Həccə gedib qayıtmamaq da olar

Гаджи Гаджиев

 

Mahiyyətcə Həcc ziyarəti bir neçə gün davam edən, fiziki və emosional yüklənmələrlə müşayət olunan səyahətdir. Bakıdan Məkkəyə yola çıxmış zəvvar 2254 kilometr məsafəni avtobus və ya təyyarəylə qət edərək əvvəllər olmadığı tropik iqlim qurşağına düşür. Cavan orqanizmin müqavimət mexanizmləri, ürək-damar sistemi nisbətən yaxşı çalışdığından belə yeklənmələrə dözümlüdür. Amma iş orasındadır ki, Həcc ziyarətinə əsasən yaşlı adamlar gedir. Dində də bu ibadətin sonuncu mərhələsi kimi göstərilir. 

Gəlin sırayla qoca və ahıl yaşlı insanların, həmçinin xəstə adamların bu ziyarət zamanı orqanizm üçün zərərli, bəzən də ölümlə nəticələnən hansı faktorların təsirinə məruz qaldıqlarına baxaq.

1. İqlim dəyişkənliyi - bir az əvvəl də qeyd etdiyimiz kimi Azərbaycanda tropik və sub-ekvatorial iqlim qurşaqları olmadığından qəflətən bu iqlimə düşmüş zəif orqanizm belə vəziyyəti ağır keçirir. Quru və isti hava şəraiti meteohəssas orqanizm üçün ağır sınaqdır.

2. Stress faktoru - orqanizm üçün bu tip səyahətlər sözsüz stress faktorudur. Sağlam orqanizm üçün bəzi hallarda hətta xeyirli ola bilən bu stress yaşlı və xəstə bədən üçün ölümcül təhlükəli ola bilər. İş orasındadır ki, yaşlandıqca, damarlarda kirəcləşmə (ateroskleroz) prossesi gedir. Damarların divarları qalınlaşır, elastikliyi azalır, mənfəzi daraldığından qan axını zəifləyir. Bu prosses ürəyi qidalandıran koronar (tac) damarlarda da baş verdiyindən, onlar ürəyi lazımi qədər qanla və deməli qidalı maddələrlə təchiz edə bilmirlər. Ürək toxumaları isə beyindən sonra qan təchizatına ən çox ehtiyacı olan ikinci nahiyələrdir. İndi təsəvvür edin ki, hətta sakitlik halında belə qidalanması zəif olan toxumalar birdən birə güclü psixo-fiziki yüklənmə vəziyyətinə düşür.

3. Fiziki yüklənmə - Həcc ziyarətinin Təvaf mərhələsində zəvvarlar Kəbə ətrafında kütləvi halda 7 dəfə dövr etməlidirlər. Ziyarətin Say adlanan hissəsində isə Səfa və Mərv təpələri arasında yeyin addımlarla 7 dəfə hərəkət etməlidirlər. Stenokardiyadan əziyyət çəkən, əvvəllər miokard infarktı, insult keçirmiş yaşlı insanın həyatı üçün bu çox təhlükəli bir iş ola bilər.

 Qeyd etmək lazımdır ki, Kəbə ətrafında eyni zamanda 130000-ə yaxın insan Təvaf ziyarətini həyata keçirə bilir. Bu zaman da təngənəfəslikdən əlavə oksigen çatışmazlığı və elementar ayaq altda qalmaq kimi hallardan da hər il neçə-neçə insan həyatını itirir.

4. Emosional gərginlik - Həcc ziyarətini həyata keçirən inanclı insanlar həm də yüksək emosional gərginlik vəziyyətində olurlar. Bu emosiyaların müsbət və ya mənfi xarakterli olmasından asılı olmayaraq, belə vəziyyət ürək-damar və sinir sistemində problemləri olan insanlar üçün təhlükəlidir. İş orasındadır ki, emosional gərginlik zamanı böyrəküstü vəzlərdən qana adrenalin hormonunun ifrazı artır. Bu hormonun təsirindən xırda (periferik) damarlar daralır, ürəyin işi isə sürətlənir. Deməli ürək daha çox qidalanmaya ehtiyac duyur. Onu qidalandıran damarlarda kirəcləşmə olduqda isə bu mümkün olmur. Nəticədə ürək toxumaları (hüceyrələri) "aclıqdan" məhv olmağa başlayır. Buna miokard infarktı deyilir. 

Bundan başqa damarlar daraldığından arterial qan təzyiqi yüksəlir. Qan baş beyinə yüksək təzyiq altında daxil olur. Bu zaman əgər baş beyin damarları kirəcləşmiş və elastiliyini itirmişsə, onlar asanlıqla partlaya bilər. Nəticədə beyin qansızması baş verir ki, buna da insult deyilir. 

Bütün bunları nəzərə alaraq qeyd etməyi vacib bilirəm ki, inanc məsələsi hər kəsin şəxsi işidir. Hər kəs qanun qadağan etməyən bu və ya digər aini həyata keçirməkdə azaddır. Mən sadəcə bu zaman üzləşə biləcəyiniz, həyat üçün təhlükəli ola biləcək risklər barədə Sizləri bilgiləndirməyi özümə borc bildim.

Hacı Hacıyev

Kultura.Az

Kultura.az | Developed by Samir Yahyazade