Bir “Çayka”-nın intim hissləri...

Музыка

 

Dahi bəstəkar doğru düşünürdü. Bir gün mütləq o sehirli musiqinin arxasında dayanan hisləri kimsə araşdıracaqdı. Onun musiqisindəki “bilinməzlik” kiməsə maraqlı gələcəkdi. Bu mütləq olacaqdı. İndi oxucu hansı dahidən söhbət getdiyini düşünür. O zaman bu uzatma niyə? Artıq sizə deməyin vaxtıdır ki, bu yazı dahi rus romantiki Pyotr İliç Çaykovski haqqında olacaq. Amma onu da deyim ki, bu yazı tam olaraq onun həyatı ya da yaradıcılığı haqqında deyil. Sizlərə uzun uzadı onun simfonik yaradıcılığındakı üslubundan, müəllimlərindən ya da oxuduğu hüquq fakultəsindən danışmaq niyyətim yoxdur. Bu yazı sadəcə bilmədiyinizi düşündüklərimdir. 
 
P.İ.Çaykovski Votkinsk şəhərində bir dağ mühəndisi ailəsində, fəhlə qəsəbəsində, geniş bir ailədə  anadan olmuşdur. Çaykovski anası Aleksandra Andreyevnanı hələ 15 yaşında olarkən vəba xəstəliyindən itirir. Və özünün də xatirələrində yazdığı kimi bu itiki onun həyatının dönüm nöqtəsi olur. Çünki bəstəkar anasını “qeyri-adi ehtirasla” sevirdi. Onun qardaşı, həmçinin bütün yaxınları öz xatirələrində bu faktı təsdiqləyir. Və məhz bu itkidən sonra Çaykovski bir daha qadınları sevə bilmir. Ömrünün axırınadək həyatındakı tək sevdiyi qadın anası olur desək yanılmarıq. 15 yaşında keçirdiyi bu travma bütün həyatında qalıcı iz buraxır. Artıq qarşımızda depressiv, olduqca emosional bir Çaykovski durur. 
 
29 yaşındaykən Çaykovski özünü qarmaqarışıq və hər kəsdən fərqli bir hiss, həyəcanın, düşüncənin içinə tapır. O çox qorxulu və təhlükəli bir iş görmüşdü. Aşiq olmuşdu...Əlbəttə təhlükəli olan onun aşiq olması yox, kimə aşiq olması idi. Artıq xeyli məhşurluq qazanmış bəstəkar öz şagirdinə, 15 yaşlı həmcinsinə vurulmuşdu. Cütlük 4 il boyunca münasibətdə oldu. Hər nə qədər hər kəsdən gizləməyə çalışsalar da bir müddət sonra insanların xəbərdar olmaları ilə bağlı ilk işartılar görünürdü. Bu hal artıq cəmiyyətdə necə qəbul olunacaqdı haımız bilirik. Bəli, bu Çaykovski üçün faciə olardı...
 
Amma tale Çaykovskiyə başqa bir faciə hazırlayırdı. Bəstəkarın 19 yaşlı şagirdi, sevgilisi gözlənilmədən intihar elədi. Bütün bunlardan özünü günahkar tutan bəstəkar eyni zamanda homoseksual olduğunu da qəbul etməməyə çalışırdı.
 
Həm özünü həm də ətrafdakıları bu gerçəyin yalan olduğuna inandırmaq üçün həyatının səhvini eləyir və olduqca acgözlü , seks düşkünü bir qadınla ailə həyatı qurur. İşin maraqlı tərəfi də odur ki, qadın onun homoseksual olduğunu bilərək buna razılıq verir. Görəsən bir homoseksualı dəyişdirəcəyinə inanırdımı? Hər halda inanırmış...
 
Cəmi bir neçə həftə sonra gözlənilən müharibə başlanır. Həyat yoldaşı ilə heç bir münasibətə girə bilməyən, onu təmin edə bilməyən Çaykovski dözülməz psixoloji işgəncələrə dözmək məcburiyyətində qalır. Həyat yoldaşı ondan heç cürə ayrılmaq istəmirdi. Qadın get-gedə ağlını itirir və daha çox seks düşkününə çevrilir. Uğursuz ailə həyatı və normal olmayan ər onu sonda fahişəyə çevirir. Qadın Çaykovskinin acığına dövrünün bütün bəstəkar, drijorları ilə münasibətdə olur. İlk gecə isə yatağına ən az Çaykovski qədər məhşur və dahi olan bəstəkar Rimski Korsakovu dəvət edir. Dahi bəstəkarın ailə həyatı da belə bitir...
 
