post-title

Türk qadını və çadra

Təhsil nazirliyinin qarşısındakı mərəkəni izlədiniz.Hər iki tərəfin də əlində zopa var idi, hər iki tərəf də kişi idi.Amma davası aparılan məsələ qadına aid idi. Bu davada ən həssas nöqtə məhz budur.

 

Şəriətçilər qadına aid etdikləri,  geyim azadlığı dedikləri hicab üçün özləri mitinqə çıxıblar.
 
Halbuki qadının hicab azadlığını qorumaq istəyirlərsə, öncə qadınlarına sərbəst toplaşmaq azadlığını verməlidirlər.
 
İnternetdə xarici ölkələrdə qadınların müxtəlif mövzulu aksiyalarını izləmisiniz.
 
Qeyri-ənənəvi cinsi orientasiyası olan insanların sərbəst yürüş keçirdikləri bir dövrdə qadınlarının əvəzinə aksiyaya çıxanlardan, üstəlik əlinə zopa alanlardan qorxmaq lazımdır. 
 
Türk qadınını bu hala salmağa cəhd edənlər kimdir axı?
 
Maarifçilərin səyi nəticəsində qazanılan azadlıqları kimlər məhv etmək istəyir?
 
Bunun kökü minillər öncəyə gedir.
 
Lap geriyə getsək, qarşımıza Babək dönəmi çıxır.
 
Yüzillərlə ərəb tarixçiləri Babəki zındıq, onun anasını, arvadını fahişə çıxartdılar. 
 
Müasir dövrə baxsaq Azərbaycan qadınına mifik obrazları nümunə göstərdilər.
 
Həcər, Nigar istehzası dəyərli yazarların sayəsində artıq gülünəcək mövzuya çevrilib.
 
Diplomatik Sara xatun obrazı da həddindən artıq çeynənmiş mövzudur.
 
Sara xatunun diplomatiyası Əhməd Davudoğlunun xarici siyasəti ilə səsləşir.
 
Əgər Uzun Həsənlə II Mehmed arasında iki dəfə savaş baş verdisə, demək ki, Sara xatunun diplomatiyası, “ana, oğul” müraciətləri heç də uğurlu alınmayıb.
 
Necə ki, Əhməd Davudoğlunun “qonşularla sıfır sorun” politikasının axırı savaşla nəticələndi.
 
Üstəlik orta əsrlərdə yaşamış, feodal bir hökmdarın anasının örnək göstərilməsi bu gün üçün yolverilməzdir.
 
Tarixdə türk qadınına örnək göstəriləsi başqa insanlar var.
 
Biri haqqında yazdıq: Şəfiqə xanım Qaspıralı.
 
Hənifə xanım Mikayılova, Həmidə xanım Cavanşir var.
 
Ən əsası Babilik təriqətinin yolçusu olsa da, Zərrintac Tahirə örnək göstərilə bilər.
 
Zərrintac Tahirə öz ideologiyası uğrunda ölümə getmiş azad qadındır. 
 
XIX əsrdə qəzvinli Zərrintac Tahirə öz ideologiyası uğrunda ölümə gedə bilir, amma XXI əsrdə kişi istibdadı nəticəsində Azərbaycan qadını Təhsil Nazirliyinin qabağına çıxa bilmir.
 
Hicab bağlayan uşağının hüququnu hicab bağlayan anası müdafiə etməlidir, əli zopalı atası yox. 
 
Hətta istəsə, uşağını da aksiyaya çıxarmalıdır.
 
Kimsə deyə bilər ki, aşağı yaşlı məktəbli uşaqlar aksiyaya çıxarılmamalıdır. 
 
Təbii çıxarılmamalıdır, uşağın işi dövlətin qoyduğu qaydalara uyğun olaraq dərsini oxumaqdır. 
 
Amma əgər bir uşaq Quranın ayəsini başa düşərək öz istəyi ilə hicab bağlayırsa, demək ki, Təhsil Nazirliyinin qarşısına çıxa biləcək səviyyədədir. Amma bunun belə olmadığını hamımız bilirik.
 
Uşağın öz istəyi ilə hicab bağlayıb-bağlamamasını araşdırmaq məktəb psixoloqlarının üzərinə düşən işdir.
 
Bəlkə uşağa dini zorakılıq var? 
 
Övladlarının orta məktəbi bitirib, sərbəst inanc seçimi etməsinə imkan verməyənlərin sabah daha nə hadisələr törədəcəkləri bəlli deyil.
 
Əziz Azərbaycan xanımı.
 
Əgər hicab hüququnuzdur deyirsinizsə, onun uğrunda özünüz savaşın, sərbəst toplaşmaq azadlığı tələb edin, əli zopalı yoldaşlarınıza, qardaşlarınıza inanmayın. 
 
Onların hüquq adına tələb etdikləri sizi qaranlığa məhkum etmək istəmələridir. 
 
Bir düşünün, sizin hicabınız uğrunda başının partlamasına razı olan yoldaşınız axırıncı dəfə sizə nə vaxt bir qızılgül alıb?
 
Nə vaxt sizi teatra aparıb? Nə vaxt onunla “Əli və Nino” kitab mağazasına daxil olmusunuz?
 
Özünüzün dəyərinizi yüksək tutun.
 
Necə ki, böyük Mustafa Kamal yazırdı:
 
“Ey qəhrəman türk qadını, sən yerdə sürünməyə deyil, omuzlar üzərində göylərə yüksəlməyə layiqsən”.
 
Dilqəm Əhməd
Kultura.az
Yuxarı