsinə çevrilir, nəşəxorları bir yerə toplayanda həyat bayram olur, həm də birdən-birə insanlara qarşı ürəyiaçıq yanaşmağa xeyli kömək edir, bəlkə elə də ürəyiaçıqlıq deyil, heç olmasa hər şeyini, hamıdan gizlədən birisi olmursan.
 
1830 –cu illərdə bütün Paris Qotyenin evində həşiş çəkmə və seksual orqiya yığıncaqlarından danışırdı. Qotyenin bundan əlavə şeir yazdığı da məlum idi. İndi isə insanların yaddaşında əsasən onun yığıncaqları qalıb.
 
Gəlin məsələyə başqa tərəfdən yanaşaq: mənim şəxsən ot istifadə etdiyimə ya da üzərimdə gəzdirdiyimə görə tutulmağa heç həvəsim yoxdur. Bu ipdən asılımış qadın tumanını iylədiyinə görə zorlanma ittihamı ilə həbs olunmağa bənzəyir. Nəşə sadəcə haqqında danışıldığı kimi gözəl bir şey deyil. Onun təsirinin böyük hissəsi, güya adamı göylərdə uçurdacağı ilə bağlı əvəvlcədən yaradılmış miflərə əsaslanır. Onu götürüb narkotika ilə eyni qoxuya malik, təsirsiz maddə ilə əvəzləsəniz, görəcəksiniz ki, çəkənlərin çoxu üzərlərində eyni effekti hiss edirlər: “Ey, quzum, nə qəşşşəng otdur, sadəcə super!”
 
Mənə gəlincə, mən ən çoxu iki-üç butulka pivə ilə zövqümü alıram. Qanunlara əməl etdiyimdən deyil, sadəcə nəşə haqqında şişirtmələr məni bezdirdiyi və zəif şəxsiyyətə çevirə biləcəyi üçün onu özümə yaxın buraxmıram. Ancaq marixuana təsirinin, alkoqol təsirindən fərqləndiyini qəbul edirəm. Nəşə çəkəndə dünyanı vecinə almadan, kefin nə kəsir edə bilərsən, lakin ən çox içən belə, lülqəmbər sərxoş olduğunu anlayır. Mənsə köhnə məktəbə aidəm, məni nəyin tutduğundan xəbərdar olmaq çox xoşuma gəlir. Amma kimsə nəşələnmək, zəhər udmaq, iynələnmək istəyirsə etiraz etmirəm. Bu onun şəxsi işidir, onu bu işə nə cəlb edibsə, mütləq ciddi bir səbəb olub. Qurtardı getdi.
 
İndi çoxlu sayda əqli inkişafdan geri qalmış ictimai şərhçilər ortaya çıxıb. Mənə nə düşüb ki, durub yüksək intellektual sarsaqlamalarımı gözə soxum? Biz hamımız qoca kaftarlara qulaq asmaqdan bezmişik, onlar elə hey deyinirlər: “Ah, dəhşətdir ey bu, gör gənclər hansı yollara düşüblər, bu nəşə hamının evini yıxacaq! Məncə bu dünyanın sonudur!” Sonra durub bu qoca qarğaya baxırsan, nə göz var, nə diş var, nə beyin var, nə ruh var, nə göt var, nə ağız var, nə yumor var, nə hərəkət var, heç nə - başdan ayağa kütbeyin bir şeydir və sizə qəribə gəlsə də onun həyatı ancaq peçenye ilə çaydan, kilsə ya da evin bir küncündə bürüşməkdən ibarətdir. Həm də axı, qocalar gənclərin məşğuliyyətini görəndə heyrətlərini saxlaya bilmirlər: “Lənətə gələsən, mən ömrüm boyu inadla çalışmışam! (onlar elə bilir, bu nə isə ləyaqətli bir şeydir, əslində isə bu həmin adamın əsl axmaq olduğunu göstərir) Amma, bu adamlarda hər şey havadan başa gəlir, oturub nəşə qoxlayırlar və hələ bir dəbdəbəli həyata da ümid edirlər!” Sonra ona baxıb “Amin” – demək gəlir adamın içindən.
 
Onun sadəcə paxıllığı tutur. Onun anasını ağladıblar. Ən yaxşı illərini əlindən alıblar. Əslində onun da şənlənməyə ehtiyacı var. Əgər hər şeyi yenidən başlaya bilsəydi, dərd yarıydı, amma başlaya bilməz. Buna görə də onlar hamının özləri kimi əzab çəkmələrini istəyir. Bütün məsələ bundan ibarətdir. Nəşəxorlar bu zəhərə qalmış şeyi çox gözümüzə soxur. Polislər də bir yandan düşüblər bunların üstünə və tərgitməyi tələb edirlər, amma spirtli içkiləri içmək qanunla hər kəsə icazə verilib. Əgər lap çox içib özünü küçələrə atsan tutub içəri basacaqlar. İnsan övladına nə verirsən ver, hər şeyi korlayacaq, cırıb tökəcək, dağıdacaq. Əgər ABŞ –də nəşə çəkməyə rəsmi icazə verilsə, həyat daha rahat olar, amma əvvəlki problemlər yenə qalacaq. Məhkəmələr, həbsxanalar, qanunçular və qanun olduqca onları insan xoşbəxtliyinin əleyhinə istifadə edəcəklər. Marixuana istifadəsinə rəsmi icazə istəmək, qolunuza qandal taxmazdan əvvəl yağlanmasını tələb etmək kimidir, axı sizi bütün bunlara sövq edən ağrıdır. Nəşə ya da içki məhz ağrını ovutmaq üçün lazımdır, ya da şallaq və rezindən mazoxist paltarları ya da beyninizi bütün fikirlərdən azad edəcək qışqırıq dolu musiqilər. Elə olsun dəlixanalar, olsun əldə qayırma, mexaniki cinsiyyət orqanı, ya da bir sezona əlli iki beysbol matçı, ya da Vyetnam və ya İsrail, ya da hörümçəklərə qarşı qorxu, sevişməzdən qabaq hamamda saralımış, çürük dişlərini yuyan sevgililər.
 
Biri var birbaşa cavab, biri var mətnaltı mənalar. Biz hələ də mətnaltı mənalarla əlləşirik, çünki ya hələ yetkinləşməmişik ya da ürəyimiz istəyən şeyi birbaşa deməyə cəsarətimiz çatmayıb. Bir neçə əsr boyu, biz bunu xristianlıqla əlaqələndirirdik. Xristianları şirlərə atanlara qarşı çıxaraq, sonra onların bizi it poxuna salmalarına imkan verdik. Biz kommunizmin orta səviyyəli adamın mədəsinə nə isə xeyri dəyəcəyini sanırdıq, ancaq o da insanın ruhuna heç nə vermir. İndi də durub narkotiklə oynayırıq, güya o bizə qapı açacaq. Şərq nəşəni, barıtı kəşf eləməzdən əvvəl tapmışdı. Onlar görürdülər ki, həm əzabları azalır, həm də ömürləri qısalır. Bir sözlə, çəkmək ya çəkməmək. 
“Biz Ma-li-buuya gedirik ağsaqqal! Bəli, biz Mallllllibuuuuya gedirik! 
 
Pardon, mən “Bull Darem” tütünündən eşmə papirosumu düzəldirəm. Bir qullab istəmirsiniz?
 
Çeviri: Namiq Hüseynli
Kultura.Az
Yuxarı