O, dəfələrlə intihara cəhd eləyib.Bəlkə də musiqi tarixində ən çox intihara cəhd eləyən bəstəkardır Çaykovski. Hətta arvadının təzyiqlərinə dözə bilmədiyi şaxtalı qış gecəsində çaya girir. Ordaca donaraq ölümünü gözləyir amma bu cəhdi də baş tutmur. Çünki onun ölmək istəyinə əks olaraq hardan qaynaqlandığını bilmədiyimiz yaşama sevgisi var idi.Özü də bir zaman demişdi:
 
“Mən ölümü nə qədər düşünürəmsə yaşamağı da bir o qədər ehtirasla sevirəm”
 
P.İ.Çaykovski həyatının ən dözülməz anlarında bir məktub alır. Məktub 11 uşaq anası, dul qadın Nadejda Von Meck imzası ilə göndərilmişdi. Bu qadın bəstəkara ömürünün axırına qədər maddi baxımdan dəstək olacağına söz verirdi. Amma bir şərtlə... “Biz heç zaman görüşməyəcəyik!” Bu da bəstəkarın həyatında daha bir müəmmalı nöqtədir. Niyə? Qadınlara qarşı ən xırda bir hissi olmayan birindən o qadına nə zərər gələ bilərdiki? Bəlkə də elə səbəb bu idi. Çaykovskiyə aşiq olmaqdan və bu sevginin ona əzab verəcəyindən qorxduğu üçün maddi yardım göstərdiyi 14 il boyunca sadəcə məktublaşdılar. Bir-birilərini heç görmədilər... 14 il sonra gözlənilmədən məktublar kəsilir həmçinin maddi yardım da. Və Çaykovski darmadağın olur...  Bəstəkarın ruhunu bəsləyən bu platonik münasibətin bu cür bitməyi həyatına “qaldığı yerdən davam eləməyə” vadar edir. O, homoseksual həyatına geri dönür...
 
Bu dəfə bəstəkar 40 yaşında ikən 15 yaşlı bacısı oğluna aşiq olur. Hisslərinə qarşı qoya bilməməyin utancını yaşasa da edə biləcəyi bir şey yox idi. Ancaq bu cür sevgi onu içində olduğu və heç bitməyən iztirablardan az da olsa ayıra bilirdi... 50 yaşında isə yenidən 15 yaşlı bir şagirdinə (təbii ki, oğlan) qarşı sevgi hissləri yaranır onda. 
 
...Ömrünün sonlarında 6-cı simfoniyasını yazır. ”Patetik” adını verdiyi bu simfoniyanın adını çəkmədə məqsədim odur ki, bu təkcə onun musiqi yaradıcılığındakı bir əsər yox həm də “Vida məktubu”dur. Sanki 53 illik ömrünün bütün günlərini notlarla eşləşdirərək yazıb bu simfoniyanı. Burda cavabsız sevgi, iztirab, dözülməz həyat eyni zamanda yaşama qarşı olan sonsuz sevgi var. Bu əsər bəstəkarın demək istədikləridir sanki. Ağlamaq istəyib də ağlaya bilmədiyi anların əvəzidir. Qışqırıqlarıdır, bəstəkarın insanlara deyə bilmədiyi, etiraf edə bilmədiyi intim hissləridir bu simfoniya. Hətta “Gedirəm” deməkdir... Amma bu simfoniya bəstəkarın sağlığında layiq olduğu diqqəti görmür dinləyicilər tərəfindən.(hətta deyilənə görə simfoniyanın ilk səsləndiyi gündən 10 gün sonra bəstəkar ölməsəydi bu əsər onun ən uğursuz əsəri olacaqdı.) Bu aralar, ömrünün sonlarına yaxınlaşdıqca bu sözləri daha tez-tez təkrarlayırdı dahi : “Vaxt keçdikcə həvəsim də artır, planlarım çoxalır, doğrudan da bütün istədiklərimi yerinə yetirmək üçün iki həyat belə azdır.”
 
