post-title

Aydan Əhmədovaya cavab

Göründüyü kimi Namus, hər üç meyarı birləşdirən dəyərlərdən biridir, bəlkə də birincisidir. Sözlərimin sübutu olaraq bildirmək istərdim ki, İslamda həm kişilərə, həm də qadınlara məhz namus prizmasından irəli gələrək istər geyimində, istərsə də cəmiyyətdəki davranışında məhdudiyyətlər qoyulur.

 

 
İlk növbədə Kultura.az saytının əməkdaşlarını salamlayıram və öz saytınızda cəmiyyəti narahat edən amillərə üstünlük verdiyinizə görə sizə minnətdarlığımı bildirirəm. 
 
Bu günlərdə Kultura.az saytının əməkdaşı Aydan xanımın mətbuatda “Bakirəlik fiziki anlayış deyil” başlığı altında çıxmış müsahibəsi ilə tanış oldum. Müsahibədə səslənmiş fikirlər mənim də öz vətəndaş mövqeyimi ortaya qoymağa sövq etdi.
 
Azərbaycan insanının əxlaqının formalaşmasında əsas üç tarixi meyarın rolu olmuşdur. Bu Türkçülük, İslam əxlaqı və Qafqaz mentalitetidir. Hər üç meyarı birləşdirən dəyərlər mövcuddur ki, onlar cəmiyyətdə müqəddəs qəbul edilir. Bunlara aşağıdakıları şamil etmək olar: Namus, düzgünlük, valideynə sevgi, sədaqət və s.
 
Göründüyü kimi Namus, hər üç meyarı birləşdirən dəyərlərdən biridir, bəlkə də birincisidir. Sözlərimin sübutu olaraq bildirmək istərdim ki, İslamda həm kişilərə, həm də qadınlara məhz namus prizmasından irəli gələrək istər geyimində, istərsə də cəmiyyətdəki davranışında məhdudiyyətlər qoyulur. Türk qadının namusu isə tarixən türklərin öyündüyü keyfiyyət olub, bəlkə də türk cəmiyyətinin bünövrəsini təşkil edib. Daha bir misal olaraq qeyd edək ki, Qız Qalasının adına baxdıqda belə, bu, qadına, qıza cəmiyyətdəki yüksək münasibət, saflığa, bakirəliyə verilən qiymət kimi dəyərləndirilməlidir, halbuki, bu qalanın tarixi İslamdan da öncəki dövrlərə gedib çıxır. 
 
Qafqaz xalqı olaraq isə qadınına, qızına pis nəzərlərlə baxanın daim həmin qadının ətrafı tərəfindən cəzalandırıldığı, bir çox hallarda isə bunun faciəvi sonluqla yekunlaşdığı bizə bəllidir. Yuxarıda çəkilən misallardan da aydın olur ki, Namus bizim yaşadığımız cəmiyyətdə aparıcı amil olub və qalmaqdadır. Bizim cəmiyyətimizi məhz bu tarix formalaşdırıb, dəyərlər tarixin süzgəcindən keçərək cilalanıb və ən ali dəyərlər günümüzə qədər qorunub saxlanıb.
 
Təəssüflə qeyd etmək istərdim ki, müasir informasiya texnologiyalarının inkişafı nəticəsində dünyada gedən qloballaşma prosesi cəmiyyətimizə verdiyi faydalarla yanaşı eyni zamanda, zərər də verməkdədir. Bu zərərlərdən biri, bəlkə də əsası bizim malik olduğumuz ali dəyərlərin sarsılmasıdır. İnternet imkanlarının hər bir evə daxil olması, insanlara üstünlüklərlə yanaşı, elə o qədər də sarsıdıcı zərbələr vurmuşdur. Bu zərbələr cəmiyyətin gənc üzvlərinin cəmiyyətin tarixən yaşadığı ali dəyərlərindən imtina etməsi, yeni qloballaşan dünyanın yeni formalaşdırdığı, heç bir sınaqdan keçməmiş, bayağı dəyərlərə üstünlük verməsi ilə nəticələnir.
 
Bir çoxları Aydan xanım kimi, Avropa dəyərlərinin daha yaxşı olduğunu, onun insanlara azadlıq və sərbəstlik verdiyini əsas gətirərək bu dəyərlərlə yaşamağa üstünlük verirlər. Lakin mən onları məyus etməli olacağam. Onların indi yaşadığı dəyərlər heç də Avropa dəyərləri deyil, Avropa dəyərləri, onların Hollivud filmlərində gördüklərindən əsaslı surətdə fərqlənir, bu dəyərlər də namusa, əxlaqa, yüksək insani keyfiyyətlərə üstünlük verir. Təəssüf ki, indi Avropada və Amerikada o cümlədən bütün dünyada hazırda formalaşmaqda olan dəyərlər sistemi Avropa dəyərləri deyil, bunlar sadəcə qloballaşan dünyanın fəsadlarıdır. Mən üzümü oxucularıma tutaraq müraciət edirəm, bu fəsadlarla yaşamayın! Bizim həqiqətən gözəl dəyərlərimiz var, onları itirməyin, sizi siz edən, sizi dünyanın digər xalqlarından fərqləndirən məhz bizim xalqın, cəmiyyətimizin tarixən malik olduğu yüksək saf və bakirə dəyərlər sistemidir.
 
Haqqımda qısa məlumat:
Ad: Sadiq
Soyad: Babayev
Təvəllüd: 1985-ci il
Bitirdiyi təhsil müəssisəsi: Dövlət İdarəçilik Akademiyası
İxtisası: Beynəlxalq Münasibətlər
Hazırda işlədiyi sahə: Diplomatik xidmət
İşlədiyi ölkə: Latviya
 
Yuxarı