Ancaq əslində isə artıq heç bir həyat yox idi. Bunu o özü də bilirdi.  6-cı simfoniyanın ilk səsləndiyi gündən bir neçə gün sonra , vəba xəstəliyinin yayğın olduğu bir vaxtda bəstəkar bilərəkdən qaynadılmamış su içir və çox keçmədən o lənət xəstəliyə yaxalanır. Çox nəzəriyyəçi onun intihar eləmədiyini iddia edir. İndi sual verirəm: Bu intihar deyil nədir?...Oktaybrın 21-də xəstələnən bəstəkar 4 gün sonra oktyabrın 25-də vəfat edir.  Bu günlərdə ölümündən 119 il ötdü.
 
...Modest İliç (bəstəkarın qardaşı) nağıl edir ki, bəstəkar yarı qapanmış və axan gözlərini birdən açır. Nə isə təsviredilməz aydın şüur əlamətləri görünür. O, nəzərlərini növbə ilə yaxınlıqda durmuş 3 nəfərin üzünə zilləyir, sonra isə yuxarı qaldırır. Onun gözlərində bir anlğa nə isə parlayır və son dəfə baxaraq sönür. Bu vaxt səhər saat dördə işləmişdi...
 
...Bəstəkar haqqında apardığım araşdırmalar zamanı həyatındakı 15 rəqəminin necə deyərlər “şifrəsini çözdüm”. Araşdırmalar göstərir ki, oğlanlarda ana sevgisi daha qüvvətli olur. Və gələcəkdə yaranacaq qadın sevgisinin təməli kimi baxılır bu sevgiyə. Çaykovskidə isə bu sevgi  patologiya kimi dəyərləndiriləcək qədər çox idi. Bu qədər sevdiyi qadını 15 yaşında itirməyi onun ruhunda  “Sevgi” sözü ilə “15” rəqəmini  qırmızı xətt ilə birləşdirir sanki. Nəticədə silsilə psixoloji problemlər yaranır ki, bunlardan biri də zənnimcə onun orientası ilə bağlı olur.
 
Sona yaxınlaşdıqca oxuculara Çaykovski haqqında çəkilmiş möhtəşəm bir filmə baxmağı məsləhət görürəm. Rejissor Ken Russelin dahi bəstəkar haqqında 1970-ci ildə çəkdiyi “The Music Lovers” adlı bu filmdə Çaykovskini məhşur aktyor Richard Chamberlein canlandırıb. Şəxsi həyatı Çaykovski ilə bənzərliklər göstərən aktyor sanki bu rol üçün yaradılıb. Filmə baxdıqdan sonra belə nəticəyə gəldim ki, rejissor bu filmi çox vəhşicəsinə çəkib. Filmdə bəstəkarın həyatındakı dramatizm ən son nöqtəsinə qədər göstərilib. Rejissor heç bir səhnədən qaçmayıb, çəkinməyib. Çaykovskinin arvadının ona etdiyi zülmlər, onu necə seksə təhrik etməsi və.s. filmdə olduqca səviyyəli şəkildə göstərilib.
 
Sonda yazının başlığına da aydınlıq gətirmək istərdim. Çaykovskinin atası əslən ukraynalı idi və Çaykovski soyadı da onlarda olduqca məhşurdur. “Çayka” isə tərcümədə qağayı deməkdir. Yəni özəl səbəbi yoxdu, sadəcə başlığın bu cür olmasını istədim...
 
Çaykovski musiqisini onun həyatını , istirablarını bilmədən anlamaq imkansızdı deyə düşünürəm. Çünki onun musiqisində hamının bilmədiyi, hiss etmədiyi gizlin, intim məqamlar var ki, bunları ancaq onun hislərindən xəbərdar olduğumuz zaman anlaya bilərik. Onun musiqisi olduqca təcavüzkar, ehtiyatsız, riskli musiqidir.
 
Şəfaqət Məmmədli
Kultura.Az
Kultura.az | Developed by Samir Yahyazade